adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BİR PAYIZ SƏHƏRİ

FAİQ QİSMƏTOĞLU
66067 | 2020-11-02 13:15

... Bu səhərin gəlməyini və açılmağını biz nə az, nə çox düz 27 ildir gözləmişik. Gözləmişik ki, bir gün səhər açılacaq və biz işğal altında olan rayonlarımızı, şəhərlərimizi, qəsəbələrimizi və yaşayış məntəqələrimizi bir-bir azad edəcəyik. Biz də artıq o deyilən və işğal altında olan rayonumuzun 4-nü erməni işğalından təmizləmişik. 4 şəhər – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, eləcə də  3 qəsəbə işğaldan azad olunub. 200-ə yaxın yaşayış məntəqəmiz erməni terrorçularından təmizlənib. Bu təmizlənən və azad olunan kəndlərimizdə indi açılan payız səhərini erməni nəfəsi murdarlamır. Və açılan bu payız səhərinin təmiz havasını Azərbaycan əsgəri udur... Onun təmiz suyunu öz əsgərlərimiz içirlər... O torpağın üstündə Azərbaycan əsgəri dayanıb və əzəmətlə, qürurla işğal altında olan digər torpaqlarımızı azad etmək üçün döyüşə atılırlar. Və biz tezliklə Laçının, Kəlbəcərin, Şuşanın, Ağdamın işğaldan azad olunması xəbərini eşidəcəyik. Artıq biz Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyevin bu xoş xəbərlərlə xalqımızı sevindirməyinə öyrəşmişik. Çünki hər açılan səhərə, hər boylanan günəşə böyük ümidlə baxırıq. Və bu ümidlər bizi zaman-zaman böyük QƏLƏBƏYƏ yaxınlaşdırır...

 

Horadizin qəddini düşmən əyə bilmədi

Bu gün Füzulidə çox böyük bir sevinc yaşanır. Ən azından ona görə ki, rayon mərkəzi və çoxlu sayda kəndlər işğaldan azad olunub. Və işğaldan azad olunan kəndlərin özündə də yeni bir ab-hava, yeni bir ovqat, yeni bir ruh yüksəkliyi hiss olunur. Horadiz şəhəri çox qəhrəman və igid bir şəhərdir. Ermənilər bir dəfə bu şəhəri 1993-cü ilin 23 avqustunda Füzulini işğal edərkən altını-üstünə çevirib, yandırıb külə döndərmişdilər. Ancaq axıra qədər bu şəhəri əldə saxlamağa qadir olmadılar. Çünki 1994-cü ilin yanvarın 4-də və 6-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu şəhəri yağıların işğalından azad elədi. Qısa zaman kəsiyində həm Ulu Öndərin hakimiyyəti dövründə, həm də İlham Əliyevin rəhbərlik etdiyi dövrdə bu şəhər çox möhtəşəm bir formada yenidən tikildi və istifadəyə verildi. Şəhər o qədər gözəlləşdi ki, hətta Avropa şəhərləri ilə müqayisədə bir qədər də möhtəşəm göründü. Sentyabrın 27-dən başlayan Böyük Qarabağ Savaşında ermənilər bu şəhəri yenidən raket və mərmi atəşinə tutdular. Bir neçə yerdə dağıntı yaratsa da, nə şəhəri, nə də onun mübariz insanlarının qəddini əyə bildilər. Çünki bu şəhər ermənilərlə savaşda mücadilə etdi, mübarizə apardı və öz möhtəşəmliyini bir daha yenidən göstərdi. Bu şəhərdə həyat əvvəlki kimi öz axarında davam edir. Müəssisələr, istehsalat sahələri işləyir, insanların əksəriyyəti o cümlədən də həkimlər iş başındadılar. Deməli, bu şəhərin qürurunu, qəddini ermənilərin heç bir müasir silahı əyə bilmədi, heç əyə də bilməyəcək!...

 

Aybasanlı – o qədim məkan!

 

Aybasanlı Füzuli şəhərinə çox yaxındır. Və bizim o kənddə də sayı-hesabı bilinməyən qohum-əqrəbamız var. Hətta rəhmətlik Telli nənəm Aybasanlı kəndində anadan olub və Bəhmənlidə ailə qurub. Bu kənd həmişə öz mərdliyi, mübarizliyi, dözümlüyü ilə seçilib. Ən azından ona görə ki, onun igid oğulları heç vaxt kiməsə əyilməyib. Hətta bu kənd haqqında tarixə istinad etsək və söylənilənlərə söykənsək, görərik ki, nə qədər orda comərd döyüşən insanlar olub. Kəndə hücum çəkən ayıdan da bu adamlar heç vaxt qorxmayıblar. Onunla əlbəyaxa vuruşublar, döyüşüblər və axırda da ya ayını öldürüblər, ya da ayı qorxudan başını götürüb qaçıb meşəyə. Bax, elə ermənilərlə də onlar həmişə belə döyüşüblər, belə vuruşublar. Bu kəndin bir-birindən gözəl, bir-birindən yaddaqalan yerləri, ocaqları, oymaqları olub. Və təsadüfi deyildi ki, bu kənddən o qədər istedadlı ziyalılar, alimlər, siyasətçilər çıxıb. Onlar həmişə öz elinin, obasının adını uca tutublar. Döyüş də başlayanda Aybasanlılar bu savaşa birincilər sırasında qatılıblar...

Həyatın şirinliyi

 

Böyük Bəhmənli Füzulinin ən iri kəndlərindəndi. Və döyüş başlayandan bu kəndin gəncləri, cavanları hamısı ayaq üstə duraraq ön cəbhəyə arxa olublar. Və kəndin çoxlu sayda oğlanları bu gün demək olar ki, elə ön cəbhədə qəhrəmancasına döyüşürlər. Ən azından ona görə ki, elə Bəhmənli özü də cəbhənin bir addımlığındadı. Dəfələrlə ermənilərin atdığı raket və mərmilər bu kəndin yaxınlığına düşüb. Ancaq kənd camaatından bir nəfər olsun belə yerindən tərpənməyib. Bəhmənlilər deyirlər ki, biz yurd yerinin itirilməyinin həsrətini çox çəkmişik. Düz 6 ay bizim kənd erməni işğalı altında olub. Və Böyük Bəhmənli ermənilərin işğal etdiyi sonuncu Füzuli kəndiydi. Bu kəndə qayıdan insanlar əlbəttə, bir də nə olur olsun, ermənilər hansı silahı atır atsın, onları yerindən heç nə tərpədə bilməz. Camaat öz işində, gücündə və məşğuliyyətindədi. Kimi pambıq əkib pambıq yığır, kimi bostan-tərəvəz məhsullarını, mer-meyvələri toplayır, kimi də mal-qarasını saxlayır. Bir sözlə, əkin-biçin öz yerində. Mənim bibim oğlu Təbriz bir hektar sahədə pambıq əkmişdi. Artıq sahədən bütün pambıq toplanıb və qəbul məntəqəsinə göndərilib. Üstəlik də ötən ildəki kimi, bu il Təbriz Süleymanov daha yüksək məhsuldarlıq əldə edib. Yəni ön cəbhədə döyüş getsə də, bu gün arxa cəbhə ön cəbhəyə söykəkdi və hər kəs öz üzərinə düşən işi görür.

 

Şəhid anası oğlunun üzünə baxdı...

 

Bu gün hər bir şəhidin qanı tökülən yerdə  sabah bir çiçək bitəcək, bir gül açacaq, bir yasəmən boylanacaq. Şəhidlərin qanı daman yerdə onlar yenidən dünyaya gələcək, yenidən bizə qoşulacaq və yenidən bizimlə bir olacaqlar. Bu gün kimin qapısına şəhid gəlirsə, o, bu xalqın ən böyük övladı, ən böyük qəhrəmanıdı. Qapısına oğlunun cənazısi gətirilən şəhid anası icazə istəyib oğluna baxıb. Görüb ki, oğluna güllə arxadan yox, ürəyindən dəyib. Ana ağlamayıb. Oğlunu bağrına basıb deyib ki, südüm sənə halal olsun! Bu Vətən yolunda gülləyə kürəyini yox, ürəyini vermisən. Mənim oğlum ölməyib. Çünki o, bu Vətəni, bu torpağı hər şeydən üstün tutub. Ona görə də oğul, südümü sənə halal eləyirəm! Sən bizim başımızı ucaltdın, dərdimizi yüngülləşdirdin, torpağımızı azad elədin. Tay sən mənim oğlum deyilsən, sən bu Vətənin, bu dövlətin, bu xalqın oğlusan!

 

Üzümü evimin daşına sürtəcəm

Bu sözləri mənə Füzulinin işğaldan azad olunmuş Horadiz kəndinin sakini Nəcəf Məmmədov deyir. Deyir ki, qohumlarımızdan bir neçəsi kəndimizdə olub. Amma bir dənə olsun salamat ev tapmayıb. Qayıdanda da dedi ki, min şükür, yenə evlərimizin daşı durur. Elə evlər var ki, heç daşı da qalmayıb. Hamısını binamuslar daşıyıb aparıblar. Amma quru yurdumuz da bizim üçün çox doğmadır. Çünki o yerlərdə, o cığırlarda, o izlərdə bizim hər bizimizin uşaqlığı qalıb. Rəhmətə getmiş atamın, anamın xatirələri və isti nəfəsi bəlkə də yanmış və dağıdılmış evimizdə hələ də dolanır. Mən kəndimizə dönəndə birinci qəbiristanlığa gedəcəm, sonra evimizə baş çəkəcəm. Hətta evin açarını da düz 27 ildir saxlayıram. Bilirəm ki, evimiz yoxdur, bircə daşı qalıb. İməkliyə-iməkliyə, sürünə-sürünə o dağıdılmış, o yandırılmış evimizə sarı gedəcəm, sonra onun hisə-pasa batmış daşına üzümü sürtəcəm və qucaqlayıb hönkür-hönkür ağlayacam. O daşı qucaqlayanda elə bil ki, dünyasını dəyişmiş atamı-anamı bağrıma basacam. Min şükür ki, kəndimiz Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilib. Mənim kimi minlərlə insan bu sevinci yaşayır. Quru yurda qayıdaq, görün Allahın köməkliyi ilə qısa zaman kəsiyində orada hansı işlər görəcəyik?! Bizim camaat çox qoçaq, zəhmətkeş insanlardı. Heç bir-iki il keçməyəcək özümüz orada bir gülüstanlıq yaradacağıq ki, gəl görəsən...

 

Güllərin ətri

 

Bakı-Horadiz yolu ilə hərəkət edərkən həmin istiqamətdə sağda və solda güllər və çiçəklər əkilib. Bir-birindən gözəl çinar ağacları, bəzək kolları, güllər və çiçəklər adama gəl-gəl deyir. Atılan raketlərin zərbəsi, atılan mərmilərin təsiri bu güllərə, çiçəklərə də öz gücünü göstərib. Amma o güllərin, çiçəklərin gözəlliyini, ətrini bənzərsizliyini məhv edə bilməyib. Çünki bizim ağaclarınız da, güllərimiz  və çiçəklərimiz də mərddilər və insanlara sadiqdilər. Müharibənin ab-havası bura öz nəfəsini göstərsə də, ancaq bayaq dediyimiz kimi, o güllərin, o çiçəklərin gözəlliklərini əlindən ala bilməyib. Yenə Horadizə gedəndə, yenə o əyilməz, qürurlu şəhərə baş çəkəndə insanlara sadiq olan bu güllərin, bu çiçəklərin ətrini yenidən hiss eləyirsən. Bir anlıq maşından yerə düşüb yolun kənarındakı o tozlu-torpaqlı gülün ləçəklərindən öpürəm. Sanki ürəyimə, dizimə yeni bir güc gəlir. Və sevinirəm ki, bu yurdumun, bu vətənimin hər qarış torpağı, hər daşı nə qədər dözümlüymüş, nə qədər möhkəmmiş. Biz heç vaxt bir qarış da olsun torpağımızı yağıya verməyəcəyik. Əksinə, işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin əlini ürəyinin üstünə qoyub dediyi bu fikir 10 milyonluq xalqın ürəyindən xəbər verir: “Qarabağ bizimdir!” “Bu torpaqlar bizim Vətəndir!” “Qarabağ Azərbaycandır!”. Cənab Prezident bu fikri 10 milyonluq xalqın ürəyindən keçənləri duyub səsləndirir. Bu gün tam məsuliyyətlə deyərdim ki, Ali Baş Komandan  10 milyonluq  xalqın ürəyindən keçənləri səsləndirir və xalqın sevimlisidir. Dünyanını heç bir yerində Azərbaycan Prezidenti qədər digər prezidentləri bütün xalq bu sevgi və bu istəklə sevə bilməz. Əgər bu gün cənab Prezident xalqa çağırış etsə, bir göz qırpımında 10 milyonluq xalq onun ətrafına toplaşacaq!

 

Payızın qaymağı

 

... Payızın qaymağı heç vaxt ələ düşmür. Xüsusən də camış qaymağı. Mən də Füzulidə, doğma kəndim Bəhmənlidə olanda həmişə payızda bu qaymağa qonaq edilmişəm. Uşaq vaxtı anamız camış qaymağının üstünə doşab tökərdi və biz də o camış qaymağı və doşabı yeyən kimi gözümüzə işıq gələrdi. Hətta o vaxt Bəhmənlidə mal-heyvan pambıq qozası yediyinə görə, camış qaymağı daha bərk olardı. O qaymağı da anam rəhmətlik qaşıqla yox, bıçaqla kəsərdi. Düzdür, bu gün həmin qaymaq olmasa da, amma ona yaxın dadlı qaymaq var. Və bu qaymağı da bəhmənlilər hər adama verməzlər. Yəni əziz qonaqları gələndə süfrəyə qoyarlar. Mən də qohumlarımgildə olanda səhər süfrəyə kənd yumurtası da gətirdilər, nehrə yağı da, camış qaymağı da. Uşaqlığım yadıma düşdü. Və camış qaymağını  boşqabda qabağıma çəkib üstünə doşab tökdüm və yedim. Elə həmin qaymağın dadını verirdi. Heç olmasa ildə bir dəfə də olsa  payızda bu camış qaymağının dadını hiss eləyirik. Allah-Təala hamıya öz ocağında, öz yurdunda bu təamı qismət eləsin. Xüsusən də işğaldan azad olunan kəndlərimizin sakinləri tezliklə ev-eşiklərinə dönsünlər, yurd salsınlar, mal-heyvan saxlasınlar və yenidən o camış qaymağının dadını hiss etsinlər...

Vətənin hər varlığı gözəldir; torpağı gözəldi, suyu gözəldi, havası gözəldi, camış qatığı da gözəldi, hətta ölümü də gözəldi! Allah-Təala bütün vətənsiz insanlara bu dediyim gözəllikləri bəxş eləsin . Və onlar görsünlər ki, Vətən, sən nə deməksən! Yurd yeri, sən nə gözəlsən! Darıxmayın, bir neçə aydan sonra hamımız  işğaldan azad olunmuş bütün yurd yerlərimizə dönəcəyik. Allah Ali Baş Komandanı qorusun!  Azərbaycan Ordusunu hifz eləsin!

 

Faiq QİSMƏTOĞLU

“Ədalət”in xüsusi müxbiri

Bakı-Füzuli-Horadiz-Bəhmənli-Bakı

 

TƏQVİM / ARXİV