adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Noyabr 2020 16:21
90165
MÜSAHİBƏ
A- A+

“Dövlətimiz lazımi addımlar atdı” - MÜSAHİBƏ

“Ədalət” qəzetinin qonağı Azərbaycan Beynəlxalq Radiosunun redaktoru, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğludur.

-İnformasiya təhlükəsizliyi baxımından Dövlətimizin atdığı addımlar göz önündədir...

-Şübhəsiz ki, dövlətimizin informasiya təhlükəsizliyi istiqamətində gördüyü işlər bəyəniləndir və hətta nümunədir. Ali Baş Komandan Cənab İlham Heydər oğlu Əliyevin sürətli əks-hücüm taktikası özünü doğrultdu və ardıcıl qələbələrlə müşayiət olundu. Ölkələrdə müharibənin getməsi elə bir həssas dönəm yaradır ki, informasiyaya tələbat pik həddə çatır. Bizdə də belə oldu və bu gün də belədir. Publika hər gün yox, hər saat, hətta hər an yeni xəbər, yeni məlumat, yeni bilgi gözləyir və axtarır. Belə olan surətdə infoprmasiya yayğınlığı, tələskənlikdən doğan qeyri-dəqiq məlumat bolluğu, düşmən tərəfin ixrac etdiyi dezinformasiya, məkrli qüvvələrin bilərəkdən, sadə insanların isə bilməyərəkdən yaydığı şayiələr də baş alıb gedir. Dövlətimiz bütün bunları nizamlamaq, informasiya təhlükəsizliyini təmin etmək üçün lazımlı və effektli addımlar atdı və atmaqda davam edir: Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəsmi məlumatları tez-tez yenilənir, brifinqlər keçirilir, media mənsubları ən son doğru məlumatlarla təmin edilir, ölkə prezidenti gərəkli anlarda xalqa müraciət ünvanlayır, nüfuzlu xarici telekanallara və mətbu orqanlara müsahibələr verir, real durum, problemlər və qarşıda duran vəzifələr barədə açıqlamalar edir. Prezident İlham Əliyevin verdiyi müsahibələr, açıqlamalar düşmənin dünya mediasına səpələnmiş “Fake News”larını-yalan xəbərlərini darmadağın edir.

-Natəvan xanım, bilirik ki, jurnalist tərəfsiz olmalıdır. Lakin xarici ölkələrin media nümayəndələrinin bəzilərinin Cənab Prezidentlə müsahibələri zamanı qərəzli suallar ünvanlaması jurnalistika prinsiplərinin kobud şəkildə pozulmasıdır...

-Şadam ki, bu nöqsanları siz də görmüsünüz, gənc jurnalist kimi çox nüfuzlu media qurumlarının və tanınmış kolleqalarımızın peşə prinsiplərini kobud şəkildə pozmasının fərqinə varmısınız. Biz bu prinsipləri jurnalistikanın nəzəri biliklərinin öyrədilməsində tədris edirik, siz də təhsil alırsınız, öyrənirsiz. Maraqlısı odur ki, bu kanonları dünya jurnalistika təhsilinə elə bu ölkələrin mütəxəsisləri transfer edir- ötürür. Özləri isə əməl etmir, ya da etmək istəmirlər. Sizin dediyiniz kimi, jurnalist tərəfsiz olmalıdır. Qərəzli suallar ünvanlamaq jurnalistika prinsiplərinin kobud şəkildə pozulmasıdır. Üstəlik, eyni sualları təkrarlayaraq müsahibin üzərinə getmək, amiranə tonla özünü hüquq müdafiəçisi, müstəntiq, prokuror kimi aparmaq, hüquqi təsdiqini almamış ittihamı cinayət adlandırmaq, hökm vermək, önyarqılı olmaq, məqsədli suallar vermək, balanssız davranmaq-bunlar jurnalistikanın təməl prinsiplərinə qarşı getməkdir, ciddi səhvlərdir. Sualınıza misallarla cavab verəcəm: Böyük Britaniyanın 24 saat yeni xəbərlər yayımlayan "Sky News” televiziya kanalı-yeri gəlmişkən, bu ingiliscədən dilimizə tərcümə olunanda "Səma Xəbərləri" adlanır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini yayımladı. Diqqəti müsahibə götürən jurnalistin bəzi məqamlarda kobud səhvlərinə yönəldək: “Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan danışırıq, yoxsa onların təhlükəsizlik zonası adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan danışırıq? Çünki aydındır ki, Siz bu torpaqların hamısını geri ala bilməyəcəksiniz” deyə media mənsublusu bildirir. Jurnalist nədən bilir ki, Azərbaycan bu torpaqların hamısını geri ala bilməyəcək. Hökm verməkdə haqlıdırmı, buna səlahiyyəti çatırmı?! Əlbəttə, haqlı deyil və öz səlahiyyətlərini aşır. Daha bir sualda TV təmsilçisi xeyli qabağa gedir və ittihamdan belə çəkinmir: “Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz üzərinizə məsuliyyəti götürürsünüzmü?” Bu sualı verməklə jurnalist çox kobud səhvə yol verir və jurnalistikanın birbaşa təməl prinsiplərinə zərbə vurur. Şübhəsiz ki, Azərbaycan Prezidentinin cavabı sərrast məntiqə və dəqiq faktlara əsaslandı. Aydın və birmənalı oldu. Bu başqa məsələdir. Əsas odur ki, ingilis jurnalistin sualı önyarqılı idi və təhdid elementləri aydınca görünürdü. Azərbaycan Prezidenti bunu hiss etsə də, biruzə vermədi və amiranə cavablandırdı: “Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər?...onlar... Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik”.

Bunun ardınca cənab Prezidentin "CNN İnternational” televiziya kanalının "Connect the World” verilişində müsahibəsi yayımlandı. Verlişin adı dilimizdə "Dünyanı birləşdirin" kimi səslənir. Görək əməkdaş birliyə nə dərəcədə xidmət etdi?! Müsahibəni diqqətlə, axıradək oxusanız, burada jurnalistin professionallığını və siyasi hazırlığını, şübhəsiz ki, görərsiniz. Lakin müsahibənin sonunda "CNN İnternational”ın təmsilçisi jurnalistikada yolverilməz sferaya daxil olur. Media təmsilçisi üçün qırmızı xətlər var. Orada dayanmalısan. Oradan irəli getmək təhlükəlidir, qüsurludur. Bunlardan biri sadə dillə desək, jurnalistin özünü müstəntiq kimi hiss etməsi və aparmasıdır. Jurnalist soruşur: “Mən "Amnesty International”ın yeni hesabatı ilə bağlı münasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan qüvvələrinin İsrail istehsalı olan ... kasetli mərmiləri atdığını müəyyən ediblər. ..."Amnesty”nin iddialarına necə cavab verərdiniz?” Azərbaycan Prezidenti peşəkar diplomatdır və kifayət qədər diplomatik cavab verdi: “Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə olunduğuna baxsınlar. ...Niyə "Amnesty International” yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər? Sual budur”. Bu cavab jurnalist üçün yetərli idi, o bilsin ki, Prezident onun məqsədli, balanssız, hətta bir qədər qərəzli sualını redaktə etdi. Amma o geri-öz lazımı mövqeyinə qayıtmadı, davam etdi: ”...Siz qəti şəkildə deyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindən istifadə olunmayıb? Əgər belədirsə, müstəqil müşahidəçilərin bunu yoxlamasına icazə verməyə hazırsınızmı? Prezident İlham Əliyev kifayət qədər tanınmış jurnalistə ustad dərsi keçərək dedi: “Bəli, biz bunu etməyə hazırıq. Biz, həmçinin Ermənistanın nə etdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necə icazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil, ikitərəfli qaydada olmalıdır. Biz özümüzü müdafiə edirik....Məqsədimizə çatmaq üçün bizim dediyiniz silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz mülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır”.

Daha sonra 24 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın "Fox News”-Fox televiziya kanalının Xəbərlər verlişinə müsahibə verdi. “Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir”-deyə hadisələrə dair jurnalist ilk sualını verir və hadisələri mətnaltı yarğılayır. Yəni ki, indi sizin etdiyiniz və insanların ölümünə səbəb olan hadisələr əslində “100 illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir”. Prezident isə diplomatik olaraq hadisənin ciddi əhəmiyyət daşıdığını vurğulayır: “Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam.”

Birbaşa hadisəylə bağlı suala baxaq: “...sentyabrın 27-də-müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı?” Jurnalist elə bilir ki, döyüşə ilk olaraq Azərbaycan başlayıb. Halbuki, o söhbətin əvvəlində demişdi: “Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm”. Necə dinləmişdi ki, Prezident bütün müsahibələrində “Müharibəni başlayan Azərbaycan olmamışdır” deyə vurğulamışdır. Demək, jurnalist ya obyekti dəqiq öyrənməyib, ya da qərəzli mövqedən çıxış edir. “Lakin kimin atəşi birinci açmasından asılı olmayaraq, hər iki tərəf bu dövrdə dərhal döyüşə başladı”-sualda məkrin həddinə baxaq: “kimin atəşi birinci açmasından asılı olmayaraq”. Necə yəni? Müharibənin kim tərəfindən başlanması, doğrudan, heç bir mahiyyət daşımır? Jurnalist bir az daamiranə tövr alaraq, bütün jurnalistika qaydalarını çeynəyib atır: “...Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız.” Frazaya baxın: “Siz etiraf etməlisiniz ki...” Heyrət sadəcə. Cənab prezident jurnalist hədsizliyini dərhal tutur və ona əhəmiyyət vermədən əsas çatdırmaq istədiyi mətləbi vurğulayır:“Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”.

Başqa bir nümunə çəkim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verdi. Mən müsahibənin orjinalını izlədim və maraqlı bir fakt diqqətimi çəkdi, bir-bir saydım, düz 10 dəfə jurnalistin müsahibi ona “xeyr, xeyr, elə deyil” deməyə məcbur oldu. Bu ciddi məsələdir. Əgər müsahibə götürən jurnalistin sualları qarşısında müsahib “xeyr” deyirsə və fikrini tam əsaslandırırsa, demək, müsahib ya obyekti dəqiq öyrənməyib, ya da qərəzli mövqedən suallar verib. Bu da öydüyümüz və öyrəndiyimiz Avropa jurnalistika məktəbi!!!

-Müsahibə üçün təşəkkür edirik, Natəvan xanım.

-Mən sizə təşəkkür edirəm və “Ədalət” qəzetinin kollektivini, oxucularını, bütün Xalqımızı böyük Qələbə münasibətilə təbrik edirəm!

Rövşən Tahir