adalet.az header logo
  • Bakı 6°C
31 Oktyabr 2020 19:39
52045
HÜQUQ
A- A+

Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib

Əvvəllər xəbər verildiyi kimi, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

Baş Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, istintaq zamanı Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən muzdlu Vaaqn Çaxalyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində rayon məhkəməsi tərəfindən qiyabı olaraq həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilmişdir.

Bəzi kütləvi informasiya vasitələrində Vaaqn Caxalyanın döyüş əməliyyatları zamanı öldürülməsi, habelə Gürcüstan Respublikasının vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatlar yayılmışdır.

Bununla bağlı aparılan araşdırma zamanı Gürcüstan Baş Prokurorluğundan alınmış şifahi məlumata əsasən məlum olmuşdur ki, Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmiş, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam vermişdir. Daha sonra Vaaqn Çaxalyan Gürcüstanın müvafiq dövlət qurumlarına müraciət edərək həmin ölkənin vətəndaşlığının bərpa edilməsini xahiş etmiş, lakin 2020-ci ilin iyun ayında onun müraciətinə mahiyyəti üzrə baxılmaqla imtina edilmişdir.

Vaaqn Çaxalyanın öldürülməsi ilə bağlı 25.10.2020-ci il tarixdə Gürcüstan media səhifələrində yayılmış məlumatla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Gürcüstan Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində həmin məlumat öz təsdiqini tapmamışdır.

Hətta bundan bir neçə gün sonra V.Çaxalyanın “Facebook” sosial şəbəkəsindəki hesabında döyüş əməliyyatlarında iştirakını davam etdirməsinə dair informasiya yerləşdirilmişdir.

Odur ki, Vaaqn Çaxalyanla əlaqədar istintaq edilən cinayət işi üzrə Gürcüstan Baş Prokurorluğuna hüquqi yardım haqqında rəsmi vəsatət verilmiş və vəsatətin icrası ilə bağlı Gürcüstan Baş Prokurorluğu ilə mütəmadi olaraq əlaqə saxlanılır.

Hazırda Vaaqn Çaxalyan beynəlxalq axtarışda olmaqla Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi üzrə istintaq davam etdirilir.