adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"Tarqovu"da Qarabağ festivalı, sevinə bilməyən bədağızlar, döyüşdən qayıdan qazilər - Eminquey yazır

EMİNQUEY AKİF
96906 | 2020-11-11 12:37

36 saatdır yatmıram, düzdür yorğunam, amma hələ bundan sonra 10 saat da yuxusuz qalıb şəhərin küçələrində "Qarabağ" hayqıra bilərəm.

Səhərki yürüş də gözəl idi.

"Qarabağ", "Şəhid" şüarları. Bir yerdə xeyli güldük. Deməli, məşəlin önündə dayanmışıq. Birdən şüar səslənməyə başladı ki, Qarabağ bizimdir, bizim olacaq! Bir, ikincidə biri qayıtdı ki, ay qardaş, day bizimdir, “bizim olacağ”ı yığışdırın, diliniz nətər öyrəşibsə.

Harda polis gördüm, harda adam gördüm, təbrik etdim. Onlar da bizi. Maşınlarla Şəhidlərə axın zamanı da hamı pəncərəsən başını çıxarıb bir-birini illərdir tanıyırmış kimi təbrikləşirdi.

Axşam Nizami küçəsində elə möhtəşəm bayram vardı ki. İzdiham, önündə iki davulçu gənc, ritmə uyğun olaraq şüarlar. Polislər də bizimlə bu möhtəşəmliyi müşayiət edirdilər. Şüarlar səsləndirilir, bir qədər yürüdükdən sonra qəfil oynaq nələrsə çalınır, insanlar davulçuların ətrafında oynayır, sonra yenidən ritm, şüar. Sonra Nizami küçəsinin teatra tərəf qurtaracağında dayandıq. Yenə izdiham var idi. Telefon dükanlarından biri səsgücləndiriciləri qoşmuşdu, mahnılar qoşurdu. İzdihamda bir-birini tanımayan adamlar bir-birilə rəqs edir, sonra dayanır, şüarlar səsləndirir, sonra yenə davam edirdilər. Bütün bu gözəlliyin içində soyuq, külək adama yerimir e.

 

Bu izdihamın içində qazilərimiz də vardı. İnsanlar onların itirilmiş ayaqları oldular yürüş zamanı.

Qəfil əllərində Pakistan və Azərbaycan bayraqları olan pakistanlılar da rastımıza çıxdı. Ayaq saxladıq, üzbəüz dayandıq. Biz Pakistan qışqırdıq, onlar Azərbaycan. Sonra qucaqlaşdıq.

Bütün dövlət bayramlarımız, keçirilən konsertlər bugünkü bayram festivalı ilə müqayisəyə belə gəlməz.

Ən gözəl festivalsa, əsgərlərimiz şəhərə qayıdanda olacaq.

Bir əsgərimizə pul verirdik ki, siqaret alsın özünə, nə bilim nəyəsə xərcləsin. Bir xeyli çəkişdik, götürmürdü. Birtəhər yola gətirdik. Ki, a kişi, biz sənə yardım eləmirik e, qardaşlıq edirik. Necə ki, sən bizim qardaşımızsan, cəbhədə döyüşüb qayıtmısan.

Siz hələ də başbilənliyinizdən əl çəkməyib insanların sevincinə yuxarıdan aşağı baxırsınızsa, sizə sözüm yoxdur. Bu otuz ildə Şuşanız var idi? Cəbrayılınız var idi? Zəngilanınız var idi? Naxçıvanla quru yolunuz var idi? Ümumiyyətlə, Qarabağınız var idi?!

Hər şeyin zamanı var, hər şeyin öz həlli var. Sizin kimi biz də rusun torpaqlarımızda olmağından narahatıq. Vallah, narahatıq. Amma necə ki 45 gün bundan qabaq ağlımıza Qarabağı azad edəcəyimiz gəlməzdi, indi də ağlımıza gələ bilməyəcək şeylər var.

Onlar baş verəndə, bugünkü hərəkətlərinizdən utanacaqsınız. Mən buna inanıram!

TƏQVİM / ARXİV