adalet.az header logo
  • Bakı 7°C
31 Oktyabr 2020 11:53
24502
GÜNDƏM
A- A+

ERMƏNİ XİSLƏTİ - Təranə Musayeva yazır

İşğaldan azad olunmuş kəndə uzaqdan baxanda illərlə qəfəsdə qalmış insanın azadlığa çıxmış təsəvvürü yaranırdı. Başboş itlərdən, küncdə-bucaqda eşələnən toyuq-cücədən, çəpərlərin üstündə oynaşan sərçələrdən başqa boş qalmış yurd yerində hənirti yox idi. Bu yurdun əsl sahiblərinin gəldiyini eşidən köksüzlər  qaçarkən xislətlərindən əl çəkməmişdilər. Evlərinin qarşısındakı talvarları dağıltmiş, taxta qapıları, şüşə və güzgüləri qırmış, nəinki həyətlərindəki, hətta kəndin yaxınlığında əl çatan ağacları baltalamışdılar!
Halbuki Türklər otuz il öncə buralardan qaçqın düşəndə bir çöpü belə sındırmadan getmişdilər. Əslində bu təbii idi. Türklər dədə-baba ocaqlarına qayıdacaqlarına inancları elə böyük, elə çox idi ki, nəinki ağacı, heç ağacdakı bir yarpağl da incitmədilər. Qayıtdıqlarında o ağacın, o evin, lap elə o qapı-bacanın üzünə baxmağa həya saxladılar. İllərlə içində qızındıqları ocaqlarına, evlərinə, meyvəsini yedikləri ağac və kollara xəyanət etmək xəyallarına belə gəlmədi. Düşmən isə bütün bunları qeyri-ixtiyari edirdi. Dədə-baba torpaqları olmayan bu yerlərə dönüşlərinin artıq imkansız olduqlarının fərqində olduqlarından hər alçaqlığa əl atıb, cəbhədə qarşılarında duruş gətirə bilməyib qaçmağa məcbur olduqlarının acığını beləcə çıxıtdılar...
Biri leytenant olmaqla üç əsgər kəndi gəzir, boş, viran qalmış evləri gəzir, gördükləri mənzərə qarşısında təəccüblərini gizlədə bilmirdilər. Kənd 28-30 yaşlarında olan leytenantın doğulub bir yaşında məcburən çıxdığı kənd idi. Kəndi ata-anasını, yaxınlarının söhbətlərindən yaxşı tanıyırdı. Evlərinin yerini gözübağlı tapa bilərdi, necə ki tapmışdı.
Darvazadan içəri girəndə gözlərini yumub əli ilə qapını sığallayıb sağ tərəfə aparıb boşluqdan içəri salıb içəridəki cəftəni qaldırıb qapını açdı. Babasının düzəltdiyi qapını açdıqdan sonra həyətə girəndə gözünün ilk axtardığı anasının öz əliylə evin qarşısında  əkdiyi yasəmən ağacı oldu ki, onu görə bilmədi. Səhv edə bilməzdi. Bu ev barədə hər gün, hər saat söhbətlər olurdu. Yasəmən ağacının yeri boş idi...
Anasının xatirələrinin əlindən tutub otaqları bir-bir gəzdi. Dəhlizin başındakı iri otağa girəndə diksindi. Köhnə divanda bir qarı oturub gözlərini qapıya dikmişdi. Oturuşundan, baxışından onları gözlədikləri bəlli idi. Yaxınlaşıb rus dilində salam verdilər.
- Salam. Xoş gəldiniz - təmiz Azərbaycan dilində deyilən sözlər onları heyrətə saldı. - Təəccüblənməyin, mən Bakıda yaşamışam, dilinizi sizdən yaxşı bilirəm.
- Hamı gedib, siz niyə qalmısız?
- Ay oğul, mən daha onlara lazım deyiləm. Pulum yox, bir bu evim vardı, onu da sizinkilər gəlib aldı. Məni niyə aparsınlar? Qoydular elə öz evimdə ölüm.
- Bura sizin eviniz deyil! Bu evi mənim babam tikib - öz atasının torpağında! Ona da öz babasından qalıb. Sizin necə olur?!
Qarı bir az susub:
- Sən Yaqubun nəvəsisən?
Leytenant təəccüb içində:
- Bəli. Amma siz bunu hardan bilirsiz. Bakdan gəldiyinizi dediniz axı.
Qarı otaqdakı tək pəncərənin yanına qoyulmuş şkafın alt gözünə işarə elədi. Leytenant cəld əlini atıb ordan bir albom çıxaranda rəngi sapsarı saralmışdı. Bu ailənin qaçqınlıq dönəmində itirdiklərini düşündükləri ailə albomları idi, içində dəyərsiz şəkillər vardı. Səhifələrini aralayıb doğma üzləri görəndən sonra üzündəki sevinc yaşlarını əsgər yoldaşının verdiyi dəsmalla silib üzünü qarıya tutdu:
- Sizin üçün nə edə bilərəm?
Qarı astaca ayağa qalxıb:
- Ömrümü xərcləyib bitirmişəm. İcazə verin əzrayılı öz evimdə - (leytenanta baxıb başını aşağı dikdi) - bu evdə gözləyim. Gəzə bilmirəm. Ayaqlarım tutmur. Mənə toxunmayın. Yaşım doxsana çatıb. Çox güman ki döyüşlər bitdikdən sonra siz ailəliklə öz evinizə qayıdanda məni burda görməyəcəksiz.
- Olsun. Yaşayın burda. Biz sizə toxunmarıq - deyib leytenant otağa göz gəzdirib yoldaşları ilə bərabər qapıya tərəf gedəndə eşidilən səsdən qulaqları batdı!..
Leytenantı düz kürəyindən güllələyən Qarı əlindəki ov tüfəngiylə otağın ortasında dayanmışdı...