adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Onlar işıqlı tarix yazırlar, dünya qara don geyir - İlqar Rəsul yazır

İLQAR RƏSUL
102788 | 2020-11-06 11:51

Uşaqlarımız müharibədədi. Atalarımız yox, babalarımız yox, balalarımız. 

Bundan həssas, bundan zərif, bundan səksəkəli, bundan əndişəli, bundan qürurlu və bundan doğma nə hiss ola bilər ki? 30 il gecikmiş bu zəfər dolu savaşdan qan qoxusundan çox körpə qoxusu gəlir. Düşmənə nifrətdən çox qisasa təşnəlik quyğusu süzülür. Qarabağı azad eləmək istəyindən də çox "Böyük Ermənistan" ideyasını erməni düşüncəsində sındırmaq əzmi püskürür. 

Və bütün bu əlvan mənzərənn rəsmini bizim balalarımız hələ qarsıyıb qabarlamağa macal tapmamış əllərində od fırçaları tutaraq çəkirlər. Onlar odla zəhər yazırlar, dünya gözünün suyuyla Azərbaycan oxuyur. Onlar işıqlı tarix yazırlar, dünya qara don geyir. 

Açılası könülləri açır, güləsi üzləri güldürür, kor olası gözləri kor edir övladlarımız ön cəbhədə. Çalışaq arxada onların zəfərinə xələl gətirə biləcək davranışlara yol verməyək. Çalışaq, iki əlimiz də gözlərimiz kimi daima onların kürəyində olsun. Dilimiz onların zəfəri üçün dua etməkdən yana vaxt tapmasın ki, çaşıb belə, könül bulandırmaq imkanı olmasın. 

Hamımız əsgər çəkməsinin tozuna qurban olmağa, gözümüzün nuru ilə o çəkmələri yumağa hazırkən, bir-birimizi niyə eşitməyək ki? Eşidirik əlbəttə. Gözəl də davranırıq. Ön cəbhədə qələbə qazanmaq üçün arxa cəbhə tam adekvatdı. Amma bir az diqqətli olaq. "Olmaz" olanlara bir az da həssas yanaşaq. Şuşaya bayrağın daha tez sancılması bizdən asılıymış kimi. Laçında koridorun əbədi hasarlanmasına kərpic qoyurmuşuq kimi. Və nəhayət ermənilərin Qarabağa uzanan əlini birdəfəlik kəsir, dikilən gözünü ömürlük kor edirmişik kimi... 

EPİLOQ

Sən elə gözəlsən Azərbaycan! 

İllah da bu günlər. Çiçəyi çırtlamış arzular kimi sehrli, qız-gəlin kimi sevimli, budaqlar kimi şehli. 

Səni belə hamıdan fərqli, füsünkar edən Səndə yaşayan millətlərdi. Bu millətlərin Səni və bir - birini çox rahat anlamasıdı. Bu müqəddəs günlərdə bir az daha çox anlayışa ehtiyacın varsa, o da olacaq. Yetər ki, Sən həmişə bugünlərdəki kimi sehrli, sevincli və qürurlu qal. 

BİZ SƏNİ DÜNYALAR QƏDƏR  SEVİRİK, AZƏRBAYCAN !!!

 

TƏQVİM / ARXİV