adalet.az header logo
  • Bakı 18°C
16 Noyabr 2020 12:25
73685
MƏDƏNİYYƏT
A- A+

“Gözümü açandan evdə muğam səsi eşitmişəm” - MÜSAHİBƏ

““Segah” ifa edəndə Qarabağ gözümün önündən keçir. “Segah” birbaşa Qarabağla əlaqəlidir. “Segah” ladında bir sızıltı, yanğı, xalqın qan yaddaşı var. Muğamların hər biri mənə əzizdir, amma “Segah” ifa edəndə gözümün önündə Qarabağ canlanır”. “Ədalət” qəzetinin qonağı tarzən Rəşad İbrahimovdur.

-Rəşad bəy, zəhmət olmasa, özünüzü təqdim edin...

-İbrahimov Rəşad Qəşəm oğlu. Tar ifaçısıyam, tarzənəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasını bitirmişəm. Hazırda Azərbaycan Milli Konservatoriyasında, həm də onun nəzdində fəaliyyət göstərən Musiqi Kollecində çalışıram. Bununla yanaşı Beynəlxalq Muğam Mərkəzinin də solistiyəm.

-Qarabağ bölgəsindənsiniz. Düzdür, siz orada yaşamamısınız, amma mütləq ki, valideynləriniz doğma Qarabağımız haqqında sizə məlumat veriblər...

-Bəli, Qarabağdanam. Azərbaycanın hər bir bölgəsi mənə əzizdir. Əsas olan oldur ki, hər birimiz azərbaycanlıyıq. Hazırki dövrdə hər bir azərbaycanlı Qarabağlıdır. Əslən Qarabağın Ağdam bölgəsindənəm. Orada dünyaya göz açmasam da, ata-baba yurdum Ağdamdır. Şükür olsun ki, Ağdam da yaxın günlər ərzində azad ediləcək. Şəhidlərimizin, qazilərimizin, döyüşçülərimizin sayəsində Qarabağ məsələsi həll olundu. Ali Baş Komandanın ətrafında hər kəs bir yumruq kimi birləşdi, Ordumuz Qarabağ uğrunda vuruşdu və qələbə bizim oldu. Böyük qələbədir. Bu günlər insana yuxu kimi gəlir, amma şükür olsun ki, həqiqətdir. Şəhidlərimizə görə də kədərlənirik. Amma belə bir deyim də var: “Torpaq su ilə qarışanda palçıq olur, qan ilə qarışanda Vətən”.

Valideynlərim Ağdam, Qarabağ haqqında çox danışıblar. Qarabağ Vətənimizin mühim bir güşəsidir. 5 yaşımda Şuşada olmuşam. Dumanlı da olsa, həmin vaxtı xatırlayıram. Şuşadakı Gövhər Ağa Məscidi xəyalımda canlanır. Yaşım az olsa da, həmin məqamlar yaddaşıma həkk olunub. Əmilərimdən biri Şuşada yaşayırdı. Təəssüf ki, o vaxt Şuşa işğal olunanda oranı tərk etməli olub. Amma indi şükürlər olsun ki, Şuşamız bizimdir. Ağdam da yadıma gəlir. Hər zaman evimizdə Qarabağla bağlı söhbətlərə üstünlük vermişik. Qarabağın nisgilini çox çəkmişik. Bizim kənd işğalda olmasa da, cəbhəyə yaxındır. Hərdən gedib oradan Ağdama boylanırdım. Baxanda qəhərlənirdim, mənə pis təsir edirdi. Həsrətlə baxırdım. Şükürlər olsun ki, torpaqlarımızı geri qaytardıq.

“Qarabağ muğamlarımızın beşiyidir”

-Sənətə gəlməyinizi Qarabağlı olmağınızla əlaqələndirə bilərikmi?

-Sözsüz ki, elədir. Gözümü açandan evdə muğam səsi eşitmişəm. Atam həmişə evdə lent yazılarına qulaq asardı. Atam evdə olmayanda isə özüm dinləyərdim. Qeyd edim ki, əmim Mənsum İbrahimov xanəndədir. Onu hər kəs tanıyır. Genetik olaraq sənətə olan sevgi bizə ötürülüb. Uşaqlıqdan tara, kamançaya, muğama sevgi olub məndə. Milli musiqiyə sevgi olub. Bölgənin təsiri, əlbəttə ki, var. Əbəs yerə deyilmir ki, Qarabağ muğamlarımızın beşiyidir. Azərbaycanın bütün bölgələrindən gözəl ifaçılar var. Amma Qarabağ mühiti bir az başqadır. Hər iki insandan birində demək olar ki, səs var. Əmilərimdə də, atamda da səs olub. Onlardan yalnız Mənsum müəllim sənətin arxasınca gedib. Mən də onlara, böyük sənətkarlara baxıb, tarzənləri dinləyib sənətə gəlmişəm. İnsan gözünü açanda nə görürsə, onunla da formalaşır. Mən də muğam gördüyüm üçün ruhum sənətə yaxın olub.

-Tarın sarı siminə toxunanda insanın qəlbi titrəyir, birmənalı şəkildə Qarabağ göz önündə canlanır...

-“Segah” ifa edəndə Qarabağ gözümün önündən keçir. “Segah” birbaşa Qarabağla əlaqəlidir. “Segah” ladında bir sızıltı, yanğı, xalqın qan yaddaşı var. Muğamların hər biri mənə əzizdir, amma “Segah” ifa edəndə gözümün önündə Qarabağ canlanır. Şuşa, o yerlər, özümün uşaqlıq xatirələrim, valideynlərimin danışdıqları hər biri canlanır.

“Muğamın sütunu tardır”

-Sizə hansı musiqi daha çox doğmadır?

-Milli musiqilərimiz, muğamlarımız çox doğmadır. Bütün azərbaycanlılar muğamı sevirlər. Muğamın sütunu tardır. Alətlərimizin şahı da tardır. Bütün alətləri sevirik, amma muğamın kökü tardır. Daha sonra professsional bəstəkarların musiqilərini də sevirəm. Üzeyir bəy Hacıbəyovu, Fikrət Əmirovu, Qara Qarayevi, Arif Məlikovu çox dinləyirəm. Allah Üzeyir bəyə rəhmət eləsin, muğamlarımızı bir araya gətirib. Ruhu şad olsun, artıq Şuşamız işğaldan azad olunub. Üzeyir bəy bizim professional musiqimizin banisidir. Ondan sonra çoxlu bəstəkarlar yetişdi. Dünya musiqilərini də dinləyirəm, amma ruhuma yaxın muğamlarımızdır, milli musiqilərimizdir.

-İkinci Vətən müharibəsində əminizoğlu qəhrəmancasına şəhid oldu. Bu barədə danışaq...

-Bizim nəslimizdən iki nəfər şəhid var: İbrahimov İsrafil Zülfüqar oğlu, Nərimanov İdris Nazim oğlu. Bu iki şəxslə yanaşı başqa qohumlarım da döyüşlərdə iştirak edib. Ceyhun qardaşım, xalamoğlu Mehman hazırda cəbhədədir. Ceyhun hətta yaralanmışdı, yarası sağaldı, yenidən döyüşlərə qatıldı.

Əmimoğlu müharibənin ilk günlərindən döyüşlərdə olub. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində yer alırdı. Sentyabrın 27-dən oktyabr ayının 26-sına qədər qəhrəmancasına döyüşüb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. İgidlik göstərib. Vətən sevgisi onun qanında olub. Atamgilin özü yeddi qardaşdırlar ki, onlardan da beşi Birinci Qarabağ müharibəsində iştirak edib. O beş nəfərdən üçü qazidir. İsrafilin dəfn mərasimində Bayrağı atasına təqdim edəndə qeyd etdi ki, Şəhidlik mənə və əmilərinə qismət olmadı, amma oğluma qismət oldu. Dedi ki, bununla fəxr edirəm, Vətən sağ olsun!

İsrafilin yaralı döyüş yoldaşları ilə danışanda deyirlər ki, çox mərd oğlan olub İsrafil. Laçın uğrunda gedən döyüşlərdə Şəhid oldu. Ağdamda Quzanlıda dəfn etdik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Əmimoğlu gülə-gülə döyüşlərdə iştirak edirdi. Əmimlə danışanda deyib ki, mən Şəhid olsam, məni ağlamayın. Şəhid olmağı arzulayaraq düşmən üzərinə getdi. Vətən uğrunda Şəhid oldu. Şəhidlərimizin məkanları cənnət olsun. Allah Şəhidlərimizə rəhmət eləsin.

Rövşən Tahir