adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Noyabr 2020 19:44
33356
İQTİSADİYYAT
A- A+

Türk Ticarət və Sənaye Palatasının II Baş Assambleyasının iclası keçirildi

Noyabrın 24-də Türk Ticarət və Sənaye Palatasının (TCCI) II Baş Assambleyasının onlayn formatda görüşü keçirilib. 

Assambleyadan verilən məlumata görə, görüşdə gündəlikdə duran on iki məsələ, o cümlədən, Türk Ticarət Evlərinin yaradılması, biznes-forumlar, B2B görüşlərin keçirilməsi, ötən müddətdə qurumun təşkilatlanması və sair məsələlər müzakirə edilib. 

Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB), Türk Ticarət və Sənaye Palatasının prezidenti M.Rifat Hisarcıklıoğlu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun qələbə qazanması münasibətilə Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edib. 

Palata rəhbərlərinin noyabrın 2-də Bakıda keçirilən görüşü haqqında yüksək fikirlər səsləndirən R.Hısarcıkoğlu Azərbaycanda alınan qərarların icrasına başlanıldığını vurğulayıb. 

“Layihələrinizi gözləyirəm, tarixi İpək Yolunun hamımız tən ortasındayıq və bu koridoru fəal şəkildə istifadə etməliyik. Bildirim ki, ilk Türk Ticarət evinin Azərbaycanda açılmasına qərar verdik”, - deyə M.Rifat Hisarcıklıoğlu qeyd edib. 

Türk Şurasının Baş katibi cənab Bağdad Amreyev üzv təşkilatlara təklif edib ki, öz ölkələrinin iqtisadi imkanları, potensialları barədə məlumatları ümumi platformada bölüşsünlər. 

Baş katib müxtəlif istiqamətlərdə təşkilatın fəaliyyətini aktivləşdirməyi, qadın və gənc sahibkarların dəsətəklənməsi ilə bağlı təkliflərlə çıxış edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakı görüşü ilə bağlı dəyərli fikirlərə görə iştirakçılara təşəkkürünü bildirib. 

İclasda TCCI üzvləri arasında Əmtəə Birjalarının qurulması, Qadın və Gənc Sahibkarlar Komitələrinin yaradılması üçün Türk Modelləri, “Onlayn təlim: KOBİ-lər və Elektron Ticarət üçün Rəqəmsal Transformasiya” mövzularında təqdimatlar edilib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası TOBB-un təcrübəsi əsasında Goranboy rayonunda pilot əmtəə birjasının yaradılması barədə razılıq əldə edib. 

Sonda assambleya gələn il Qırğızıstanın təşkilatçılığı ilə III Türk Biznes Forumunun, Macarıstanın təşkilatçılığı ilə Türk-Macar Biznes Forumunun keçirilməsi barədə qərarını elan edib.