adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Noyabr 2020 12:05
59022
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: Gorba-gor

Deyirlər:–Niyə təzə paltar almırsan,
Qorxursan kasıb düşəsən?!
Deyirəm:– Təzə paltar nəyimə lazımdı?!
Yengibar bibioğlunun sözü olmasın,
Kürdəmir yemişi kimi qoonumuşam –
Dəyib ötmüşəm,
Bıçaq vur – cırrr... eləyim.
Bilmirəm qabaqda nə gözləyir məni,
Bilirəm ey... amma haçandı, onu bilmirəm!
Cındırı çıxana qədər köhnələrimi geyəcəm,
Məndən sonra niyə aparıb versinlər məscidə!
Dəli-qudurmuşun biri də
Götürüb təpişdirə əyninə,
O yan-bu yanı yerinə oturmayanda,
Üstəlik dalımca nəmər də göndərə:
–Gorba-gor!

Şuşanın dolması

Şuşalı Səid Hacıyevin əziz xatirəsinə.

Hər Xırdalan qəbiristanlığının 
Yanından keçəndə,
Səid müəllim yadıma düşür, –
Təbəssüm qonur üzümə.
Səid Hacıyevi deyirəm,
Mədəniyyət Nazirliyinin
Musiqi Metod-Mərkəzinin rəisiydi.
Gördüyü işin 
Pozulmayan sahmanı olardı,
Kargüzarlıq sənətini özü yaratmışdı sanki! –
On il əvvəlin məktubunu istəsəydin,
On dəqiqəyə tapıb qoyardı ovcuna.
Erməni-rus birləşmələri
Şuşanı zəbt eləyəndən sonra,
Ayrılıq acısını xatirələrlə soyudardı, –
Bir dəfə də dedi:
–Bizim Şuçada elə dolma bükərdilər,
Yağı, istiotu “bəs deyincə”dən də o yana.
Hünərli oğulsan, 
Ye, görüm, necə doyursan!
Bir mollamız vardı,
Qəbiristanlığa girib,
“Fatehə” verən kimi üz tutardı qəbir əhlinə:
–And olsun Allaha,
Əcəliniz Haqdan gəlməyib, ay şuşalılar,
Şuşanın dolması öldürüb sizi!
Hər Xırdalan qəbiristanlığının
Yanından keçəndə,
Səid Hacıyev yadıma düşür, –
Təbəssüm qonur dodaqlarıma.
Sonra da ah çəkirəm:
–Qəbrin nurla dolsun, Səid müəllim!

Pay-püşk...
Orden, medal, fəxri ad... –
Dəyərdən düşdü –
Pay-püşkdü...


İnsan
Bir səhər ayılıb görək ki,
İnsanlar sevinc içindədi, –
Çarəsi tapılıb koronavirusun!
Dərindən nəfəs alaq...
Sonra da başlayaq
Bir-birimizin ətini yeməyə.

Yaş ötdükcə...
Yaş ötdükcə, dəyərdən düşür insan,
İllah da ki, əlin aşağı ola.
Qardaşım oğlu Elnurun 
Ana babası İkram müəllim
80-ni keçəndə dərdini açdı mənə:
–A kişi, elə bil heç kimə lazım deyilsən,
Elə bil artıqsan daha!
Nə adamlara maraqlısan,
Nə də, nəüzibillah, Allaha!

Yaş ötdücə, dəyərdən düşür insan,
İllah da ki, əlin aşağı ola.
O günü Kəlbəcərli dostum
Usta Zöhrab gəlmişdi bizə:
–Bərdəyə gedirəm, müəllim, 
Nə ürəyindən keçir, alım gətirim sizə?
–Zöhrab, mənə bir yaşlı xoruz alarsan.
–Neçə yaşı olsa yaxşıdı, müəllim?!
Oğul nəvəm Qəşəm-Şəm
Mənalı-mənalı məni süzüb,
Lappadan dedi:
–72!
Çəp-çəp üzünə baxdım:
–Adə, köpəyoğlu, 
Xoruzun yaşını soruşur ey, Zöhrab əmin,
Səni özümə vəkil eləmişəm, nədi?!

Belə-belə gedəcəm...
70-i keçəndə 80-ni yedi gözlərim,
80-ni bastalayanda, yəqin 90-ı yeyəcək,
90-nın dalından dəyəndə 100-ü...
100-ü bürüb-bükəndə 110-u...
110-un aşının suyunu verəndə 120-ni...
Belə-belə gedəcəm, –
Qurdnan qiyamətəcən!

Şeyxin Nobeli
Deyirlər, Nobelə təqdim eləyiblər Şeyxi, –
Şeyx Allahşükür Paşazadəni,
Nobel Slüh Mükafatına.
Bu xəbər od qoyub
Başda katalikos olmaqla
Bütün ermənilərin zatına!

Kişinin adresinə qara-qura deyiblər,
“Şeyx hara – Nobel hara?!” deyiblər.

Biz özümüz də yaxşı bilirik,
Şeyx bizdən də yaxşı bilir – arif adamdı,
Onun sevinci yan düşə bilməz gözümüzdən,–
Ermənilərin dişi batmaz Şeyxə,
Şeyx göz-qulaq olsun özümüzdən!