adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Oktyabr 2020 17:16
44571
LAYİHƏ
A- A+

Gücümüzün ünvanı - Ali Baş Komandan!

Sentyabr ayının 27-dən başlayaraq bütün dünya Azərbaycandan danışır. Dünyanın demək olar ki, bütün media məkanlarında baş mövzu Azərbaycan, baş qəhrəman Azərbaycandı. İndi hər kəs 30 illik sükutdan sonra Azərbaycanın varlığını, Azərbaycan həqiqətlərini görməyə və qəbul etməyə başalyıb.

Dünya sanki özünün "ayı yuxusundan" oyanıb. Bu da sentyabr ayının 27-də  düşmənin təxribatının qarşısını alaraq əks hücuma keçən Azərbaycan Ordusunun və bu ordunun Ali Baş Komandanın diqqətidir. Görünür, "hər şeyin zamana ehtiyacı var" müdrik kəlamı öz növbəsini gözləyirmiş. O növbə bizə də gəlib çatdı. Və biz artıq kimliyimizi, iradəmizi, qətiyyətimizi ortaya qoyduq. Bununla da təxribatlarla, həyasızlıqlarla, terrorla torpaqlarımızda işğalçılıq ömrünü uzadan Ermənistanın sözün həqiqi mənasında  şah damarı kəsildi, bel sütunu qırıldı. Düşmən gördü ki, onun qarşısında 90-cı illərin Azərbaycanı yox, bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu, Azərbaycan dayanıbdı! Heç də təsadüfi deyil ki, xalqımıza müraciət edən Ali Baş Komandanımız cənab İlham Əliyev birmənalı şəkildə vurğulamışdı ki, "Bizim mübarizəmiz haqq mübarizəsidi. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu işlərdə, bu istiqamətdə uğurlar əldə etmişik".

Bəli, həqiqətən də biz 30 il bu günü gözləmişik. Düşünmüşük ki, problemin çözümü ilə məşğul olan beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu və onun həmsədrləri ədalətin bərpası üçün qətiyyətli addımlar atacaq, BMT-nin məlum qətnaməsinin icrasını təmin edəcəklər. Çox təəssüflər ki, bu belə olmadı. Və ən acınacaqlısı da odur ki, bu gün Minsk qrupunun həmsədr ölklərindən biri, yəni Fransa özünün ermənipərəst, işğalçıya dəstək verən mövqeyini ortaya qoyub. Onun ikili siyasətinin üstü açılıb. Bu da məhz Fransa prezidentinin açıqlamaları ilə, Azərbaycana təyziq etmək  çağırışları ilə faş olubdu. Amma Azərbaycan xalqı ölkə prezidentinin də dediyi kimi, "Bu, bizə qarşı edilən haqsızlıqdı. Bu, yalan məlumat əsasında ifadə edilən açıqlamadı. Bu ya yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında deyilib, ya da ki, bu qəsdən deyilib. Bizə qarşı edilən haqsızlıq təbii ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik".

Çox maraqlıdır ki, Azərbaycanın sərt və qəti mövqeyi təkcə düşmənlərimizi yox, hətta özünü "xoşməramlı" göstərmək istəyənlər üçün də gözlənilməz oldu. Belə ki, biz beynəlxalq hüquqa, ədalətə, reallığa üstünlük verərək problemin sülh yolu ilə həll olunacağına zaman-zaman ümid bağlamışdıq. Görünür elə bu da düşmənlərə müəyyən mənada arxayınçılıq hissi aşılamışdı. Lakin Azərbaycan Prezidentinin sərt açıqlamaları, Rusiya və digər ölkələrin telekanallarındakı müsahibələri, onun mükəmməl rus və ingilis dillərində etdiyi çıxışlar hər kəsə gerçəyi açıq şəkildə göstərdi. Ən yaddaqalan məqamlardan biri də bu oldu ki, Rusiya televiziyasında sualları cavablandıran mövqeyi verilişin aparıcısını, oradakı ermənipərəst auditoriyanı da şoka saldı. Azərbaycan Prezidentindən sonra verilişin ikinci qonağı olan Ermənistanın baş naziri Nikol Paşinyan məntiqsiz, yalvarış notlu çıxışı ilə özünün və ordusunun durumunu nümayiş etdirdi. Açıq-aşkar göründü ki, ordumuzun ilk həmlələri özünü öyən, küçədən hakimiyyətə gələn Nikolu əməlli-başlı qorxuya salıb. Digər tərəfdən, onun Moskva televiziyasına müsahibə verərkən hökümət binasının işıqlarının sönməsi, bunu ardınca özünün təyin etdiyi məmurları xəyanətkar kimi vəzifədən kənarlaşdırması da bir daha sübut etdi ki, Ermənistan hakimiyyəti sözün bütün mənasında son nəfəsində can üstündədi.

Bu gün  xalqla Ordunun birliyi, hər kəsin Zəfər ruhu ilə yaşaması, hər birimizin Ali Baş Komandanın yanında olmamız dünya mediasında da, xüsusilə qardaş Türk mətbuatında geniş şəkildə təbliğ olunur. Apardığımız Böyük Vətən Müharibəsi dünyaya göstərir ki, biz döyüşməyi və qalib gəlməyi də bacarırıq.

İstər Suqovuşana sancılan, istər Cəbrayılda dalğalanan  bayrağımız göstərir ki, bu bayraq  bizi üzü Şuşaya doğru aparır.

Və deməli, xalqla ordumuzun birliyi şanlı Qələbənin təməl daşıdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın da dediyi kimi, "Biz müharibənin başlanmasına görə məsul deyilik. Dediyim kimi, biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyanatını vermişdi. Bu bəyanatda biz də işğal olunan ərazilərin qaytarılmasını tələb edir".

Doğrudan da sentyabrın 27-dən öncə  pafosla danışan, öz iddialarına sığışmayan Ermənistanın baş naziri bu gün dünya dövlətlərinin qapısını döyür. Böyük dövlətlərin başçılarına əl açıb yalvarır, onlardan kömək istəyir. Yalvarışlarında Azərbaycanı durdurmaq, Azərbaycan Ordusundan atəşkəsi tələb etmək ifadə olunur. Amma unudur ki, artıq bu ordunu yalnız Qələbə durdura bilər. Çünki bu Ordunun Ali Baş Komandanı birmənalı şəkildə bəyan edib: "Dağlıq Qarabağ bizim torpağımızdır. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Mən heç zaman imkan verməyəcəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq".

Bəli, indi Ordumuz tarix yazır. Bu tarix canımızla, qanımızla yazılır. Çünki bu tarix bütövlüyümüzdür, həm də bu tarix Qələbəmizdir. Onun da müəllifi, sərkərdəsi Azərbaycan Prezident cənab İlham Əliyevdir! Biz onunla və Ordumuzla güclüyük! Xalqımız bu gücün yanındadır!

 

P.S. Xalqımıza müraciət edən Ali Baş Komandan cənab İlham Əliyev hər birimizi təbrik etməklə Hadrut qəsəbəsinin azad edildiyini bəyan etdi. Ordumuzun şücaətindən, döyüş əzmindən danışan Azərbaycan Prezidenti vurğuladı ki, "Azərbaycan əsgəri otuz illik səbrdən, gözləmələrdən sonra düşmənə və dünyaya göstərdi ki, bizim Qarabağ problemini həll etməyə hər cür imkanımız var, biz buna qadirik. Sadəcə olaraq, biz danışıqlar yolu ilə, sülh yolu ilə məsələnin həll olunmasının tərəfdarıydıq. Ancaq Ermənistanın hərbi siyasi xuntası öz təxribatlarıyla bizi onlara cavab verməyə məcbur etdi".

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.