adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Aqil ABBAS: ÖSKÜRÜB İNDİ AYILIBLAR 

AQİL ABBAS
89004 | 2020-11-23 18:00

Deməli belə. Oxuyuram  və eşidirəm ki, Avropanın hansısa kərtənkələ təşkilatları, eləcə də UNESCO Qarabağdakı (artıq «Dağlıq Qarabağ»  sözü  çezala)  xristian dini məbədlərini  və abidələrini qorumaq üçün xüsusi bir  komissiya yaradıblar və istəyirlər ki, həmin komissiya gedib yerində yoxlasın və sənədlər hazırlasın.

Deyəsən, bunlar  öskürüb indi ayılıblar. 30 ildi Qarabağda ermənilər Alban və İslama aid  bütün  abidələri (elə təkcə 63 məscidi) darmadağın ediblər. Amma bu günə qədər Avropada heç bir təşkilat  bununla maraqlanmayıb. İndi nə oldu,  birdən-birə xristian abidələrini qorumaq  istədilər?

Əvvəla, hər bir müsəlman həm İsanı, həm Musanı müqəddəs bilir və bu «Quran»da da qeyd olunur. Və hər bir xristian kilsəsi də, sinaqoq da bizim üçün müqəddəsdi və toxunulmazdı. Buna ən bariz nümunə Bakıdakı erməni kilsəsidi.

İkinci ən bariz nümunə Bakıda  katoliklər  üçün, pravoslavlar və yəhudilər  üçün yeni məbədlərin  tikintisidir.  Yəni  çox saymaq olar.

Hətta Zərdüştizmin, yəni oda pərəstiş edənlərin  məbədləri Bakıda təmir edilib, bərpa edilib və ziyarətgaha  çevrilib.

Yəni ermənilər bizim məscidlərdə donuz saxlasalar da, biz heç bir Allah evinə hətta ayaqqabı ilə girmirik. Dəxli yoxdu, bu kilsədi, sinaqoqdu və oda pərəstiş edənlərin  məbədidi.

30 ildi bütün   erməni vandalizminə göz yumanlar indi öskürüb ayılıblar.

İmkanınız varsa, Möhtərəm  Prezidentin bu günə qədər  verdiyi müsahibələri oxuyun. Hamısında dini məbədlərlə bağlı  açıqlamaları var.

Hörmətli hökumət başçıları, Avropadan Qarabağa bu məsələ ilə əlaqədar  gələnləri ilk əvvəl 63 dağıdılmış məscidlərimizə aparın, dini  tarixi abidələrimizə aparın (sağ olsun Hikmət Hacıyev, Azərbaycandakı səfirliklərin  nümayəndələrini və xarici jürnalistləri  yığıb Füzuliyə apardı  ki, öz gözləriylə görsünlər).

Qoy bu gözüylə görənlər əsl həqiqəti dünyaya  söyləsinlər, amma inanmıram  söyləsinlər. Çünki  axı  yuxarıda  yazdım, gözü ilə görənlər. Bunun nə məna  ifadə etdiyini  Azərbaycan xalqı  gözəl bilir.

Kimsə deyə bilər ki, Ağdam məscidini  niyə  dağıtmayıblar? İçində donuz saxladıqları  məscidi  ona görə  dağıtmayıblar ki, onun minarələrindən bütün şəhərə  nəzarət edə bilirdilər.

Hələlik bu qədər.

TƏQVİM / ARXİV