adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Noyabr 2020 10:40
36745
MƏMLƏKƏT
A- A+

“Rəsulzadə bu bayrağı yaşatmadı ki, Pərviz kimilər onu məsxərəyə qoysunlar”

Dünəndən bəri sosial şəbəkələrdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məmmədov Pərviz Əlipənah oğlunun Universitetdən xaric olunması məsələsi geniş müzakirələrə səbəb olub. Açığı dünən axşam məsələni bilmədiyim üçün həmin tələbə ilə görüşüb dəstək olmaq üçün nələrsə fikirləşirdim. Ta ki, eşitdiklərimə qədər. 23.11.2020-ci il tarixində onlayn dərs zamanı tələbənin Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı etdiyi hörmətsizlik açığı bu gün səhər məndə bir aqressiya yaratdı. Necə ola bilər axı ən azı 17 yaşı olan bir Azərbaycan kişisi bu hərəkəti etsin? Kişi deyirəm ha...Dərhal “facebook” hesabımı açıb bu sözləri yazdım: “Bu dəfə mən BDU-nun yanındayam! Ən azından bir zabit qardaşı kimi BDU-nun yanındayam! Qovulması, zənnimcə, hələ ən yumşaq qərar olub”.

Məni tanıyanlar bilir ki, 14 yaşımdan bu tərəfə vur-tut qardaşımın üzünü toplam heç 1 il görməmişəm. O, Vətən keşiyindədir. O, Azərbaycanın bayrağını qorumağın keşiyindədir. İndi bir gəncin Dövlət bayrağına qarşı hörmətsizliyinə mən necə susum? Axı mən və mənim kimi onlarla zabit ailəsi, şəhid ailələri bu bayrağı müqəddəs bir atribut hesab edirlər.

Məmməd Əmin Rəsulzadə bu bayrağı yaşatdı ki, Azərbaycan Dövləti də var olsun. Yaşatmadı ki, Pərviz kimilər bu bayrağı məsxərəyə qoyub istədiyi kimi hərəkət etsinlər. Ona görə də, istənilən halda BDU-nun verdiyi qərarı dəstəkləyirəm.

Qəribə bir məqama da toxunmaq istəyirəm. Baxıram ki, bəzi həmkarlar tələbənin bağışlanmasını və onun uşaq olmasına görə bağışlanmasını BDU-dan tələb edirlər. Xatırladım ki, pedaqoji-psixoloji ədəbiyyatlarda uşaq 1 yaşdan 12 yaşa qədər olan dövrü əhatə edir ki, bu da erkən uşaqlıq, uşaqlığın birinci və ikinci dövrü olmaqla 3 qrupa bölünür. İndi sizin 17 yaşlı bir gənci uşaq hesab etməyiniz açığı mənə qəribə gəlir.

P.s. Müğənnilər bayrağı paltar kimi geyinəndə tənqid edirdiniz. Çox istərdim ki, bu məsələdə də o gənci tənqid edəsiniz. Hər kəs etdiyinin cəzasını almalıdır.

P.p.s. Universitetin Nizamnaməsinə görə daxili nizam-intizam qaydalarını pozan tələbə azad edilir. Məsələ dərs prosesində baş verdiyi üçün bunu daxili nizam-intizam qaydalarının pozulması kimi qəbul edib Məmmədov Pərviz Əlipənah oğlunun Universitetdən qovulmasını haqlı hesab edirəm.

Rövşən Tahir