adalet.az header logo
  • Bakı 7°C
31 Oktyabr 2020 10:53
29784
GÜNDƏM
A- A+

32 GÜNÜN MEDİA ÖZƏTİ

Sosial şəbəkələrdə tez-tez Azərbaycan telekanallarını tənqid edirlər ki, bizimkilər yatıb, onların əvəzinə Türkiyə televiziyaları işləyir. Xeyr, əzizlərim, belə deyil. Azərbaycan televiziyaları hərəsi azı 3-4 qrupla cəbhə bölgəsində fədakarcasına çalışır, çox gözəl iş nümayiş etdirirlər.

 

Bəs niyə bu gözə görünmür? Bəs niyə bizim bəxtsiz jurnalistlərin yatdığını düşünürsünüz? 

 

Əvvəla maddi-texniki baza Türkiyə kanallarının çəkiliş qruplarında olduğu kimi deyil. Simsiz ötürücülər vasitəsilə efirə bağlanmaq üçün istifadə olunan avadanlıq, qurğular bəzi kanallarda dərhal canlı efirə bağlanmağa imkan verir, bəzən yox. Bəzi cihazlar məhz ön xəttdə internet məhdudiyyəti olduğu üçün işləmir. Çünki bu qurğular adətən internet və hətta mobil internet üzərindən işləyir, siqnalın ötürülə biləcəyi yer hadisə yerindən uzaq ola bilir. Bizdə niyə o ‘əjdahadan’ yoxdur? Bu artıq məsələnin başqa tərəfidir. Türkiyə kanallarının illlərdir çalışdığı ekstremal situasiyalarda (terror, müharibə və s) biz heç vaxt işləməmişik. Onların da başına gəldikcə, zərurət yarandıqca, tələbata uyğun avadanlıq alıblar və hamımız bilirik ki, son 5-6 ildə bu texnoloji irəliləmənin hesabına Türkiyənin bütün kanallarının xəbərlər sistemi reportaj üslubundan canlı yayımlar janrına keçib. II Qarabağ müharibəsi öyrətdi ki, bizim də TV-lərin bu texnoloji sıçrayışlarla ayaqlaşmasının zamanı gəlib, hətta keçib... 

 

Ümumiyyətlə, Azərbaycan teleməkanı dünya video-audio sahəsinin texnoloji inkişaf mərhələsinin hansı pilləsindədir-bunu hamı bilir... Biz hələ də tam olaraq HD məhsul istehsal edə bilməyən və ya bəzən HD formatda hazırladığı məhsulu HD formatda yayımlaya bilməyən bir teleməkana sahibik. Müharibədən bir müddət əvvəl MTRŞ sədri öz müsahibəsində teleməkanın hər sahədə çatışmazlıqları haqda çox obyektiv müsahibə vermişdi.... Bir sözlə gündəmə uyğun avadanlığımız yoxdur və ya azdır... amma bu o demək deyil ki, jurnalistlər bacarıqsızdır, qeyri-peşəkardır. Xeyr! Məsələ başqadır. 

 

Bu gün məhz Qarabağ müharibəsində bizi Türkiyə kanallarından zəif göstərən təkcə maddi-texniki baza, əlimizdə hər uca dağın başından, hər dərin dərənin dibindən siqnal ötürə bilən qurğuların olub-olmaması deyil. Biz sizin gözünüzə ona görə zəif görünürük ki, cənab tamaşaçı, münaqişə tərəfi mediası olaraq müəyyən məhdudiyyətlər çərçivəsində işləməliyik. Bu məhdudiyyətləri biz yaratmamışıq, bütün dünyada-harada münaqişə varsa, orada bu qaydalar mövcuddur və bu qaydalara riayət etməyən jurnalist, operator cəbhə xəttindən uzaq tutulmalıdır.

 

Qısa desək, bu qaydalar ondan ibarətdir ki, münaqişə tərəfini təmsil edən jurnalist aşırı emosionallıq, təmkinsizlik, təlaş nümayiş etdirə bilməz. O bütün hallarda soyuqqanlı olmalıdır. Soyuqqanlı olduqda isə sönük və maraqsız görünür)))

 

Xüsusilə o halda ki, onun yanında öz kanalının efirinə çıxan türk həmkarı emosiyalarını saxlamır. ‘Bir çocuk çıkdı, üzü kan içinde idi, elleri elimə dokundu’ deyə həyəcanını gizlətməyən türkiyəli xanım həmkarımızın yanında yerli müxbirlərin soyuqqanlı davranışı tamaşaçı üçün baxımlı deyil. Biz müəyyən qaydalara riayət edərək çərçivələr daxilində hərəkət etməliyik, onlar isə sərbəstdir. 

 

Daha bir məqam Türkiyə mediasına yerli KİV-dən daha çox imkan yaradılmasıdır. Bu isə zərirətdir. Unutmamalıyıq ki, dünya bir münaqişə haqda həqiqətləri əsasən münaqişə tərəflərinin mediasından deyil, daha neytral mənbələrdən almağa çalışır. Çünki, dünyada hesab edirlər ki, hər bir tərəf öz maraqlarına uyğun informasiya təbliğatı aparır. Ona görə də tərəflərdən hər birini mediası diqqətlə izlənsə də, heç birinin informasiyası mütləq həqiqət kimi qəbul edilməyə bilər, bəzən (məhz Qarabağ münaqişəsinə münasibətdə) hər dövlət kimi dəstəkləyirsə onun informasiyasını da görür və eşidir. Onların görə və eşidə biləcəyi yollardan istifadə etmək mütləq şərtdir. Biz özümüz deyib, özümüz eşidəcəyiksə, ən yüksək texnoloji imkanlarla işləsək də, bunun heç bir əhəmiyyəti yoxdur.

 

Biz I Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüşdük, amma döyüşü uduzmuşduq, amma həmin dövrdə informasiya cəbhəsində heç döyüşə də bilməmişdik, elə bəri başdan uduzmuşduq - çünki resurslarımız yox idi, dünyaya çıxışımız məhdud idi, tərəfdarlarımız və tərəfdaşlarımız yox idi, dəstəyimiz yox idi, sözümüzü deyən yox idi. İndi isə VAR! Türkiyə mediası bu savaşda bizim dünyaya açılan pəncərəmizdir!

 

Türkiyə mediasına daha geniş imkanlar yaradılması ona görədir ki, bu nəhəng resursun imkanları ilə dərdimizi, sözümüzü, haqq işimizi dünyaya çatdıra bilək. Biz desək eşitməyəcəklər, biz deyəni çox vaxt eşitmirlər. Amma Türkiyə mediasını eşidirlər. Türkiyə mediasının Böyük Vətən Müharibəmizdə misilsiz fədakar fəaliyyəti bizim üçün tarixi şansdır. Etiraf edək ki, Türkiyə mediası heç vaxt Azərbaycanla bağlı bu dərəcədə vahid, sistemli, mərkəzləşmiş, təşkilatlanmış şəkildə işləməyib. Bu İLKdir və Möhtəşəmdir. Bunu kim düşünübsə, onun zəkasına Allah daha da qüvvət versin.

 

Türkiyə KİV-lərinin bu gün Azərbaycan üçün gördüyü iş ermənilərin ‘qara kabusuna’ çevrilən F-16-lardan da qüvvətlidir və lazımlıdır. Türkiyə mediası bu gün bizim dünya informasiya məkanında F-16-mızdır!!! 

 

Nə qədər ki, dünya mediasında şəbəkələmiş dostlarımız azdır, özümüzün xaricidilli yazarlarımız barmaqla sayılar, beynəlxalq əhəmiyyətli media qurumlarında söz sahibi olan həmyerlilərimiz yoxdur, bu məqamda Türkiyə mediası bizim haqq savaşının dünya auditoriyasına yeganə çarçısıdır.

 

Dünya auditoriyası deyəndə söhbət ekran qarşısındakı tamaşaçıların sayından getmir. Burada çox detallar var. Məsələn, birini deyim. Hər bir ölkədə olan diplomatik korpuslar, beynəlxalq qurumların nümayəndəlikləri, müxtəlif təşkiların təmsilçilikləri və s. öz ölkələrinin dövlət orqanları, XİN-ləri, öz üst qurumları üçün olduqları məmləkətdə baş verən hər bir məsələ, hadisə haqda gündəlik, həftəlik hesabatlar verirlər. Həmin hesabatlar, məlumat axını dövlətlərin həmin baş verənlərə münasibətinin formalaşdırılmasında informasiya bazasını təşkil edən mənbələrdən biridir. Təsəvvür edək ki, Türkiyədə nə qədər bu cür struktur var, eyni zamanda Türkiyə boyda dövlətə həftə ərzində nə qədər gəlib gedən, televiziya kanallarına baxanlar var. Və bu seqment üçün son 32 gündə Türkiyə kanallarında 3 prioritetdən birinin daim Qarabağ savaşı mövzusu olması Azərbaycan üçün ideloji mübarəzədə çoxminlik orduya bərabər bir işdir.

 

Bu tarixi missiyasına görə Türkiyə mediasına yalnız alqış və təşəkkürlər düşür. Sağ olun, qardaşlar!

 

Cumhuriyyət gününüz mübarək olsun! 

 

Yaşasın Azərbaycan Türkiyə Qardaşlığı 

 

Səadət H. Məmmədova