adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Noyabr 2020 14:54
58763
MƏDƏNİYYƏT
A- A+

"Tarı sevmişəm, seçmişəm" - MÜSAHİBƏ

“Vətən tam olanda insanlar nisgilli olmaz. Artıq torpaqlarımız alınıb və insanlarımızın sevinc göz yaşlarını saxlamaq mümkün deyil. Düşünürəm ki, Qarabağ təkcə Qarabağlıların deyil. Qarabağ bütün azərbaycanlılarındır”. “Ədalət” qəzetinin qonağı Respublikanın Əməkdar artisti Elçin Həşimovdur.

-Elçin müəllim, söhbətimizə elə Füzulidən başlayaq...

-Özüm Füzulidə anadan olmasam da, əslən oralıyam. Atam İkinci Mahmudlu kəndindəndir, anam Əhmədbəyli. Füzulini çox gözəl xatırlayıram. Hər yay Füzuliyə gedirdim. Atam orada ev tikdirmişdi, bax həmin ev indi də var. Qarabağ müharibəsi zamanı bir az zədələndi, amma bütövlükdə evimiz qalır. Yay aylarını həmişə kəndimizdə keçirmişik.  Bütün qohumlarım kənddə yaşayırlar. Əmilərim, dayılarım Füzulidədirlər. Müharibə gedən vaxtı belə oranı tərk etmədilər. Füzulinin özündə də dəfələrlə olmuşam. İstər Füzulinin mərkəzini, istərsə də ətraf kəndlərini gəzmişəm. Bilirsiniz ki, yazdan sonra təbiətdə canlanma olur. Yay vaxtı Füzuliyə gedəndə bax o yaşıllığı görürdük. Yuxarı kəndlər hansı ki, dağlıq hissədə yerləşir, onlar sərin olur. Orada elə bulaqlar var idi ki. O bulaqlara qədər xatırlayıram. Hətta toylarda tar çalmağıma qədər yadımdadır. Allah ölənlərinizə rəhmət eləsin, atamın təkidi ilə toylarda tar ifa etmişəm, gözəl xanəndələri görmüşəm. Xatirələr çoxdur. Əmimgildə, atamın əmisioğlugildə, digər qohumlarımgildə də tar vardı. Düzdür, qohumlarım sonradan tar ifaçılığının arxasınca getmədilər. Yalnız onların arasında mən bu sənəti seçdim.

O vaxt bizim kəndimiz də işğala məruz qalmışdı, amma əks-hücum nəticəsində işğaldan azad olunmuşdu. İşğal vaxtı qohumlarım digər rayonlara, hətta bizim öz evimizə belə məcburi köçkün kimi gəlmişdilər. Onların hər biri yadımdadır. Sonradan kəndimiz azad olunandan sonra hamı qayıtdı və öz işi ilə məşğul oldu. Kəndimiz təmas xəttinə yaxın bir ərazidə idi. Artıq bunu söyləmirik, çünki müzəffər Ordumuz düşməni torpaqlarımızdan qovalayıb.

“Tar ifaçılığı çətin sənətdir”

-Yaradıcılığınızdan söhbət açaq. Tarın incəliklərindən danışaq...

-Elə bir mühitdə böyümüşəm ki, ətrafımda sənətə meyilli insanlar olub. Atam gözəl tar ifa edən olub, gözəl səsi var idi. Sənət dostlarımın çoxsu atamın oxumaqlarını görüblər. Atamı çox bəyənirdilər. Atamın səsi kiçik bacıma keçib. O da musiqiçi idi, amma indi Dövlət işində çalışır. Tar sənətinə bağlılıq bizdə irsi olub. Anamın atası həvəskər tar çalan idi, dayılarımın musiqidən gözəl anlayışları var. Onların övladları arasında musiqi ilə ciddi məşğul olanlar da var. Tarzən Ədalət Behbudov Aytən Məhərrəmovla, kamança  ifaçısı Pərviz Fərhadovla birlikdə ifa edir. O, atamın dayısı nəvəsidir. Bizdə mühit elədir ki, tara meyil var. Mən də tarı sevmişəm, seçmişəm. Tar ifaçılığı çətin sənətdir. Düzdür, asan bir sənət yoxdur, amma tar sənətinin çətinliyi ondadır ki, onu qolunda tutub saxlamaq bir az ağırlıq yaradır. O baxımdan əvvəl-əvvəl tarı öyrənmək çətin olur. Tarı mütləq ki, sinəndə tutub saxlamalısan. Bununla yanaşı barmaqlarını hərəkət elətdirməlisən. Bir az çətinlikləri çoxdur. Artıq 30 ilə yaxındır ki, müəlliməm. Bilirəm ki, kiçik yaşlı uşaqlara bu tarı öyrətmək nə qədər çətindir. Mənim ilk müəllimim Fikrət Manafov olub. Allah ona can sağlığı versin. O, tarı mənə incəliklərinə qədər öyrədi. Tar ifaçılığında çoxlu məşqlər lazımdır. Gün ərzində 4-5 saat, bəzən 7-8 saat məşq etməlisən. Elə günüm olub ki, 10 saat belə tarda məşq etmişəm. Təbii ki, birnəfəsə demirəm, bir az istirahət edərək. Ağır sənətdir, amma hörmət gətirən sənətdir. Tar ifaçılarını göz önündən keçirəndə görürsən ki, necə sənətkarlar onu ifa edib. Sənətimin vurğunuyam, onunla nəfəs alıram.

““Qarabağ Şikəstəsi” uzanan bir səslərlə əhatə olunur”

-“Qarabağ Şikəstəsi”...

-“Şikəstə” sözünün mənası “musiqi” deməkdir. Qarabağ işğalından sonra “Qarabağ Şikəstəsi” fərqli səslənməyə başladı. Mübarizə simvoluna, mənəvi qürur yerimizə çevrildi. Bu ruhda tərbiyələnən insanlar torpaqlarımızı işğaldan azad etdilər. Mənsum müəllimin rəhbərliyi ilə “Qarabağ muğam qrupu” olaraq biz dünyanın bir çox ölkələrində konsertlərlə çıxışlar edirik. Bu adı xarici ölkələr üçün seçmişik ki, hara getsək, özümüzdən öncə Qarabağın adı səslənsin. Bu, bizim çatdırmaq istədiyimiz mesajdır. Bu adla xaricdə çox işlər görmüşük. Çox təbliğat işləri həyata keçirmişik. Fransız, alman, müxtəlif dillərdə Qarabağ haqqında məlumatlar dərc elətdirmişik. Bu vaxta qədər Qarabağın işğal altında olması kimi məlumatları dünya ictimaiyyətinə çatdırmışıq. Bunların hər birini təbliğ etmişik. Hər zaman da konsertimizin sonunda “Qarabağ Şikəstəsi”ni ifa etmişik. Bir dəfə Latviyada konsertimizə Latviyanın Prezidenti gəlmişdi. O, musiqiyə qulaq asandan sonra öz təəssüratını belə bölüşmüşdü: “Mən sözləri anlamadım, nədən bəhs edilir, bilmədim, heç onun sinxron tərcüməsini də istəmədim. Sadəcə belə başa düşdüm ki, bu musiqidə qeyri-adilik var və bu musiqi yer musiqisi deyil, fəza musiqisidir”. Bilirsiniz ki, “Qarabağ Şikəstəsi” uzanan bir səslərlə əhatə olunur və sanki bir haray, bir çağırışdır. Hər dövr üçün “Qarabağ Şikəstəsi” önəmli musiqidir. Bu musiqi Qarabağın bizim olmasını müəyyənləşdirən, Qarabağın tarixini əsaslandıran faktorlardan biridir. Necə ki, “Şuşanın dağları” mahnısını oxumaqla həmin dağların Azərbaycana məxsus olmasını qeyd edirik, eləcə də “Qarabağ Şikəstəsi” ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayırıq. Bu bizim tariximizdir. Muğam sənətinin müqəddəsliyi  bundadır ki, o, özündə bizim bütün tarixi mədəniyyətimizi ehtiva edir, canlandırır. İstər muğamlar, xalq mahnıları, istərsə də aşıq mahnıları bizim tariximizdir, mənəvi dəyərlərimizdir. Onları göz bəbəyi kimi qorumalıyıq. Bizdən başqa bizim alətlərimizdə də heç kim bizim kimi ifa edə bilməz. İstəsələr də ifa edə bilməzlər. Çünki bu bizim qanımızdan, genetikamızdan irəli gəlir.

-Qarabağlılarla nə zaman müsahibə etdimsə, onlarda bir nisgil gördüm...

-Vətən tam olanda insanlar nisgilli olmaz. Artıq torpaqlarımız alınıb və insanlarımızın sevinc göz yaşlarını saxlamaq mümkün deyil. Düşünürəm ki, Qarabağ təkcə Qarabağlıların deyil. Qarabağ bütün azərbaycanlılarındır. Müqəddəs adı qazanıb şəhidlik zirvəsinə yüksələn, orada qanı tökülən hər bir insanın, hər bir Vətən oğlunun, hər birimizindir Qarabağ. Azərbaycanın rəşadətli Ordusu var, güclü Ali Baş Komandanı var. Torpaqlarımızın işğaldan azad olunması bizim milli mənliyimizi özümüzə qaytardı. Birinci növbədə Ordumuza və Ordumuzun başında duran Ali Baş Komandanımıza təşəkkür edirəm. “Qarabağ Azərbaycandır” şüarı tarixə düşdü. Allah Ordumuzu, Ali Baş Komandanımızı qorusun.

Rövşən Tahir