adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Noyabr 2020 10:21
17769
SİYASƏT
A- A+

Tahir Rzayev: “Xalqın istəyinin reallaşması üçün ölkə rəhbəri əlindən gələni edir”

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri, azğın düşmən tərəfindən xarabazarlığa çevrilmiş bir şəhəri ürək ağrısı ilə yad etmələri hər bir Azərbaycan vətəndaşında həm qürur, həm də erməni təcavüzkarlarına kəskin nifrət doğurur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, Ağdam tarixən respublikamızın ən abad, səfalı guşələrindən biri olub, şəhərdə ucaldılan binalar da öz müasirliyi ilə seçilib, ancaq bu gün şəhərə baxanda insanın qəlbi ağrıyır.

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, düşmən daşı daş üstə qoymamış, xalqımıza, tarixi-mədəni abidələrimizə, dini məbədlərimizə qarşı əsl vəhşilik törətmişdir. Hər şey amansızcasına, talanmış, oğurlanmış, məhv edilmişdir. Ancaq bu barbarlıq, qəddarlıq ölkə rəhbərini, xalqımızı o qədər də məyus etmir. Erməni faşistləri üzərində tarixi qələbə, şəhidlərimizin ruhunun sevindirilməsi, ana-bacılarımızın nisgilinin azaldılması bizim hər bir dərdimizi unutdurur. Prezidentimizin dediyi kimi, çox çəkməyəcək ki, xarabazarlığı xatırladan şəhər və kəndlərimiz abadlaşacaq, çiçəklənəcək, həyat gözəlləşəcəkdir. Ağdam da əvvəlki kimi, yenə də respublikamızın ən gözəl və abad şəhərlərindən birinə çevriləcək. İnsanlar qurub-yaradacaq, öz torpaqlarını əkib-becərəcəklər.

Az bir müddətdə amansız düşmənin üzərində tarixi qələbəmizi təmin edən Azərbaycan Prezidentinin, Ali Baş Komandanın düzgün, düşünülmüş siyasəti, uzaqgörənliyi onu deməyə əsas verir ki, dövlətimiz, xalqımız tez bir zamanda düşmənin törətdiyi bütün vəhşilikləri, dağıntıları aradan qaldıracaq, Azərbaycan denyanın ən inkişaf edən, abadlaşan ölkələrindən birinə çevriləcəkdir. Biz tarixi qələbəmizi əldə etmişik və Azərbaycan prezidentinin regionlara səfəri bir daha göstərir ki, o daim xalqla birdir, ürəyi xalqla bir vurur və xalqın arzularının, istəyinin yerinə yetirilməsi, reallaşması üçün ölkə rəhbəri əlindən gələn hər bir şeyi edir və etməyə qadirdir”, deyə Tahir Rzayev bildirib.