adalet.az header logo
  • Bakı 11°C
19 Noyabr 2020 13:14
35999
MƏDƏNİYYƏT
A- A+

Zəngilanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Zəngilanın gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımla məlumat verib.

“Azad edilmiş torpaqlarımızın geniş turizm potensialı var. Biz artıq bu potensialı qiymətləndiririk. Bu gün isə Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuzun azad etdiyi Zəngilanın gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Zəngilanın səfalı yerləri, o cümlədən XIV əsrdə inşa edilmiş, səkkizguşəli prizmadan ibarət Məmmədbəyli türbəsi, XII əsrə aid edilən qədim Şərifan şəhərinin qalıqları, Ağbiz kəndində yerləşən eyni adlı tarixi bulaq, xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan ağ rəngli daş, rayonun Babalı kəndində yerləşən alban kilsəsi və 1974-cü ildə 107 hektar ərazidə əsasən nadir təbii çinar meşəliyini qorumaq məqsədilə yaradılmış Bəsitçay qoruğu haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx təqdim olunmuşdu.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.