adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Noyabr 2020 14:54
19733
MƏMLƏKƏT
A- A+

1 nar, 1 daş və 1 ovuc torpaq... - Vüsalə Məmmədova yazır

Torpaq həyətimizdən, daş evimizdən, nar məhəlləmizdən gəlib...

Bu gün efirə dəvət etmək üçün

Rey abidən Qarabağ qazisi Elməddin Sərdarın telefon nömrəsini alıb zəng etdim. Özümü təqdim edən kimi dedi, mən sənin nömrəni axtarırdım. Ağdama getmişdim, İmarətdə oldum, küçənizdən keçdim və babanın həyətindən sənə torpaq gətirmişəm... Axtarırdım ki, verəm...

Gözlərim doldu... Şəxsən tanımadığım bir insan bizim küçədən keçəndə məni düşünüb oradan torpaq götürməsi o deməkdir ki, bu insan o torpağın mənim üçün nə ifadə etdiyini dəqiq bilir... Bu elə duyğudur ki, sözə çevirmək mümkün deyil. Bəlkə zamanla o kəlməni tapa biləcəyəm, ancaq hələ ki, bu böyük addımın qarşısında deməyə söz tapmıram...

Evə gətirdim, bütün ailə uzaq səfərdən gələn doğması kimi başına toplaşıb xeyli baxdı... Hərə öz ürəyində narla da, daşla da, torpaqla da söhbət etdi...

Şəbnəm zəng etdi ki, mən gəlməmiş narı kəsməyin...

Bibimin oğluna zəng etdim ki, məni babamın qəbrinə apar, torpağın yarısını onun məzarına səpəcəyəm... Məzarını tanımıram, ziyarət etməmişəm. Atamın məzarını ziyarət edə bilmirəmsə, babamın məzarına necə gedim, düşünmüşəm...

Torpağın qalanını isə həyatımın ən dəyərli hədiyyəsi olaraq saxlayacağam... Daşı da... Narın isə qabıqlarını qurudacağam...

Bütün yaxşı insanlara sonsuz sevgi və sayğı ilə...