adalet.az header logo
  • Bakı 13°C
06 Oktyabr 2020 17:09
38249
LAYİHƏ
A- A+

QƏLƏBƏNİN  ADDIM  SƏSLƏRİ

Bu gün hər bir ailə, hər bir ev, hər bir vətəndaş müharibədən, Qarabağdan danışır. Və arxada qalan bu 30 illik zaman kəsiyində ilk dəfədi ki, hər bir azərbaycanlı müharibə və qələbə sözünü eyni istəklə, eyni ürək yanğısı ilə dilə gətirir. Və həm də 30 ildə ilk dəfədi ki, "QARABAĞ", "AZƏRBAYCAN" deyir. Bu sözlər guruldayan topların, yağan mərmilərin, açılan atəşlərin fonunda  həm ruh yüksəkliyi yaradır, həm intiqam hissini alovlandırır, həm də qələbənin qoxusunu bizə hiss etdirir. Evinə şəhid gələn ana da, ata da bir gözü ilə ağlayıb, bir gözü ilə gülür. Çünki bu şəhid 30 il gözlədiyimiz qələbənin ilk müjdəsi, ilk daşıyıcısı və ilk yaşadanıdır.

 

Anam, bacım... can yarım

Saçına əl uzatma...

Sizlə qalır anlarım -

Yolumu gəl, uzatma...

 

Ahını bük, at suya

Axıb getsin... qurtulsun...

Ad da tap qoy, ad, suya -

Hərdən bu ad tutulsun...

Qaşınızın arası

Qoymayın ki, düyülsün...

Darıxanda xatirəm -

Üstünüzə yüyürsün...

 

Səngərdəki yerimə

Güllə dəyməz bir daha!

O yerdə olanlardan -

Danışmışam... Allaha!

 

... Anam, bacım... can yarım

Sizi tez-tez görəcəm...

İndi... var qanadlarım -

Yuxunuza dönəcəm!..

 

Heç də təsadüfi deyil ki, paytaxtın xəstəxanalarında, hospitallarında müalicə alan yaralılarla görüşərkən Azərbaycan Prezidenti, Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yaralılara şəfa diləməklə yanaşı, onların və bütün əsgərlərimizin rəşadətini xüsusi qeyd etdilər. Ali Baş Komandan bildirdi ki, "Bizim davamaız haqq davasıdır. Biz öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Mən bunu bütün beynəlxalq kürsülərdən dəfələrlə demişəm. Bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik!".

Bəli, bu bir tarixi gerçəklik və bu bir danılmaz həqiqətdir. 1988-ci ilin fevralından başlayaraq, bu ilin sentyabr ayının 27-ə kimi Ermənistan, onun hərbi-siyasi rəhbərliyi davamlı surətdə Azərbaycanın ərazilərini işğal etmiş, təxribatlar törətmiş, terror aktları həyata keçirmiş, dinc sakinləri yaşayış və mülki obyektləri, hətta sakinlərin mal-qarasını da, əkin sahələrini də atəşə tutmuşdular. Bu ardıcıl təxribatlar, bu faşist siyasəti dünyanın, xüsusilə problemi çözməli olan ATƏT-in Minsk qrupunun, yəni ABŞ, Fransa və Rusiyanın gözləri qarşısında törədilirdi.

İşğalçını yerində oturtmaq, BMT-nin məlum 4 qətnaməsinin icrasını tələb etmək əvəzinə mənasız, heç bir effekt verməyən bəyanatlar, görüşlər, danışıqlarla məşğul olan Minsk qrupu indi, yəni bu ilin sentyabr ayının 27-də ermənilərin növbəti təxribatına qətiyyətli əks hücumla cavab verən və ərazilərini iğaldan təmizləməyə başlayan Azərbaycana qarşı fəaliyyətə keçən, yəni bizi danışıqlar masasına dəvət edən, döyüşü dayandırmaq istəyini dilə gətirən ABŞ, Fransa və Rusiya bu illər ərzində görəsən harda idilər? Nəyi gözləyirdilər? Qardaş Türkiyə Respublikasının dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, "30 ildir heç bir iş görməyən Minsk qrupu indi hansı haqla Azərbaycandan atəşkəs istəyirlər? Nədən bu günə qədər susublar?". Doğrudan da çox ədalətli, çox kəskin və məntiqli sualdır. Burda tarixi bir gerçəklik də bir-bir yaddaşımda təzələnir. Belə bir deyim var: "Sülh istəyirsənsə, müharibəyə hazır ol".

Bəli, biz problemin sülh yolu ilə həllini istədik. Biz Ali Baş Komandanımızın vurğuladığı kimi, Azərbaycan torpaqlarının dinc yolla, yəni düşmən ordusunun ərazilərimizdən çəkilib getməsi ilə geri qaytarılacağına hər vasitə ilə çalışdıq. Beynəlxalq tədbirlərdə, dövlət başçıları ilə görüşlərdə, BMT-nin tribunasında, Minsk qrupunun həmsərdləri ilə olan söhbətlərdə birmənalı şəkildə ölkəmizin dünyanın qəbul etdiyi sərhədlərinin çərçivəində sülhün təmin olunmasını istədik. Çox təəssüf ki, qarşı tərəf bu istəyi dəyərləndirmədi. Əksinə, imitasiya etdi, danışıqlar xatirinə danışıqlar yolunu tutdu, təxribatlar törətdi və sonda da biz məcbur olub öz haqq işimizi öz ordumuz vasitəsilə reallaşdırmağa başladıq. İndi düşməni müdafiə eləyənlər, ona gizli-aşkar dəstək verənlər, onu silahlandıranlar şoka düşüblər. Çünki bizim bu addımı atacağımızı gözləmirdilər.

Azərbaycan prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi, "Biz başqa bir ölkənin ərazisinə iddia etmirik. Onların ərazisindəki mülki obyektləri, mülki şəxsləri, yaşayış binalarını atəşə tutmuruq. Və bizim başqa bir ölkənin hər hansı şəxsi heyətinə və muzdlu döyüşçülərinə ehtiyacımız yoxdur".

Bəli, bu gün bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan müsəllək əsgərdir. Hər kəs vəzifəsindən, ictimai-siyasi mövqeyindən, aid olduğu ictimai zümrədən, yaşından asılı olmayaraq, "QARABAĞ" deyir. Hər kəs birmənalı şəkildə Ali Baş Komandanın dünyaya verdiyi mesajı "Qarabağ Azərbaycandı nida!"nı təkrarlayıb. Bu həm də o deməkdir ki, xalq öz Prezidenti ilə, Ali Baş Komandanı ilə birlikdədir. Bu, həmrəylik Vətən naminədir, Vətən üçündür! Bu məqamda Ali Baş Komandanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralılarla görüşündə dediyi fikirləri bir daha diqqətə təqdim edirəm. Azərbaycan Prezidenti bildirdi ki, "Bu gün biz tarixi ədaləti bərpa edirik. Tarixi ədalət! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdı. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Buna bizə haqqımız çatır, bunu edirik və edəcəyik!".

Düşünürəm ki, bu iqtibasda təqdim etdiyim fikirlərdə ölkə Prezidentinin mövqeyi qətiyyətlə ortaya qoyulub. Bu həm də bütün Azərbaycanın mövqeyidir. Deməli, xalqa iqtidarın, xalqla hakimiyyətin birliyinin bariz nümayişidir. Bax, elə bu birliyi, bu həmrəyliyi görən ermənilər və onların havadarları ona görə yenidən danışıqlara can atırlar, yenidən "atəşkəs" - deyib bağırırlar. Amma artıq sözünü silahı ilə deyən Azərbaycan əsgəri qarşısına qoyulmuş vəzifəni reallaşdırmaqdadı. Azad olunan yüksəkliklər, yaşayış məntəqələri, döyüş meydanında qalan düşmənin silah-sursatı, texnikası göstərir ki, biz Şuşaya yaxınlaşırıq, biz Şuşanın qapısı önündəyik.

Prezidentimizin dediyi  kimi, müqəddəs ocağımız olan Şuşa artıq ordumuzla görüşə hazırdır. Biz bu görüş anlarını indi xəyal kimi yox, gürçəklik kimi  yaşayırıq.

 

 

Əbülfət MƏDƏTOĞLU,

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.