adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Oktyabr 2020 16:17
41833
LAYİHƏ
A- A+

Ovuc içi qədər yaxın

"Biz tarixi ədaləti bərpa edirik. Biz öz torpaqlarımızı işğaldan azad edirik. Biz müqəddəs torpaqlarımız uğrunda döyüşürük. Biz qalib gələcəyik. Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!".

Bu fikirlər artıq ölkə vətəndaşlarının hər birinin yaddaşına yazılıb. Ali Baş Komandanın xalqımıza müraciətində vurğuladığı bu fikirləri artıq dünya ictimaiyyəti də eşidib, dinləyib. Və hər kəs anlayıb ki, Azərbaycan öz torpaqlarını işğalçılardan, terrorçulardan azad etmək üçün əks hücuma keçib. Bu əks hücum da  ermənilərin kökünə birə salıb, yuxularını ərşə çəkib. Özü də təkcə onların yox, həm də onlara havadarlıq edən, onlara dəstək verən, onları silah-sursatla təmin edənlərin də... Təbii ki, sonuncuların müəyyən mənada "işləri sürətlənib". Yəni ermənini silahlandıranlar, ona silah satanlar özlərinin silah bazarlarının alış-verişini real müstəviyə köçürüblər. İndi onlar gizlin deyil, açıq şəkildə, hətta sərnişin təyyarələrindən, Ermənistan hökümətinin dövlət adamlarının xidmətində olan təyyarələrdə silah daşıyırlar. Bu silah daşımanın coğrafiyası da kifayət qədər genişdir. Belə ki, Rusiya, Fransa, İspaniya və daha neçə ölkə Ermənistanın humanitar yardım adı ilə silahlandırır. Və bunu da BMT, ATƏT, onun Minsk qrupu, eləcə də bütün dünya dövlətləri, bütün bəşəriyyət görür. Açıq şəkildə daşınan, silahlanan Ermənistan iqtidarı düşünür ki, bəlkə bu yolla Azərbaycana psixoloji təsir edib əks hücumunun qarşısını ala bilər. Amma artıq gecdir. 30 il səbr etmiş Azərbyacan xalqı, Azərbaycan hakimiyyəti indi bir yumruq kimi birləşib özünün pozulmuş hüquqlarını bərpa edir, ərazi bütövlüyünü canıyla, qanıyla tamamlayır.

"Biz nəyi və nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatlarımız böyük nəticələrə gətirib çıxartdı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində". Bəli, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu fikirləri günümüzün reallığıdır, yaşadığımız zamanın sözlə ifadəsidir. Hər bir Azərbaycan vətəndaşı kimi mən də bu 30 illik zaman kəsiyini gözlərimin qarşısında canlandırıram. Yaşadığımız ağrılı-acılı günləri, ayları xatırlayıram. Şahidlərin yaddaşında yəqin ki, zaman-zaman qalacaq gerçəkliklər var. Onlardan biri də o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayyətinə  aid olan keçmiş Hadrut və Martuni U (bugünkü Xocavənd rayonu -A.M.) ilə həmsərhəd olan kəndlərimizin ağır durumu idi. Hər cür silahlardan istifadə edən ermənilər bölgədə yerləşdirilmiş və missiyası da sülh yaratmaq olan sovet-rus ordusundan sözün bütün mənalarında yararlanaraq, kəndlərimizi, dinc sakinlərimizi atəşə tuturdular. Evlər yandırılır, təsərrüfatlara ziyan vurulur, dinc sakinlər qətlə yetirilirdi. Bu barədə Bakıya, Moskvaya müraciətlər göndərməkdən insanlar da yorulmuşdu, elə rayonun rəhbərliyi də. Gücümüz ona çatırdı ki, kənd və rayon sakinlərindən könüllü dəstələr yaradaq, gecə növbələri təşkil edək, yerli polisin köməyindən yararlanaq, müəyyən vasitələrlə silah əldə edək. Bütün bunlar təkcə maddi baxımdan yox, həm də fiziki və mənəvi baxımdan bizlərə  çox baha başa gəlirdi.Lakin yorulmurduq, dincəlmirdik...İnadla, özü də hamılıqla, necə deyərlər elliklə  kəndlərimizi, torpağımızı qoruyurduq!

Bizim üçün  ən ağrılı məqam o idi ki, rayon rəhbəri kimi gördüyümüz iş Bakıda da qınaqla qarşılanır, barəmizdə sərt fikirlər söylənilir, hətta tənqid olunurduq. Amma gerçəkliyin içərisində olduğumuzdan və adamların bizi  son ümid yeri kimi baxmasından  çıxış edərək daha çox camaatımızı düşünürdük, onların səsinə səs verirdik. Səhəri onlarla birlikdə açır, gecəni onlarla  birlikdə səngərlərdə, sərhəd kəndlərimizdə - Qacarda, Divanallarda, Qaradağlıda, Hoğada, Çəmənlidə, Yuxarı Veysəllidə və digər kəndlərimizdə qarşılayırdıq.Özü də sabaha, yəni bu günümüzə inana inana!!!Bilirdi ki, bizim də Qələbə sevincli günlərimiz gələcək! Şükürlər ki, o günlər artıq gəlib.

Bu gün səngərlərdə əsgərlərimizin göstərdiyi rəşadət, Ali Baş Komandanın sərt qərarları, ürəyimizi qürur hissilə döyündürür. İşğaldan azad  edilən torpaqlarımızın hər qarışı  bir müjdədir. Ürəklərimizi atlandıran  müjdə! Lakin bu anımızda da yaddaşıma  hakim kəsilmiş  bir məqamı unuda bilmirəm.

Bu da 30 il öncəki kimi, bu gün də dünyanın, beynəlxalq təşkilatların bizim haqqımıza, ədalətimizə laqeydliyi, onların ikili standartlardan çıxış etməsidir.

Amma onu da mütləq qeyd etməliyəm ki, bütün gücüylə dünyaya həqiqətlərimizi bəyan edən Ali Baş Komandanımız demək olar ki, hər görüşündə, hər çıxışında, hər müraciətində az qala dünya dövlətlərinin başçılarına, səlahiyyət sahiblərinə, təşkilat rəhbərlərinə birbaşa torpaqlarımızın işğal , ermənilərin işğalçı olduğunu, işğal olunmuş ərazilərimizin terror yuvasına, narkoticarət bazasına çevrildiyini deyir. Təəssüf ki, bu gerçəklik yenə də öz ünvanına elə bil ki, gedib çatmır və yaxud da onlar bunu eşitmək istəmirlər.Amma nə olur olsun  bizim SƏRKƏRDƏMİZ  həqiqəti - dünyavi ƏDALƏTİ  onlara sübut edir  və bundan sonra da edəcək. Buna heç kimin, eləcə də Azərbaycan ictimaiyyətinin şübhəsi yoxdur!

Mən iş təcrübəmdə ermənilərlə çox qarşılaşmışam. Onların xislətinə bələd olan bir şəxs kimi demək istəyirəm ki, bu gün Ali Baş Komandanımızın tutduğu yol, verdiyi qərar və tapşırıqlar mütləq həmin kar qulaqları, kor gözləri açacaq. Çünki Gəncənin dinc sakinlərini raket atəşinə tutan, Mingəçevirin, Tərtərin, Ağdamın, Ağcabədinin, Goranboyun, Daşkəsənin, Füzulinin, Beyləqanın, Tovuzun kəndlərini güllə-boran edən, top mərmiləri ilə göyə sovuran düşmən özünün layiq olduğu qiyməti ordumuz tərəfindən alacaq. Bizim sülhpərvərliyimiz heç də o demək deyil ki, şəhidlərimizin qanı yerdə qalacaq... Heç də o demək deyil ki, günahsız qocaların, qadınların, körpələrin naləsini, göz yaşını unudacağıq. Xeyr! Artıq səbrin sonu çatıb. Biz haqqımızı müdafiə edənlərin dəstəyi ilə gerçəyi hər kəsə çatdıracağıq. Biz ordumuzun gücü ilə Ali Baş Komandanımızın rəhbərliyi altında qələb çalacağıq, sərhədlərimizi bərpa edəcəyik, bayrağımızı göylərə yüksəldəcəyik. O gün uzaqda deyil. Mən o günü görürəm və o günə inanıram!..

 

Əbülfət MƏDƏTOĞLU,

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.