adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Noyabr 2020 10:00
39540
HÜQUQ
A- A+

Ermənistana aparılan bütün tapıntılar Azərbaycana qaytarılsın - Arxeoloqları Baş prokurora müraciət etdilər

Azərbaycanda arxeoloqlar Respublikanın Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Adalet.az-a verilən məlumata görə, müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparmaları məsələsinə toxunulub.

Qeyd edilib ki, 2002-ci ildən başlayaraq ermənilər xarici ölkə alimlərini cəlb etməklə on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Qədim Daş dövrünə - Paleolit dövrünə aid Azıx mağara düşərgəsində qanunsuz arxeoloji qazıntı işləri aparmış, respublikanın aidiyyatı orqanlarının müvafiq izacəsi olmadan əldə edilmiş tapıntılar Ermənistan ərazisinə daşınmışdır.

Müraciətdə qeyd edilmişdir ki, Ağdam rayonunun işğalda olan Şahbulaq qalası yaxınlığında 2005-cı ildən etibarən Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloji kəşfiyyat işləri aparmış, 2006-cı ildən bu qrup, başda Yerevan Dövlət Universitetinin Kultorologiya fakültəsinin rəhbəri olan Hamlet Petrosyan olmaqla qanunsuz arxeoloji qazıntılara başlamışdır. Bu qazıntılar 2020-ci ilin iyul ayına qədər 14 il fasiləsiz davam etdirilmişdir. Ermənilər qanunsuz olaraq Azərbaycana məxsus qədim şəhər yerində arxeoloji işlər aparmaqla uydurma “Tiqranakert şəhərinin” tapdıqlarını və bu ərazilərin guya “ermənilərin qədim əraziləri olduğu” haqqında uydurmalarla dünya mətbuatında daimi çıxışlar etmişlər. 2009-cu ildə bu ərazilərdə “Tiqranakert qoruğu” təşkil edən qondarma rejim, 2010-cu ildə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına məxsus Şahbulaq qalasında “Tiqranakert Arxeoloji Muzeyi” yaratmışdır.

Şahbulaq qalasında müsəlman abidəsini muzeyə çevirərək, uzun müddət aparılan qanunsuz qazıntıların nəticəsində ətraf ərazilərdən aşkar etdikləri arxeoloji materialları bu muzeydə saxlamışlar.

Müraciətdə qeyd edilmişdir ki, ermənilər və onların başqa ölkələrdən olan həmkarları işğal edilmiş ərazilərdə qeyri-qanuni qazıntıları ilə Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il 10 aprel tarixli Qanunun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozmuşlar.

Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulamışlar.