adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Noyabr 2020 12:03
60638
ƏDƏBİYYAT
A- A+

20 faiz əraziyə 20 faiz əhali - Abid Tahirli yazır

Əslən Xankəndindən və Ağdamdan olan iki qonşumun söhbəti bu yazı üçün əsas oldu. Biri titrək səslə o birinə deyirdi:

    

  -Evimiz Xankəndinin mərkəzində, Şəhər Partiya Komitəsinin beş addımlığında idi. Lənət olsun bu xain, alçaq ermənilərə,  bir çöp belə götürmədən ata-baba ocağımızı tərk etdik.  Şükür ki, torpaqlarımız o murdarlardan təmizləndi. Sağlıq olsun, ilk imkandan Xankəndinə gedəcəyəm. Evim qalırsa, lap yaxşı, yayda nəvələrimi göndərəcəyəm istirahət etsinlər.  Ermənilər evimi dağıdıblarsa, yenisini tikəcəyəm, getməyə bir yerimiz olsun.

     

  Ağdamlı qonşum onun sözünə qüvvət verdi:

      

- Düz fikirləşirsən, mən də elə o cür edəcəyəm. Dəqiq bilirəm ki, erməni quldurlar kəndimizin bütün evlərini  söküb talan ediblər. Amma sağlıq olsun, biz də qayıdıb əvvəlkindən yaxşı, kürsülü ev tikəcəyik. Bizim uşaqlar Bakıda böyüyüblər, heç ata-baba yerlərini görməyiblər, qoy onların da bir ocağı olsun!

       

Qonşularımın niyyətləri, arzuları təbii və təqdirəlayiqdir. Onların fərdi təşəbbüsləri  ilə yanaşı Qarabağ məsələsinin kökündən və birdəfəlik həll olunması üçün irimiqyaslı və uzunmüddətli sosial-iqtisadi istiqamətli dövlət proqramları müəyyənləşdirilməli və həyata keçirilməlidir. Bütün planlar işğaldan azad olunmuş 20 faiz ərazimizdə əhalinin ən azı 20 faizinin məskunlaşdırılması perspektivinə hesablanmalıdır. İlk növbədə vətəndaşların rahatlığına xidmət edən müasir və güclü iqtisadi və sosial infrastruktur yaradılmalıdır. Bölgə əyalət statusundan nəhəng elm, təhsil, səhiyyə, mədəniyyət mərkəzinə çevrilməlidir. Mədəniyyət Nnazirliyinin ədəbi-mədəni-mənəvi sərvətimizin məbədi, musiqimizin beşiyinə- Şuşaya, Kənd Təsərrüfatı Nazirliyinin ölkədə aqrar sahənin aparıcı bölgələrindən birinə- Bərdəyə,  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ölkənin su resuslarının əhəmiyyətli hissəsini özündə birləşdirən Sərsəng, Suqovuşan su anbarlarının yaxınlığındakı Tərtərə, bir sıra Dövlət komitələrin,  ali məktəblərin də regiona köçürülməsi məqsədəuyğundur. Bu tədbirlər Qarabağın sosial-iqtisadi, mədəbi baxımından çiçəklənməsinə təkan verməklə yanaşı, xalqımızın əsrlər boyu sülh, sabitlik şəraitində, xoşbəxt və firavan yaşamasını təmin edəcəkdir.

11.11.2020.