adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Noyabr 2020 11:39
74902
ƏDƏBİYYAT
A- A+

GEDƏK - SABİR ABDİN yazır

(dostum Əbülfət Mədətoğluna)

 

 

Yağış olub yağıb gedək,

Çaya dönüb axıb gedək,

O dağlara baxıb gedək,

Gəl qoşulub Tuğa gedək.

 

 

Ürəyimiz əlimizdə,

Xatirələr dilimizdə,

Şələmiz də belimizdə,

Gəl qoşulub Tuğa gedək.

 

 

Kağız götür, qələm götür

Bayraq götür, ələm götür

Ümidini bələ, götür

Gəl qoşulub Tuğa gedək.

 

 

Küləklərə gəl qoşulaq,

Uçaq, uçaq gəl quş olaq,

Yerə düşüb uşaq olaq,

Gəl qoşulub Tuğa gedək.

 

 

Gəl obaşdan çıxıb gedək,

Gözümüzü sıxıb gedək,

Nəyin varsa yığıb gedək,

Gəl qoşulub Tuğa gedək.

 

 

Yanmış kəndin oyanacaq,

İşığına boyanacaq,

Səni görüb kül yanacaq,

Gəl qoşulub Tuğa gedək.

 

 

Süfrə açıb, çörək kəsək,

Qoy dil açsın o daş, kəsək

Kecikirik, biz tələsək

Gəl qoşulub Tuğa gedək.

 

 

10 dekabr 2017-ci il