adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 23:00
39224
İQTİSADİYYAT
A- A+

Avropa iqtisadiyyatı yeni zərbənin astanasında

Almaniya və Fransada karantin tədbirlərinə görə Avropa daha da böyük bir iqtisadi tənəzzülə hazırlaşır.

CNBC-nin məlumatına görə, “High Frequency Economics”in analitikləri belə bir proqnoza çıxış ediblər.

Onların sözlərinə görə, ikinci koronavirus dalğası ilə mübarizə üçün yeni tədbirlər işsizliyin çoxalmasına, bir çox müəssisənin bağlanmasına və hətta dövlət borcunun artmasına səbəb ola bilər. Bundan başqa biznes və ev təsərrüfatları uğursuzluğa düçar olacaq.

Məhdudlaşdırma qərarı, işlərinin bərpasına təzə-təzə başlayan restoranlara, barlara, kinoteatrlara və pərakəndə satış mərkəzlərinə yeni zərbə vurub.

“Bu şok, xüsusilə ilin ən vacib vaxtında - tətillərdən əvvəl bağlanan kiçik və orta müəssisələr üçün dəhşətlidir”, - deyə “HEC Paris” biznes məktəbinin iqtisadiyyat professoru Tomaş Mixalski vurğulayıb.

İqtisadçıların proqnozlarına görə, Fransa ÜDM-i dördüncü rübdə xeyli, bəlkə də 3-4 faiz azalacaq.

Karantin tədbirləri həmçinin, Almaniyanın ÜDM-də azalmağa da səbəb olacaq (əvvəlki rüblə müqayisədə ən azı 0,5 faiz).

Analitiklər ən çox zərbənin mədəniyyət və turizm sektorlarına vurulacağını söyləyirlər. Mart-avqust ayları arasında restoran ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox azalıb.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel noyabrın 2-dən etibarən ölkədə yeni sərt karantin tətbiq elan etdi. Yeni məhdudiyyətlərə bar, restoran, teatr və kinoteatrların bağlanması daxildir.

Karantin həmçinin, Fransa daxilində 30 oktyabr - 1 dekabr tarixləri arasında tətbiq olunacaq. Dövlət qurumları, universitetlər bağlanacaq, xüsusi toplantılar və mitinqlər məhdudlaşdırılacaq. Eyni zamanda uşaq bağçaları, məktəblər, kolleclər və liseylər açıq qalacaq, onlarda sanitariya tədbirləri gücləndiriləcək.