adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Noyabr 2020 08:08
101164
MƏMLƏKƏT
A- A+

Vətən olan oğullar – Şəhid Xalid Hassanın ucaldığı zirvə

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi.  Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində işğalda olan yüzlərlə kənd, şəhər, rayon mərkəzləri,  qəsəbələr, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, daha dəqiq təcavüzkar Ermənistan Silahlı Qüvvələri darmadağın oldu.  Bəli, bu gün  heç vaxt yaşamadığımız  şərəfli tarixi anlar yaşayırıq! Həm də möcüzələrə inanmaya-inanmaya möcüzələr içərisindəyik! Bir sözlə,  Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq salnaməsi yazdı.

Vətən çağıranda  Qarabağı bircə dəfə də olsun görməyən  igidlərimiz oldu ki,  yurd sevgisini, Qarabağın azadlıq arzusunu  canları bahasına ödədilər. Elə igidlərimizdən biri də şəhid Xalid Mahmud oğlu  Hassandır. Xalidin anası  Maya Quliyeva doğma yurdu  Ağdam rayonunun Saybalı kəndindən didərgin düşəndə Xalid hələ doğulmamışdı. 1995-ci ildə  dünyaya göz açan igidimiz o vətənpərvər ananın sayəsində vətənə sevgiylə böyüdü. Müharibənin ən qaynar nöqtəsini seçən, elə orda da şəhadətə qovuşan igidimizin anası  çox qürurludur, igidi ilə fəxr edir: “Mən niyə fəxr edirəm ?Çünki Xalid mənim əkizim idi.Tək fərqimiz - onun kişi olması olub . İliyinəcən məndim . Vətəni sevənlər , təmiz ata qanı və təmiz ana südündən yoğrulanlardı”-deyir.

 Qürurlu şəhid anası..

Oğlu Xalidin şəhadətindən Maya xanımın bir gözü şəhidini qan yaşlar tökərkən, bir gözü sevinməyə, sevincdən parlağa başladı: 28 ildir həsrətinə yandığı -qovrulduğu yurdu- Ağdamı, Saybalısı erməni təcavüzkarlarından azad oldu. Hansı hisslərin altında söylədi bu sözləri, onu yalnız şəhid anaları bilər, o kəlmələri yalnız vətənpərlər pıçıldaya bilər:” Salam Ağdamım . Vətəni çox sevməyimin, Vətənə canım fəda, sözlərimin bədəli canım deyilmi ? Sənə Canım qurban Vətən , deməmişdimmi? Canımın canını qurban verdim. Mən oğlumla fəxr edirəm , həqiqətən.

Sayca - üçüncü qardaşım olan, tək sirdaşım - dostum kimi güvəndiyim, ən yaraşıqlı nişanlım kimi qürurlandığım, birinci övladım kimi bağrıma basdığım və Vətənimin yolunda şəhidlik məqamına ucalan neçə-neçə oğullarımdan, qardaşlarımdan, dostlarımdan ayırmayıb onu da şəhidliyə laiq bildiyi, mənə Şəhid Anası adı qismət etdiyi üçün Allaha şükür!.

Nənəsinə - "mən Saybalı havası udmaq istəyirəm demişdi ."

Qismət olsa, mən Saybalıdan sənin məzarına, ancaq Saybalı torpağı gətirəcəm Xallım!

Vətən sağ olsun! Ordumuz sağ olsun! Allah yaralılarımıza şəfa versin!Gözü yolda qalan analarımız sevinsin! Hər iki xəbər sevindiricidir. Bunu yaşayan bildiyi üçün inanın ki, fərq etmir!. Oğlunun sağ və ya şəhid kimi qayıtması... Yetər ki , qayıtsın, yetər ki , gözlər yolda , ürəklər nisgildə qalmasın!Müharibə davam davam edir əzizlərim !

Odlu silah müharibəsində qalib gəldik . Düşmənimizi yaxşı tanıdıq . Amma əvvəlki səhvləri təkrarlamamaq üçün bundan sonra 2 vəzifəmiz var ...

- Şəhidlərimizin borcunu ancaq , onların qanı ilə mayalanmış Vətənimizi qorumaqla ödəmək!

- Uşaqlarımıza - millətimizin, nəslimizin, soyumuzun davamçılarına Qarabağ Azərbaycanın olub və olacaq təbliğatı. Mən bilirəm ki , şəhidlərimizin qanı yerdə qalmadı . Təbrik edirəm səni Azərbaycanım!Qarabağlı sabahlarımız xeyirə açılsın, inşallah! Qəzamız da mübarək olsun dostlar!”

Vətən olan oğullar!

Ana danışır: oğlunun ilk sevgisindən, iki il əvvəl el-obasını toplayaraq ona qurduğu toy-büsatdan, sevincinə şərik olan dostlarından, tanışlarından... Bir də sevgidən  doğulan nəvəsi Məryəmdən danışır.  Deyir ki, Məryəm 10 aylıqdı. Amma atasını sonuncu dəfə hərbi formada görüb. Qarşısına iki foto qoyuruq. Biri Xalidin toy mərasimində çəkilmiş, digəri həmin hərbi formalı fotosunu... Məryəm dərhal ikinci fotoya tərəf  iməkləyir, balaca, tompuş əllərini fotonun üstünə çırparaq atasının onu yenə qucağına almasını tələb edir...Yorulana qədər əlini fotoya döyəcləyir, fotonu heç kimə vermək istəmir...” 

 

Xalid Hassan xalqımız üçün tarix yazdı və əbədiyyətə qovuşdu. “Torpaq uğrunda ölən varsa, Vətəndir”.  Vətəni Vətən edənlər isə onun uğrunda canını qurban verən Xalid kimi oğullardı. Onlar ölmədilər Onlar Azərbaycan durduqca yaşayacaq, son azərbaycanlı var olana qədər  var olacaqlar!Qüdrətli sərkərdə Babəkdən üzü bəri vətən üçün ölənlər unudulmadığı kimi Qarabağ uğrunda şəhid olan igidlərimiz də heç vaxt unudulmayacaq! Müqəddəs kitabımız olan Qurani Kərimin “Bəqərə” surəsinin 154-cü ayəsində deyilir: “Allah yolunda öldürülənlərə-şəhid olanlara-ölü deməyin. Əksinə, onlar Allah dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz”.

Bu ifadə şəhidliyin necə müqəddəs bir məqam olduğunu bir daha göstərir.  Ruhunuz şad olsun şəhidlərimiz!Allah sizə səbr versin şəhid anaları!Gözlərimiz üstündə yeriniz var!

 Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbəri