adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 22:23
38468
ELM VƏ TƏHSİL
A- A+

İnternet problemi: distant təhsil belə təşkil olunacaq

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının​ Qanununun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə​ və ya hərbi​ vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər.​

Bu sözləri Axar.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova dərslərin onlayn keçirilməsi qərarı ilə bağlı 2 noyabrdan etibarən internetin tam həcmdə bərpa edilib-edilməyəcəyi sualına cavab olaraq deyib. O bildirib ki, fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.

Onu da qeyd edək ki, sözügedən məhdudiyyət müvafiq elektron kommunikasiya vasitələrinə tətbiq olunub. Ölkəmizdə distant təhsil prosesinin həyata keçirildiyi elektron platformaların fəaliyyəti məhdudlaşdırılmayıb. Ali təhsil müəssisələrinin tələbələri və orta ümumtəhsil məktəblərinin şagirdləri heç bir çətinlik çəkmədən distant təhsil prosesində iştirak edə bilərlər.

Eyni zamanda diqqətinizə çatdıraq ki, hazırkı dönəmdə distant təhsilin tətbiqi fonunda internet xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə​ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi​ tərəfindən bütün zəruri işlər həyata keçirilir”.