Səadət Sultan yazır: Qırx dörd günlük mücadilə - Elegiya
Şəhidlərin ruhuna minnətdarlıqla
Dünyaya yenicə göz açmış körpələrə bənzəyir şəhidlər... Hələ muradı gözündə qalan, ürəyində min bir arzuları olan ərənlər.... Körpə də dünyaya gələndə qırx gün gözləyirlər... Şəhid körpələrsə, qırx dörd gün mücadilə etdilər...
Cəmi qırx dörd gün çəkdi bu savaş... Elə onlar da bu savaş üçün gəlmişdilər həyata... "Can ana, canım ana, Vətən, Vətən sağ olsun”, - deyib, sinələrin düşmən gülləsinə sipər etdi şəhidlər. Vətənə, torpağa bağlılığı, yurd sevgisini dünyaya sərgilədilər... 27 ildir zəbt edilmiş torpaqları əzmkarlıq və mübarizliklə geri aldılar. Amma özlərindən danışıb demədilər necə başa gəldi bu savaş, bu mücadilə... Torpağı qana suvardılar ... Gözlərini qırpmadılar... Yalnız şəhid olarkən gəldi gözlərinin önünə o anlar – doğulduğu ünvanlar... uşaqlıq, gənclik, dəli-dolu həyat eşqi, sevdikləri, əhd-peyman bağladığı gənc qız...
... Şəhid analarının nişan apardığı oğulları üçün xonçaların bağı açılmamış qaldı... Şəhid qəbirlərini ziyarət edən gənc qızlar məzar daşlarının üzərinə məktub buraxıb gizlicə ağladılar... Ürəkdağlayıcı mənzərədir. Bəzən də sözlə ifadə edilməyəcək dərəcədə çətindir bu hissləri anlatmaq.
Ağırdır, çox ağırdır bu yükü qaldırmaq. Ağır olduğu qədər də, bu həm də şərəflə şəhidlik zirvəsinə qalxmaqdı, mərdi-mərdanəlik salnaməsi yazmaq deməkdir.
Yeni tarix yazdılar 27 ilin həsrətinə son qoymaq üçün ... əzəli yurd yerlərimizə qayıtmaq üçün... Dəmir yumruq, yenilməz bir xalq olaraq Ali Baş komandanımız cənab İlham Əliyevin ətrafında birləşdik! Güvən, inam, milli birlik göstərən rəşadətli ordumuz illərdən bəri yığılmış həsrətə son qoydu. Gözləri həsrət, ürəkləri ağrı daşıyanlar 27 ildən sonra vüsala qovuşdu....Başlarımız Şəhid analarının qarşısında əyildi! Dünyaya cəsur, igid, Vətənə, torpağa bağlı övlad böyütdüklərinə görə...
Ürəklərin sevgi dolu pıçıltısı bürüdü onları :
- Əziz şəhid anaları! Sizin bu torpağa, bu yurda bəxş etdiyiniz övladlar xalqın baş tacıdır! Başınızı dik tutun! Gözünüz arxada qalmasın, şəhid övladları – atalarınızın isti nəfəsini əvəz edə bilməsək də, mənəvi cəhətdən həmişə sizinləyik!
Şəhidlər ÖLMƏZDİR!!!