adalet.az header logo
  • Bakı 7°C
31 Oktyabr 2020 16:19
34480
ANALİZ
A- A+

Ekspert: “Tələ” bağlananda Yerevan konkret substantiv danışıqlar aparmaq istəyəcək”

Rusiya Dağlıq Qarabağ məsələsində bitərəf mövqe tutur. Rusiya Prezidenti Vladimir Putin “Rossiya zovyot” VTB investisiya forumundakı çıxışında qeyd edib ki, ATƏT-in Minsk qrupunun bu hərbi münaqişədən əvvəlki fəal işi dövründə əvvəlcə beş rayonun, sonra daha iki rayonun Azərbaycana qaytarılması məsələsi gündəlikdə idi. Bu, vəziyyətin sadələşdirilməsi üçün siyasi addımlardan biri idi. Bu gün Azərbaycan Ordusu de-fakto bu məsələləri özü yerinə yetirir.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan hər bir halda yeddi rayonu azad edəcək:

“Əgər Ermənistan məsuliyyətli olsaydı, bu əraziləri Azərbaycana siyasi yolla qaytarmağa razılaşardı. Lakin bu gün Azərbaycan həmin torpaqları hərbi yolla qaytarır, hər iki tərəfdən insanlar həlak olur.

Əgər Yerevan özünü məsuliyyətli aparsaydı, əgər o, Madriddə və Kazanda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu cür qurbanlar olmazdı. Prezident Vladimir Putin də təsdiq edib ki, bu məsələ müzakirə edilmişdi və reallaşdırılmalı idi. Lakin Yerevanın inadkarlığı ucbatından bu məsələ sülh yolu ilə həll edilmədi”.

“Azərbaycan bir-birinin ardınca qələbələr qazanır. Bu, Yerevanın daha konstruktiv olması üçün ona təsir edəcəkmi? Zənnimcə, çətin ki, belə olacaq. Mənim fikrimcə, Laçın alınmayınca, Laçın dəhlizi bağlanmayınca, Yerevan öz qoşunlarını Qarabağdan çıxarmaq barədə siyasi saziş imzalamaq məsələsini heç nəzərdən keçirməyəcək.

“Tələ” bağlananda və erməni qruplaşması mühasirəyə alınanda, bax o vaxt ola bilsin ki, müəyyən siyasi razılaşmalar əldə ediləcək. Hələlik isə düşünürəm ki, erməni qoşunlarının müqaviməti davam edəcək”, - ekspert əmindir.

İ.Korotçenko vurğulayıb ki, Yerevan hələ də üçüncü tərəfi hərbi qarşıdurmaya cəlb etməyə çalışır. O deyib:

“Hazırda Paşinyan hərbi iflas həddindədir. Paşinyan artıq Türkiyəni münaqişəyə cəlb etmək, sonra isə kömək üçün Moskvaya müraciət etmək kimi cəhdlər göstərib, lakin ona rədd cavabı verilib. Bu fakt barədə sadəcə KİV-lərdə məlumat verilməyib.

Paşinyan Putindən qoşun yeridilməsini xahiş edib və ona rədd cavabı verilib. Moskvadakı erməni lobbisi müvafiq informasiya mənzərəsi yaratmaq üçün 10 milyonlarla dollar sərf edib. Onlar qışqırırdılar ki, Rusiya desant əməliyyatı, artilleriya zərbələri və ya qoşun yeridilməsi yolu ilə Ermənistanı müdafiə etməlidir.

Bu cür hay-küyün xeyri olmadı və bu gün də yoxdur. V.Putin çox səliqəli, sağlam mövqe tutdu. O dedi ki, münaqişə Ermənistanın ərazisində getmir, buna görə də Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməsi üçün əsas yoxdur.

Paşinyan isə belə əsaslar yaranması üçün Azərbaycanın şəhərlərinə zərbə endirir. O ümid edir ki, Bakı buna dözməyəcək, cavab zərbəsi endirəcək və bu, Ermənistanın hərbi kömək üçün KTMT-yə müraciət etməsinə imkan verəcək. Prezident İlham Əliyev isə deyib ki, biz vicdanla, döyüş meydanında vuruşacağıq. Beləliklə, Paşinyan öz problemləri ilə tək qalır”.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib:

“Azərbaycan işğalçıları öz ərazisindən güc tətbiq etməklə sıxışdırıb çıxardığı şəraitdə yeni siyasi reallıq yaranıb. Prezident İlham Əliyev bu yeni siyasi reallığı bəyan edərək deyib ki, ermənilər Dağlıq Qarabağda siyasi muxtariyyət alacaqlar. Azərbaycanın ərazisində ikinci erməni dövləti olmayacaq. Hər şey tamamilə açıq-aydın deyilib. Ermənistan məğlubiyyətə uğrayan tərəfdir. Lakin o, məğlub olduğunu etiraf etmək istəmir.

Məğlubiyyət elə olmalıdır ki, Ermənistan real olaraq hansısa sazişləri imzalamaq istəsin. Bir daha təkrar edirəm, hazırda hər şey hərbi yolla həll edilir. Erməni hərbi qruplaşmalarının ətrafındakı “tələ” bağlananda Yerevan artıq konkret substantiv danışıqlar aparmaq istəyəcək ki, erməni qoşunlarının Qarabağı tərk etmələrindən ötrü dəhliz açılsın.

Yəqin ki, o vaxt bu cür danışıqlar mümkün olacaq. Lakin onda danışıqlar artıq Azərbaycanın irəli sürdüyü şərtlər daxilində aparılacaq”.

Digər Xəbərlər