adalet.az header logo
  • Bakı 13°C

“Mən də palçıqlı çəkmələrindən öpürəm, əsgər”- Rövşən Tahir yazır

Rövşən Tahir
107582 | 2020-11-02 11:55

Salam olsun sənə, Azərbaycan Əsgəri! Səninlə hər ötən gün daha çox fəxr edirik. Çünki sən qarış-qarış torpaqlarımızı ermənilərdən azad edirsən. Çünki sən Qarabağımızın dilbər güşəsi sayılan Şuşaya doğru irəliləyirsən. Bir sözlə, tarix yazırsan, əsgər!

Vətən Müharibəsinin 37-ci günü və Azərbaycan Ordusu haqq savaşında öz sözünü deyir. Bəli, Cənab Prezidentin də dediyi kimi, biz haqq savaşındayıq və topraqlarımızı işğaldan azad edirik. 30 ildir, həsrəti ilə alışıb yandığımız Qarabağımıza geri dönürük. Sən, Azərbaycan əsgəri yaxşı anlayırsan ki, o torpaqlara analarımızı, bacılarımızı, doğma insanlarımızı sənin əzmin, qüdrətin qaytaracaq.  Odur ki, əzmin heç bir zaman tükənməsin, əsgər!

İndi sən Xarı Bülbülə qovuşmağın bir neçə kilometrindəsən. Xarı Bülbül boynu bükük halda səni gözləyir. Sənin Şuşaya qədəmlərin dəydiyi gün o da məğrur dayanacaq. Sənin cəbhədə məğrur dayandığın kimi. Şuşanın astanasındasan. Artıq sən bizim neçə-neçə şəhərimizi, rayonumuzu, kəndlərimizi düşmən tapdağından azad etmisən. Əminəm ki, qələbə dolu əzminlə Şuşanı da tezliklə azad edəcəksən. Yorulmayasan, Azərbaycan əsgəri!

Sən ermənilər üzərində ardıcıl qələbələr qazanırsan. Bu gün sən Ermənistanın vandalizm və terrorizminə qarşı müqavimət rəmzinə çevrilmisən. Məhz sənin müqavimətin sayəsində yağı düşmən bizə nəsə edə bilmir.

Əməkdar jurnalist İradə Tuncay yazır: “Tozlu, palçıqlı çəkmələrindən öpürəm, əsgər”. Mən də sənin tozlu, palçıqlı çəkmələrindən öpürəm, əsgər. Haqq davası apardığınız üçün siz alnıaçıqsınız. Siz, Azərbaycanın cəsur oğulları bir az öncə də qeyd etdiyim kimi, tarix yazırsınız. O tarixdə sən, əsgər komandirinə “Vur komandir, vur!” deyirsən, düşməni isə öz komandirinə yalvardıb “Dur komandir, dur!” dedirtdirirsən. “Vur komandir, vur” deyib aldığın hər bir əraziyə görə sənin qarşında baş əyirəm. Allah səni qorusun, Azərbaycan əsgəri!

TƏQVİM / ARXİV