adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Vasifin şəhəri 

MEHMAN CAVADOĞLU
126128 | 2020-11-19 09:07

Bu şəhərin əsasını Pənahəli xan 1752-ci ildə qoyub. Elə ona görə də ilk dönəmlərdə onun şərəfinə Pənahabad adlanıb.

Nadir şahın ölümündən sonra zəifləyən mərkəzi hakimiyyətin hüdudlarında, o cümlədən Azərbaycanın quzeyində də yaz yağışından sonra hər yanı basan göbələklər kimi saysız-hesabsız kiçik dövlətlər yaranır.

Qarabağ xanlığı da həmin hərcmərclik dövrünün məhsuludur. Başqa bölgələrdən, məsələn, Bakı, Şamaxı, Gəncə, Şəki, Naxçıvandan fərqli olaraq Qarabağda paytaxt tələbini ödəyən, ən əsasısa, möhkəm müdafiə sipərinə malik şəhərlər olmadığı üçün yeni paytaxtın salınması zərurətə çevrilir. Pənahəli xanın xanlığın ilk dönəmində indiki Ağcabədi rayonunun ərazisində tikdirdiyi Bayat qalası, Ağdamda inşa elədiyi, hazırda ermənilər tərəfindən kilsəyə şevrilmiş Şahbulaq qalası dövrün ehtiyaclarını ödəmirdi. Çünki çoxsaylı xanlıqlar həm də çoxsaylı düşmən deməkdir və bu düşmənlərdən qorunmaq üçün daha etibarlı paytaxta ehtiyac var idi.

Qılıncla bərqərar olmuş imperiyaların dağıntıları altından boy atmış kiçik dövlətlərin bir-biriylə qatı düşmənçiliyi təkcə Azərbaycan hadisəsi deyil, ta qədimdən dünyanın dörd bir yanında üzə çıxan tarixi fenomendir. Makedoniyalı İskəndərin ölümündən sonra ucsuz-bucaqsız imperiyanın daxilində baş verən prosesləri Avstriya tarixçisi F. Şaxermayr əbəs yerə “hamının hamıya qarşı müharibəsi” adlandırmamışdı.

Bu gerçəkliyi nəzərə alan Pənahəli xan da paytaxtı hər tərəfdən təbii istehkamlarla qorunan Şuşa ovalığına köçürmək barədə qərar verir, həmin ovalığın dörd bir yanına hündür və möhkəm qala divarlarından bənd çəkir. Elə bir bənd atır ki, şuşalılar uzun illər boyu öz qala-paytaxtlarını nəinki qonşu xanlıqların basqınından, hətta şah Qacarın bir aya yaxın davam eləyən mühasirəsindən, sonralar qalada möhkəmlənmiş ruslarsa şahzadə Abbas Mirzənin hücumundan 48 gün qoruya bilir.

Siz Azərbaycan ordusunun son müharibədə göstərdiyi möcüzəyə, onun möhtəşəm blitskrikinə baxmayın, indinin özündə belə müasir hərb sənayesinin imkanlarıyla bu şəhəri dağıtmaq asan olsa da, almaq çox çətindir.

Şuşaya ən ağır günləri gəldi-gedər qoşunlar yaşatmadı. Bu qoşunların gətirdiyi dərdin yaraları nə qədər ağır olsa da, tezliklə sağalırdı. Şuşanın əsl məşəqqəti rusların himayəsiylə ora köçürülən ermənilərin sayının gün-gündən artmasıyla başladı. Sayları çoxaldıqca iştahları da böyüdü, əvvəlcə ayrıca məhəllə yaratdılar, bu azmış kimi “arxalı köpək qurd basar” məsəlinə aldanıb bütün şəhərə göz dikdilər. Əsl dağıntılar da bundan sonra başladı. Ötən əsrin əvvəllərində düz üç dəfə – 1905, 1918 və 1920-ci illərdə şəhərdə dağıntılar, qırğınlar törədərək ona yiyələnməyə cəhd etsələr də bacarmadılar. İstəklərinə 1992-ci ildə çatdılar. Rus qoşunlarının əliylə şəhəri alıb 28 il işğalda saxladılar.

Həmin işğal dövründə nəinki yurd-yuvalarından qovulan şuşalılara, hətta şəhərin maddi-mənəvi sərvətlərinə qarşı əsl genosid törətdilər. Bu genosidin hələ təkcə Vikipediyada əksini tapmış az bir qisminin siyahısına baxın: “Vandallar 600-dən çox tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini (sonradan İrana yalmanmaq üçün bərpa edilib-red.), Aşağı Gövhər ağa məscidini, Xurşid banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib”.

Reyestrdə bütövlükdə 135 maddi-mədəniyyət abidəsi olan bu kiçik şəhərin bir çox tikililərini ermənilər hələ əsrin əvvəllərində dağıtmışdılar.

Şuşa daha çox müdafiə məqsədiylə salınsa da, daim hücumlara, dağıntılara məruz qalsa da, tez-tez müxtəlf orduların tapdağı altına düşüb qanlı savaşlara meydan olsa da, bu onun çoxsaylı epitetlərində öz əksini tapmayıb. “Alınmaz qala” da daha çox coğrafi bənzətmə anlamında işlədilib. Xalq onun adını həmişə “dağlar gözəli”, “Azərbaycan incisi”, “sənət məbədi”, Qafqazın musiqi konservatoriyası” kimi sülh və barış ruhlu epitetlərlə anıb. Hətta “Balaca Paris” də adlandıranlar olub.

Boyunun balacalığına bənd olmayın, böyüməsinə təbii relyefi imkan verməyib. Əvəzində bu gözəlim şəhər ölkəmizin, dünyanın zəngin mədəniyyət beşiyinə, mənəviyyat mücəssiməsinə çevrilib. Bu qədər qovğalara rəğmən şuşalılar bu sıldırım qayaların arasında öz arzularının şəhərini, onun qan-qadadan uzaq alternativ tarixini də yaradıblar.

Hər bir ölkənin, şəhərin, xalqın tarixinin dava-şavadan kənar dinc dövrü də var. Əksər oxucular tarix kitablarının təsərrüfat ukladı, vergi münasibətləri, demoqrafik situasiya və s. bu qəbildən olan sosial münasibətlər sistemini özündə əks etdirən fəsillərini oxumağa ərinir, ən yaxşı halda vərəqləyə-vərəqləyə göz gəzdirməklə ötürürlər. Müharibələrin, saray çəkişmələrinin dramatizmindən məhrum olan bu səhifələr çoxları üçün solğun və yeknəsək görünür.

Yalnız xalqın taleyi ciddi sınaqlara çəkiləndə onlara maraq artır. Məsələn, Ermənistanın Qarabağa təcavüzünün ilk illərində hər kəsin cibi və qovluğu bu cür arxiv sənədlərinin kustar üsulla çıxarılmış surətləriylə doluydu. Həmin sənədlər, Veliçkonun, Şavrovun və bu tip başqa müəlliflərin kitabları, tanınmışların erməni həqiqətləri və xisləti barədə arxivlərin toz basmış künclərində yatıb qalan fikirləri, şeirləri şou-biznes terminiylə desək, bir anın içində xitə çevrilmişdi.

Bu cür tarixi məlumatlar bir də tarixi roman yazan yazıçılara, film çəkən rejissorlara lazım olur ki, onların da böyük bir qismi daha çox məsləhətçilərin xidmətindən yararlanırlar.

Aylarla, illərlə arxivlərdə işləmək, kobud desək, eşələnmək kənardan baxanlara çox yorucu, darıxdırıcı məşğuliyyət təsiri bağışlayır. Bu işin zövqünü, hər yeni tapıntının gətirdiyi sevinc hisslərini yalnız həyatının çox hissəsini orda keçirənlər bilər.

Belə “arxiv generalları”ndan biri də Vasif Quliyevdir. Arxivlərdə qocalan jurnalist dostumuz Şuşanın canlı, yeriyən tarixidir. O, bu şəhərin təkcə siyasi keçmişini yox, bundan pis-yaxşı hamının başı çıxır, sosial tarixini də sözün həqiqi mənasında şeir kimi əzbər bilir. Onun hər tikilisini, hər biri ayrıca kitab olan 17 məhəlləsinin küçələrinə döşənmiş, qala divarlarına hörülmüş hər daşını, yalan olmasın, “adbaad” tanıyır.

Vasifin təxminən 45 illik, bəlkə də daha çox arxiv stajı var. Ən maraqlısı da odur ki, bu rayonun adamlarını, onların şəcərəsini, kimin hardan gəlib hara getdiyini, hər bir şuşalının yeddi arxa dönənini, kimin kiminlə necə qohum olduğunu onların özündən də yaxşı bilir. Qızışıb saymağa başlayanda saxlamaq da olmur.

Şuşanın sahibi Cavanşirlər sülaləsi olsa da, sonradan şəhər daha bir aristokrat zümrənin vətəninə çevrilir. Qardaşı Məhəmməd şahın təqibindən qaçıb (taxt-tac xofundan qaynaqlanan bu qardaş düşmənçiliyi də şərq monarxiyalarında bir ayrı dərd olub) Rusiya imperiyasına sığınan, sonra da yaşayış yeri kimi Şuşanı seçən şahzadə Bəhmən Mirzə 16 arvadı, 60-dan çox uşağı, zəngin arxivi və kitabxanası, uşaqları üçün tikdirdiyi ayrıca məktəbi, hamamı və təbii ki, böyük malikanəsiylə şəhərin Köçərli məhəlləsində yerləşir. Əcdadlarının top-tüfənglə ala bilmədiyi şəhəri xoş məramla “işğal” eləyir.

Sonralar Azərbaycanın elm və mədəniyyət tarixinə ünlü simalar bəxş etmiş bu iki aristokrat sülalənin tək birinin şəcərəsini bitdə-bitdə öyrənmək bir tədqiqatçı ömrünə sığmayan yükdür. Amma Vasifin Bakının, Moskvanın, Tiflisin arxivlərində keçən ömrünün məhsulu olan 20-dən çox kitabında, sayını özü də itirdiyi məqalələrində nəinki bu iki sülalə, sosial mənşəyindən asılı olmayaraq az qala, hər bir şuşalı ailəsi haqqında müfəssəl məlumatlar tapa bilərsiniz.

28 illik işğal dövründə o bir dəfə də olsun “Şuşa” deyib sızlamadı, ah-uf eləyib ağlamadı, başını aşağı salıb öz işini gördü. Çünki onun qəlbindəki, xəyallarındakı Şuşa toxunulmaz, müqəddəs bir məkan idi, yağı tapdağıyla murdarlanmamış, hər tərəfə işıq saçan, ləkə götürməyən parlaq bir şüşəydi.

Özünü reklam eləməyi, oturub arxayın söhbət eləyəndə də gördüyü işlərdən danışmağı sevməyən adamdır Vasif. Ha qurdalayırsan xeyri olmur, başqa mövzulardakı zarafatlarıyla adamı yola verir.

“-Ay Vasif, inanmıram bu ölkədə Şuşanı səni qədər tanıyan başqa kimsə var. Heç bir dəfə də olsun səni nə tarixçi, nə ekspert, nə də adi bir jurnalist kimi Şuşa söhbətlərinin içində görmədim” - deyə bir dəfə kefimizin kök vaxtında soruşdum.

“-Əşi, sən də söz tapdın da danışmağa. Qoy oturmuşuq, oturduğumuz yerdə. Xoşum gəlmir e, daram-daram, mən də varam”.

Arxivlərdə keçən ömründən söz düşəndə daha çox patriarxal şüurun hökm sürdüyü cəmiyyətlərə xas bir məqamı qabartmağı sevir, sonra da acı-acı gülümsəyir:

“-Bircə biləsən, özünü kimlərinsə nəslinə calamaq üçün üstümə nə qədər minnətçi düşənlər var”.

Onun tədqiqatlarının cəmini bir yerə yığsan neçə-neçə namizədlik, doktorluq dissertasiyalarının yükünü çəkər, hamısını bir yerə toplayıb sistemləşdirsən, mötəbər bir “Şuşa ensiklopediyası” yaranar. Ancaq bu işlərin texniki tərəfi elmi-yaradıcı aspektlərindən qat-qat çox olduğu üçün baş qoşmur, əlavə vaxt itkisi sayır.

Ona görə də hərdən adama elə gəlir ki, adamın qatlaşdığı bu ağır zəhmət, sadəcə, “Sizif əməyi”dir. Təbii ki, ifadənin əsatirdən gələn mənasında yox, Kamyunun onda “tapdığı” anlamda “Sizif əməyi”.

P.S. Yazı saytda gedən kimi Vasifdən zəng gəldi. Şuşa şəhərinin əsası 1752-ci ildə yox 1750-ci ildə qoyulub. Dedim, Vasif bütün mənbələr, ensiklopediyalar elə yazır. Dedi, onu yazanları göndər yanıma sübut edəcəm.

P.P.S. Bunun mübahisəsini telefonda çözə bilmədiyimiz üçün yanıma qalxdı, elə bu an telefonuna zəng gəldi. Kimsə Şuşada Əhməd Bəy Ağaoğlunun evini axtarır, tapa bilmirdi. Görünür simsarlığı var imiş. Telefonda sinədəftər izah elədi. Adlarını unutmuşam, "filan küçədən sağa dön", " neçə addımdan sonra sola dön", beləcə "Böyük meydan, kiçik meydan" deyə-deyə düz adamı Əhməd bəy Ağaoğlunun evinə kimi "apardı".

 

M.Cavadoğlu

 

 

TƏQVİM / ARXİV