adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: FÜZULİDƏN ŞUŞAYA...

FAİQ QİSMƏTOĞLU
92539 | 2020-11-18 12:29

Azərbaycan çox güclü və qüdrətli dövlətdir. Bunu bütün dünya bilir və artıq Azərbaycanla razılaşır. Ən azından ona görə ki, bu qüdrətli dövlət işğal altında olan torpaqlarını 44 gündə azad eləməyi bacardı. Təbii ki, bu Böyük Qələbə heç də asanlıqla əldə edilməyib. Çünki qüdrətli dövlətimiz bu müharibəyə uzun illərdir hazırlaşır. Cənab prezident və Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında bir fikri xüsusilə səsləndirib ki, mən nəyi nə vaxt eləməyi çox yaxşı bilirəm.

Aydındır ki, müharibəyə gedən yol böyük savaş demək idi. Və bu böyük savaşda da Azərbaycan dünya arenasında siyasi, iqtisadi və hərbi cəhətdən yüksək inkişaf mərhələsinə çatmışdı. İqtisadi islahatlar, ordu quruculuğu onu deməyə əsas verirdi ki, biz işğal altında olan torpaqlarımızı qısa zaman kəsiyində azad edəcəydik.

Böyük Vətən Savaşı sentyabrın 27-də başlandı, noyabrın 10-da Ermənistanın təslim olmasıyla nəticələndi. Üç ölkənin – Azərbaycanın, Rusiyanın və Ermənistanın dövlət başçılarının iştirakıyla bəyannamə imzalandı. Və bu bəyannaməyə uyğun olaraq Rusiyanın sülhməramlı qüvvələri Laçın dəhlizinə və Dağlıq Qarabağın qaynar nöqtəsinə gətirildi. Əlbəttə, sülhün əldə edilməsi çox böyük uğur idi. Azərbaycanın hərb meydanında böyük qələbə qazanması erməniləri məcbur edib bəyannaməni imzalamağa şərait yaratdı. Göründüyü kimi, sülh birdən-birə əldə olunmadı. Ermənistan ordusunun mifi tamamilə darmadağın edildi. Bir daha aydın oldu ki, müzəffər Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə ala bilməz.

Hətta Ermənistan havadarlarının kimlərin olmasından asılı olmayaraq, rəşadətli Azərbaycan Ordusu qısa zaman kəsiyində Füzulini, Cəbrayılı, Hadrutu, Zəngilanı, Qubadlını və Şuşanı erməni işğalından azad elədi. Ordumuzun döyüşkənliyi, şücaəti və mübarizliyi bir daha dünyanı təəccübləndirdi. Və onlar qəbul etməli oldular ki, Azərbaycan Ordusu hərb tarixində yeni bir səhifə açdı, 44 gündə yeni bir şanlı qızıl səhifə yazdı. Bu qızıl səhifə bizim qürurumuz və vüqarımızdı. 

O millət xoşbəxtdir ki, Böyük Vətən Savaşında uşaqdan tutmuş böyüyə qədər hamı ayağa qalxıb Vətəni müdafiə etmək üçün silaha sarılır. Və Azərbaycan da bu böyük savaşda ayağa qalxdı, 10 milyonluq xalq bir yumruq kimi birləşdi, Azərbaycan Prezidentinin ətrafında toplandı. Əgər 10 milyonluq xalq bir yumruq kimi birləşə bilirsə, deməli, onun gücü qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Bir çoxları elə təsəvvür edirdilər ki, müharibə bir neçə gündən sonra ermənilərin havadarları tərəfindən dayandırılacaq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev böyük savaş ərəfəsində dəfələrlə xalqa müraciət edərkən dedi ki,  bu böyük savaşda bizi heç bir qüvvə dayandıra və saxlaya bilməz. Heç bir qüvvə də bizi saxlaya bilmədi.

Noyabrın 8-də bizim and və güvənc yerimiz olan Şuşa şəhəri Azərbaycan Ordusu tərəfindən erməni işğalçılarından azad edildi və Şuşaya Azərbaycan əsgəri üçrəngli bayrağımızı sancdı. O bayraq noyabrın 8-dən Şuşa şəhərində dalğalanır. Və bu bayraq daimi olaraq Şuşamızda dalğalanacaq.

Ali Baş Komandan, cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva ilə noyabrın 16-da işğaldan azad olunmuş  Füzuliyə və Cəbrayıla səfəri bir daha göstərdi ki, ölkə prezidenti xalqını çox sevir və həmişə onun arasındadır. Bu sevgi Füzulidə olarkən camaatın cənab prezidenti çox böyük coşqu ilə qarşılaması özünü bir daha bariz şəkildə göstərdi. Ali Baş Komandan maşını saxlatdıraraq yerə düşdü və camaatla görüşdü. Bu özü onu göstərirdi ki, xalq prezidentə arxa və dayaqdı, onu çox istəyir və prezident də xalqa söykənir. Bu möhtəşəm görüntünü izləyərkən bir ziyalı və jurnalist kimi çox kövrəldim. Kövrəldim ki, prezident və xalq bir yerdədir. Və ona da sevindim ki, prezidenti qarşılamağa çıxan insanlar bir ağızdan deyirdilər: “Qarabağ Azərbaycandır!”.

Cənab Prezident Füzulidə olarkən çox möhtəşəm bir layihənin təməlini qoyulması bu xalqı və bu milləti daha da sevindirdi. Çünki cənab prezident və Birinci vitse-prezident Füzulinin Alxanlı kəndindən Şuşaya çəkilən yolun təməlqoyma mərasimində iştirak etdilər və xeyir-dua verdilər. Füzuli-Şuşa yolunun uzunluğu 101 km yarımdır. Artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu yolun ilkin tikintisinə başlayıb. Təməlqoyma mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov işin gedişi ilə bağlı cənab prezident İlham Əliyevə məlumat verib. Əlbəttə, bu yolun inşa edilməsi və tikilməsi çox böyük strateji əhəmiyyətə malikdir. Və bu gün Azərbaycan xalqı çox böyük sevinc içindədir. Sevinc içindədir ki, Füzuli-Şuşa avtomobil yolu qısa zaman kəsiyində tikiləcək və istifadəyə veriləcək. Həmin yolun tikintisinə cənab prezident İlham Əliyevin sərəncamı ilə 50 milyon manat vəsait ayrılıb.

Cənab prezident təməlqoyma mərasimində qeyd etdi ki, respublikamızda dünya standartlarına cavab verən avtomiobil yolları inşa edilib. Bəli, bu həqiqətən də belədir. Ölkəmizin şimal, qərb, cənub, şərq istiqamətində tikilmiş yolların keyfiyyətinə söz ola bilməz. İndi  isə bu yol Füzulidən Şuşaya çəkilir. Onu da qeyd etməliyik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  tikilən bütün yolları müasir tələblər səviyyəsində inşa edir. Füzulidən Şuşaya çəkiləcək yol isə təbii ki, daha keyfiyyətli və daha möhkəm olacaq. Bu yol həm də bizi 30 illik həsrətdən sonra Məkkəmiz olan Şuşaya qovuşduracaq. Şuşaya bir göz qırpımında işıq çəkildi. İndi də avtomobil yolu tikilir. Və tam əminliklə deyə bilərik ki, bu yol gələcəkdə işğaldan azad olunmuş Cəbrayıla, Zəngilana, Qubadlıya və eləcə də yaxın zaman kəsiyində azad ediləcək Ağdama, Kəlbəcərə, Laçına çəkiləcək.

Böyük Vətən Savaşında tək əsgərlərimiz, ordumuz qəhrəmanlıq göstərmədi, həm də arxa cəbhə ön cəbhəyə söykək oldu. Artıq işğaldan azad olunan yaşayış məntəqələrimizdə bütün infrastrukturlar və kommunikasiya xətləri bərpa edilməyə başlanılıb.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də arxa cəbhədə öz missiyasını Böyük Vətən Savaşında çox şərəflə, məsuliyyətlə  yerinə yetirib. Bu gün isə onların çiyninə ikiqat məsuliyyət düşür. Qısa zaman kəsiyində işğaldan azad olunmuş rayonlarımıza ən müasir səviyyədə avtomobil yolu çəkilməlidir. Digər yollar kimi bu yollar da Allahın köməkliyi ilə inşa ediləcək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyük Vətən Savaşında arxa cəbhə olaraq  öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirəcəkdir.

Bu gün Böyük Vətən Savaşı başa çatsa da, böyük quruculuq, tikinti və inşaat işlərinə start verilib. Bu iş isə bütün qurumlar tərəfindən vaxtında  icra edilməli, hər bir nazirlik, komitə və agentlik vətənə öz xidmətini göstərməlidir. Ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, biz isə onu yenidən tikib xalqın istifadəsinə verməliyik. Qarabağ Azərbaycandır! Və biz birlikdə güclüyük. Biz gücümüzü cəbhədə olduğu kimi, quruculuq işlərində də göstərəcəyik.

TƏQVİM / ARXİV