adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Noyabr 2020 16:25
53830
MƏDƏNİYYƏT
A- A+

“Özümü günahkar sayıram” - Rza Rzayev etiraf etdi

“İkinci dünya müharibəsində babam 2 uşağını və nənəmi (Baxmayaraq o, yeni uşağa da hamilə idi) tərk edib, könüllü müharibəyə gedib və qayıtmayıb. Atam babam müharibəyə gedəndən 3 ay sonra doğulub. Nənəm çox gözəl qadın olub. 3 uşağı çox çətinliklərlə böyüdüb”. “Ədalət” qəzetinin qonağı aktyor, rejissor Rza Rzayevdir.

-Yaradıcılığa “Bəsdir ağlama” filmi ilə başlamısınız. Söhbətə də elə həmin filmdən başlayaq...

-Deyilənlərə görə, yaxşı idmançı idim, vurub-tutan oğlanların çoxu tanıyırdı, kimsə məni Rövşən Almuradlıya ünvan göstərmişdi, o da idman zalına gəlmişdi. Yaxınlaşdı, tanış olduq, rejissor olduğunu bildirdi və filmə çəkmək istədiyini söylədi. Etiraz etdim, kino hara mən hara, amma tanışlığımız davam etdi, sonra o, xəstələndi, bir müddət müalicə aldı, film çəkilişi təxirə salındı, xəstələndiyi dövrdə bizim aramızda dostluq münasibəti yarandı və israrla xahiş etdi ki, çəkilim. Artıq münasibətlərimiz və onun həmin dövrdəki sağlamlığı elə idi ki, sözünü yerə sala bilmədim, hətta bunun üçün evimizə qədər gəlmişdi. Evdə də dedilər, ayıbdır, o boyda kişinin sözünü yerə salmayasan ki, çəkil. Və çəkilişə getdim. İlk dəfə kamera qarşısına çıxdım, çəkilişdəki peşəkarların dediklərinə görə illərin aktyoru kimi oynayırdım. Sonra Rövşən Almuradlı məni “Ünvasız qız” serialına baş rola çəkdi, həmin dövrdə çox populyar oldum, sonra başqa film dəvətləri oldu, hətta Türkiyədən serial üçün də, amma başqa məqsədlərim olduğuna görə heç bir dəvəti qəbul etmədim, uzun müddət sənətdən aralandım.

“Otağa girən kimi Elxan müəllim dedi, Drakon sənsən”

-Bildiyim qədərilə, bir neçə ay “Dolu” filminə çəkilməkdən imtina etmisiniz. Buna səbəb nə olub?

-Doğrudur. “Dolu” filminə filmin ikinci rejissoru Əliqulu müəllim tərəfindən dəvət almışdım, həmin dövr vəzifədə idim, artıq dövlət qulluğunun kiçik müşavir dərəcəsini almışdım, başqa təşkilatdan daha yüksək vəzifə təklifi var idi. Həm də indi söyləmək istəmədiyim səbəbdən qəti qərar vermişdim ki, bir daha sənət tərəfə üzümü çevirməyəcəm. Bu illər ərzində çox dəvətlərdən imtina etmişdim. Əliqulu müəllim tərəfindən də bir neçə dəvət olmuşdu, amma çəkilməmişdim. Əliqulu müəllim imtinanın səbəbini  bilirdi, həm də imtinaya səbəbin şahidi idi. Ona söylədim ki, siz bilirsiniz axı, artıq qəti qərarımdır. İsrar etdi, dedi, bu tam başqa filmdir, yenə imtina etdim. Bir neçə dəfə zəng etdi, razılaşmadım. Bir neçə aydan çox üstündən keçmişdi, düşünürdüm ki, filmin çəkilişləri başlayıb və bitib. Sonra təsadüfən bir tədbirdə görüşdük. Dedi, çox xahiş edirəm, gəl, rejissor ilə görüş, səni təqdim etmişəm, bir az etik çıxmır, getməməyin. Könülsüz razılaşdım, gün müəyyən etdi, kinostudiyaya getdim və rejissorun otağına girən kimi Elxan müəllim dedi, Drakon sənsən. Söhbət etdik, Elxan müəllimin səmimi, sadə, istiqanlı danışığı və ərki artıq imtinaya yer qoymadı və həmin an atmosferə düşərək “yox” cavabı vermədim. Film çəkildi, səs-küy saldı və birdəfəlik həyatımı kino sənətinə bağladım.

-Elxan müəllimlə müsahibə edərkən belə bir fikir səsləndirdi: “Aktyorların seçimində onların peşəkarlığından daha çox qəlblərinə üstünlük verdim”. Deməli, sizin qəlbiniz elə Drakon obrazına yaxın imiş...

-Son günlər bir çox müsahibələrdən və TV verilişlərinə çıxmaqdan imtina edirəm, ekran qəhrəmanı kimi görünmək istəmirəm. Deyə bilmədiyim səbəblərə görə məni döyüşlərə aparmadılar. Ciddi səbəb olduğu üçün qanun buna icazə vermədi. Amma illərdir ki, döyüşləri gözləyirdim. Bu haqda nə zamansa danışacam. Qohumlarım, dostlarım döyüşdü, şəhid oldular. Əsl Drakon onlardır. Demək istəyirəm ki, burada Drakon ürəkli və Drakon olmaq olmur. Bu səbəbdən də öz səssizliyimə qapılmışam.

Elxan müəllim film çəkilişi bitəndən sonra bir məclisdə dedi ki, sən haqda məlumat yığmışdım  və kinodan getmə səbəblərini də bilirdim və sən gələnə kimi  faktura və xarakterin baxımından qərarımı vermişdim, qalmışdı canlı görməyim, görən kimi də qərarım qətiləşdi.

-“Dolu” filmində, sizə görə, görə ən təsirli səhnə hansıdır?

-Bütün filmlərdə əsas səhnələr var, bir də təminedici səhnələr var. Yadda qalmayan səhnələr yadda qalan səhnələr üçün əsas yaradır. Hamı kimi Pələngin ölüm səhnəsi və filmin son səhnəsi-ruhların Qarabağa qayıdışı mənə təsir edən səhnələrdir.

“Bu film mənəvi və vicdan borcum idi”

-Aprel şəhidlərinin xatirəsinə "Geyilməmiş ayaqqabılar" filmini çəkmisiniz. Bir az da ondan danışaq...

-“Geyilməmiş ayaqqabılar” filminin ssenarisini 2000-ci illərdə yazmışdım. Hətta “Həsrət” adı ilə dövlət qeydiyyatından keçirmişdim də, amma müxtəlif səbəblərdən filmi çəkə bilmirdim. Səbəb maliyyə məsələsi deyildi, həm də özüm çəkmək istəyirdim. Tərəddüdlərim var idi, bacararam, ya yox. Səhv etmirəmsə, 2011-ci ildə İradə xanım Tuncaya ssenarini göndərdim, oxudu, müzakirə etdik. Çox dəyər verdiyim, güvəndiyim və sözünə inandığım az şəxslərdən biridir. Film çəkmək istədiyimi söylədim. Dedi, mütləq rejissorluq üzrə təhsil al. Sonra da “Dolu”ya çəkildim ve artıq qəti qərar verdim ki, oxumalıyam. “Geyilməmiş ayaqqabılar” həm də diplom işim oldu. Sözsüz ki, belə diplom işləri az olur, həm büdcəsinə görə, həm də ssenari ve rejissor işinə görə. Rusiya və Türkiyədə böyük sənət insanlarından kimsəni inandıra bilmirdim ki, diplom işimdir ve ilk filmimdir.

“Geyilməmiş ayaqabılar” şəhid olmuş yaşıdlarım qarşısında mənəvi və vicdan borcum idi. Hər şeyə rəğmən bu borcu ödədim və illərin əzabından qurtuldum. Bu fimdə çəkdiyim hər şey bu gün baş verir. Filmi çəkməkdə əsas məqsədim torpaqlarımızı işğal edənlərə, buna göz yumanlara etirazım idi, onlara torpaqlarımızı azad edəcək əsgərlərimizin həm də kimlər olacağını göstərdim və bu öz təsdiqini tapdı. 

“Bizə baxan gözləri, baxışları unuda bilmirəm”

-“1993-cü ildə Laçında, Qubadlıda döyüşən əsgərlərə yardım aparmışdıq. Mən orada gördüyüm həmin uşaqların baxışlarını unuda bilmirəm...” Bu sözlər sizə məxsusdur...

-Birinci Qarabağ müharibəsi dövründə tələbə idim, tələbə dostlarımız ilə könüllü döyüşmək üçün cəbhəyə getdik, həm də yardım aparmışdıq. 20 gündən çox cəbhə bölgəsində olduq, çox ağır dövrlər idi. Biz gedən vaxt ermənilər Füzulini işğal etmək istəyirdilər, ağır döyüşlər gedirdi. Füzuli işğal olunsaydı, o biri rayonlar mühasirəyə düşürdü. Bizlə gedənlərdən bir çoxu buna görə getməkdən imtina etdilər. 6-7 nəfər qaldıq və getdik, Laçının bizdə olan kəndlərində və Qubadlıda olduq. Bizə başçılıq edən şəxs oradakı ağır vəziyyəti və özbaşınalığı görüb bizi təkrar geri qaytardı. Həm də Laçında komandir də bizi saxlamaq istəmədi, dedi, əsgərdən çox silaha, tanka ehtiyacımız var. Bu uşaqları qurban vermək mənasızdır, çünki çoxumuz adi silahla belə davranmağı bilmirdik. Və biz getməmişdən öncə orada çox ağır döyüşlər olmuşdu. İndi söyləmək istəmədiyim dəhşətli şeylər gördüm, ölümə məhkum olmuş, Allahın ümidinə qalmış, qəddar düşmənle üz-üzə olan əsgərlərdən ancaq acı xatirələrim qalıb. Bizi yola salanda bizə baxan gözləri, baxışları unuda bilmirəm və qayıtdığım üçün özümü günahkar sayıram. Bu günə qədər orada gördüyüm əsgərlərdən kimsə ilə rastlaşmamışam, görməmişəm. Bizi qəbul etməyən, geri qaytaran komandir isə biz qayıdandan az sonra şəhid olub. 

-Qarabağ müharibəsi dövründə Azərbaycan qadının kimliyi mövzusunda film çəkmək fikrindəsiniz. Necə bir ssenari yazmaq istəyirsiniz?

-15 ilə yaxındır, bu ssenarinin üzürində işləyirəm. Ssenaridə  uzun illər övladı olmayan zabitin həyat yoldaşı hamilə olur və şəhid olandan sonra doğulur. Şəhid zabitinin xanımının ve övladının sonrakı həyatı, hazır olmadığı həyat ilə mücadiləsi Azərbaycan qadının kimliyini müəyyənləşdirir.  Bu qadın obrazı həm də nənəmdir. İkinci dünya müharibəsində babam 2 uşağını və nənəmi (Baxmayaraq o, yeni uşağa da hamilə idi) tərk edib, könüllü müharibəyə gedib və qayıtmayıb. Atam babam müharibəyə gedəndən 3 ay sonra doğulub. Nənəm çox gözəl qadın olub. 3 uşağı çox çətinliklərlə böyüdüb. Onunla ailə qurmaq istəyən vəzifəli, imkanlı adamların təkliflərini rədd edib. Nənəm ölən gününə qədər babamın qayıdacağına inandı, onun yolunu gözlədi. Bu filmi Allahın izni ilə bütün çətinlikləri dəf edərək çəkəcəm.

-“İnşaAllah” deyib sizə müsahibə verdiyiniz üçün təşəkkür edirəm.

-Siz sağ olun.

Rövşən Tahir