adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: BÖYÜK QƏLƏBƏ

FAİQ QİSMƏTOĞLU
64405 | 2020-11-10 13:16

... Düz 30 ildir ki, biz işğal altında olan torpaqlarımızın azad olunmasını gözləmişik... Düz 30 idlir ki, hər axşam yuxularımıza Füzuli girib... Şuşa girib... Kəlbəcər girib... Laçın girib... Zəngilan girib... Qubadlı girib... Ağdam girib... Və hər dəfə yuxularımızın nə vaxtsa çin olmasını gözləmişik. Və Allaha dua eləmişik ki, o günü bizə qismət eləsin! Allah-Təala Azərbaycan xalqına çox böyük bir siyasi liderlər qismət eləyib. Onlardan biri Ulu Öndər Heydər Əliyevdir, digəri isə Ali Baş Komandan, prezident İlham Əliyev. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi dünya şöhrətli prezidenti var. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini qoruyub saxlamışdısa, parçalanmaqdan xilas etmişdisə, İlham Əliyev işğal altında olan torpaqlarımızı Azərbaycan Ordusu ilə azad etməklə tariximizdə yeni bir qızıl səhifə yazdı. Bu qızıl səhifə Füzuli oldu... Cəbrayıl oldu... Qubadlı oldu... Zəngilan oldu... Hadrut oldu... Şuşa oldu... və ən nəhayət, Ağdamımız, Laçınımız, Kəlbəcərimiz bizə qovuşur və biz də onlara qovuşuruq. Xalqımız üçün çoxdan gözlədiyi möhtəşəm bir sevinc yaşandı. O sevinci biz hər gün, hər saat gözləyirdik. Və bu sevinci də bizə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu bəxş elədi. Allah-Təala həm Azərbaycan Prezidentini, həm də Azərbaycan Ordusunu qorusun!..

 

Şuşanın sevinci

... Müharibənin başlandığı ilk gündən – sentyabrın 27-dən noyabrın 8-nə qədər mən bir jurnalist olaraq hər həftə öz doğma yurdum Füzuliyə gedirdim. Orda əsgərlərimizlə, mülki əhalimzlə görüşüb yazılar hazırlayırdım. Və bir həftə Füzuliyə getməyəndə özümü çox narahat hiss eləyirdim. Sanki orda olmadığıma görə, çox vaxt nəsə itirdiyimi düşünürdüm. Nə az, nə çox bu müddətdə düz 8 dəfə mən döyüş bölgəsində  - Füzulidə, Cəbrayılda olmuşam. Və bayaq dediyim kimi, o döyüş bölgəsində gördüyüm, hiss etdiyim nə vardısa, hamısını “isti-isti” “Ədalət”in oxucularına çatdırmışam. Və mən xoşbəxtəm ki, Füzuli, Cəbrayıl artilleriya atəşinə tutulanda, mərmi “yağışına” qərq olanda cəbhə bölgəsində olan insanların yanında olmuşam. Allaha and olsun ki, gecələr yatdığım kənd atəşə tutulanda heç tüküm də tərpənməyib. Əksinə, düşünmüşəm ki, bu yaşda şəhid olsam belə, özümü xoşbəxt sayardım. Və Allah-Təala heç şəhidliyi də hər adama qismət eləmir. Sevdiyi və seçdiyi insanlara qismət eləyir şəhidliyi...

... Şuşanın erməni işğalından azad olunması xəbərini mən Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhid Elçin Tehran oğlu Süleymanovun 40 məclisində eşitdim. Saat 01:00 radələrində Ali Baş Komandan İlham Əliyev Fəxri Xiyabanda  Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəndən sonra xalqımıza müraciət edərkən Şuşanın xəbərini bizə çatdırdı. İnanın, bu xəbəri şəhidin yas məclisində iştirak edən insanların hamısı ayaq üstə qarşıladı və alqışladı. Şəhid atası Tehran Süleymanova hamı göz aydınlığı verdi. Camaat dedi ki, Tehran, sən başını uca tut! Bütün işğaldan azad olunmuş şəhərlərimiz və kəndlərimiz Elçin kimi şəhidlərimizin hesabına xilas edilib. Onların qanı tökülən yerə biz başımızı qoyarıq. Bax, Şuşa da həmin şəhidlərin və qeyrətli Azərbaycan əsgərlərinin hesabına yağılardan xilas olub. Yas məclisində bu sevincli anları yaşamaqla bir daha insanlar böyük qələbəmizə inanırdılar və böyük qələbəmizi bizə o şəhidlər bəxş elədilər. Onların qanı tökülən yerdə güllər bitəcək, çiçəklər açılacaq, yasəmənlər boylanacaq, xarı bülbül o şəhidlərə əbədi bir nəğmə oxuyacaq. O nəğmə ki, Azərbaycan xalqı düz 30 ildir ki, onun həsrətində olub. Və həsrətində olduğumuz sevinc axır ki, bu 10 milyonluq xalqın qapısını döydü. Bəlkə də xalqımız uzun illərin tarixində belə sevinməmişdi. Bu sevinci bizə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Əsgəri yaşatdı. Allah onları qorusun!

 

Yuxarı Yağlıvənd

Füzulinin demək olar ki, oktyabrın 9-na qədər işğal altında olan bütün kəndləri Azərbaycan Ordusu tərəfindən azad edilib. O kəndlərin azad edilməsi zamanı hər bir Azərbaycan əsgəri, hər bir Azərbaycan oğlu çox qəhrəmancasına döyüşüb. Zarafat deyil, elə kəndlərimiz var ki, yüksəkliklərdə olduğu üçün onları azad etmək asan deyildi. Çünki həmin yüksəkliklərdə ermənilər düz 30 ildir ki, möhkəm istehkamlar tikmişdilər. Və bu istehkamları da ələ keçirmək üçün yüksək peşəkarlıq, döyüş qabiliyyəti, şücaət lazım idi. Və bu şücaəti Azərbaycan əsgərləri göstərməyi bacardılar. Və Yuxarı Yağlıvənd Füzulinin son azad olunan kəndləri arasındadı. Bu kəndin çox zəngin və qədim bir tarixi var. Yüksəklikdə yerləşən bu kəndə hansı düşmən ayaq basıbsa, gec-tez burnu əzilib, ağzı cırılıb qoyulub qulağının dibinə. Mən bu kənddə 1991-92-ci illərdə çox olmuşam. Füzulinin sabiq polis rəisi, çox qeyrətli və vətənini sevən Binnət Məmmədovla dəfələrlə bu kənddə ermənilərə qarşı birgə döyüşdə iştirak etmişik. Xüsusən də payız-qış aylarında hava yağışlı və soyuq olduğu üçün bu dağ kəndində  döyüş aparmaq daha çətindir. İndi də həmin kəndin payız fəslinin qoxusu burnumdadı. Yüksəkliyi azad edəndən sonra orda termosdan çay içməyimiz və səngərdə bir tikə çörək yeməyimiz heç vaxt yadımdan çıxmayan, həm də 1992-ci ildə Füzuli polisinin şücaətidir.

Yuxarı Yağlıvəndin çox istedadlı ziyalıları olub. Onlardan biri də istedadlı şair, yazıçı-publisist, mənim dostum və böyük qardaşım Seyran Səxavətdir. İndi Seyranın nə qədər sevindiyini mən yaxşı bilirəm. Çünki o, bütün qəlbi və ruhuyla bu torpağa bağlıdır. O, Şuşa da alınanda sevinib, Füzuli də işğaldan azad olunanda fərəhlənib, Cəbrayıl, Qubadlı, Zəngilan yağılardan təmizlənəndə də fərəh  hissi yaşayıb. Çünki  insan 70-i adlayandan sonra elə hər an böyüyüb boya-başa çatdığı torpaq haqqında düşünür. Şükürlər olsun ki, Seyran Səxavətin və onun doğmalarının kəndi də erməni işğalından azad olundu. Gözün aydın olsun, ustad! Gedib o kənddə özünə bir ev tikəsən.

 

Yuxarı Seyidəhmədlilər o qədər sevinirlər ki...

Yuxarı Seyidəhmədli Füzulinin elə-belə kəndlərində deyil. Belə ki, Sovet dönəmində Füzuliyə kim raykomun birinci katibi təyin olunurudusa, həmişə ona tövsiyə edilirdi  ki, çalış seyidəhmədlilərlə dil tap. Onlarla dil tapa bilsən, işləyə biləcəksən. Dil tapmasan, çətin ki, rayonda baş çıxara biləsən. Bu camaat çox zəhmətkeş, fərasətli, qoçaq insanlardı. Həmişə də haqqı nahaqqa verməyiblər. Əgər Seyidəhmədli bilsə ki, filan şey həqiqətdir, onun başına güllə sıxsan da  yolundan döndərə bilməyəcəksən. Çünki onlar həmişə ağa ağ, qaraya qara deyiblər. Və öz hüquqlarını da tələb etməyi bacarıblar. Mənim də Yuxarı Seyidəhmədlidə çox yaxın dostlarım var. Onlardan biri də Aqətdir. Nə az, nə çox, düz 25 ildir onunla çörək kəsirəm, dostluq eləyirəm. Hətta ailəmi, uşağımı onun yanında qoyub harasa getmişəm və çox vaxt da maşınla uşaqları harasa aparmağa ona etibar eləmişəm. Onun etibarına, dostluğuna söz ola bilməz. Bunu ona görə xatırlayıram ki, Füzulinin kəndləri işğaldan azad olunanda tez-tez onunla telefon əlaqəsi yaradırdıq. Onların kəndində ermənilər çox möhkəm bir istehkam tikmişdilər. O istehkam düz 40 gün tab gətirdi. 40-cı günü Azərbaycan Ordusu 100 milyonlarla dollar dəyərində olan bu istehkamı darmadağın elədi və orda olan erməniləri it  kimi gəbərtdi. İndi Yuxarı Seyidəhmədli də rahat nəfəs ala bilər. Çünki Azərbaycan Ordusu  bu torpağa ayaq basıb və bu torpaqda yağılara diz çökdürüb...

 

Yoldakı post

Hacıqabul-Horadiz yolunun Ağcabədiyə çatan hissəsində polis postu qurulub. Burda yolun biri Ağcabədiyə uzanır, digəri isə Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətinə gedir. Və postda da daxili qoşunların və polisin əməkdaşları xidmət aparırlar, hamını bir-bir yoxlayırlar. Bizi də yoxlayırlar, sənədlərimizə baxırlar, sonra da deyirlər ki, müəllim, sizi buraxa bilmərik, qayıdın Bakıya. Və çoxlu sayda insanlar Bakıya qayıdırlar. Çünki sənədləri cəbhə bölgəsinə getməyə inkan vermir. Mən isə postdakı polis polkovnik-leytenantı ilə söhbət edirəm. O da sənədlərimə baxır, jurnalist olduğumu bilir, şəxsiyyət vəsiqəsini gözdən keçirir, Bəhmənli sözünə diqqət yetirir, sonra göstəriş verir ki, bir daha sənədləri yoxlayın, maşının yük yerinə baxın, müəllimi buraxın getsin. Şəhid qohumunun yas məclisinə gedir. Yenidən sənədləri  polis əməkdaşları yoxlayırlar, maşının yük yerinə baxırlar və bizə getməyə icazə verirlər. Və sözün düzü, mən bundan çox sevinirəm. Cəbhə bölgəsində çox ciddi rejim tətbiq edilib. Kimliyndən asılı olmayaraq, hamı yoxlanılıb sonra buraxılır. Bəziləri narazılıq eləsə də, amma qanun hamı üçün qanundur. Və mən də sevinirəm ki, cəbhə bölgəsində belə möhkəm qanun var. Elə qayıdanda da yenə həmin postda maşınımızı saxladılar, yük yerinə baxdılar, bizə “yaxşı yol!” - deyib yola saldılar.

Bu gün böyük QƏLƏBƏDİ! Və bu böyük QƏLƏBƏNİ bizə Ali Baş Komandan və Azərbaycan Ordusu bəxş edib. Bu gün kimin üzünə baxırsansa, sevinc hiss edirsən... Kiminlə söhbət edirsənsə, Şuşadan danışır... Füzulidən söhbət edir... Laçından söz açır... Qubadlını, Zəngilanı... Laçını, Kəlbəcəri xatırlayır... Bundan böyük sevinc ola bilərmi?

Biz bu sevinci düz 30 il gözləmişik... Düz 30 il Füzili demişik... Laçın demişik... Şuşa demişik... Kəlbəcər demişik... Düz 30 il bu gününün gəlməyini səbirsizliklə, həsrətlə gözləmişik!.. Bu gün gəldi və möhtəşəm QƏLƏBƏ bütün Azərbaycan xalqını sevindirdi. Gözün aydın, Azərbaycan! Gözün aydın, Dünya  Azərbaycanlıları! Gözün aydın, Türk xalqı! Allah Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan Ordusunu qorusun! Allah böyük qardaşımız Türkiyəni, Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanı, Türk Dövlətini və bütün Türk Dünyasını qorusun!...

 

Faiq QİSMƏTOĞLU

Əməkdar jurnalist

“Ədalət”in xüsusi müxbiri

Bakı-Füzuli-Yuxarı Yağlıvənd-Yuxarı Seyidəhmədli-Horadiz-Bakı

TƏQVİM / ARXİV