adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Noyabr 2020 15:34
59183
LAYİHƏ
A- A+

1987-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda nələr baş verirdi?!

(Bizim çoxlarımızın bilmədiyimiz həqiqətlər...Xankəndi)

 

"Dəhşətli hadisələrin şahidi olmuş insanın susması xəsisin ölüm ayağında qiymətli şeyləri əbasına büküb insan yaşamayan yerdə basdırmasına bənzəyir".

 

V.Yan

 

Hələ deyilməmiş çox sözümüz var... Erməni siyasətinin görünən və görünməyən tərəfləri...

 

Hörmətli oxucular, insandakı ən böyük mənəvi keyfiyyət düz görmək, düz eşitmək, düz danışmaq və düz yazmaqdır. Mən də düz danışacağam, düz yazacağam... Çünki tarix heç bir hadisəni öz səhifəsindən silib atmır.

Bu yazını necə başlayacağımı və necə qurtaracağımı düşünəndə mənə elə gəldi ki, daha nə danışmağa, nə də yazmağa heç nə qalmamışdır. Lakin 1987-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda şahidi olduğum hadisələr, Şuşa şəhərində (Ana Vətənimdə) yazdığım "gündəlik"lər, uzun illərdən bəri topladığım tarixi sənədlər, işgəncələrə məruz qalmış insanlarla apardığım söhbətlər bu yazının yazılmasına səbəb oldu.

Əslində baş vermiş hər bir hadisə yazılacaq bir əsərdir. Hər bir əsər isə öz vaxtnda yazılmalıdır. Əgər tariximizi və coğrafiyamızı vaxtında yazmasaq, özgələr yazacaqlar, özü də öz milli ruhlarına, milli istəklərinə, milli təəssübküşliklərinə və milli ideologiyalarına uyğun şəkildə...

Unutmamalıyıq ki, xalqın tarixini yazan insanın milli mənsubiyyəti, milli ruhu, milli təəssübkeşliyi əsas şərtdir... Lakin etiraf etməliyik ki, xalqımızın tarixi ayrı-ayrı zamanlarda milli mənsubiyyəti azərbaycanlı olmayan, Azərbaycan xalqının milli ruhuna, milli dəyərlərinə, ərazilərinə, toponimlərinə, inancına, tarixi abidələrinə, şəxsiyyətlərinə, mədəniyyətinə və incəsənətinə qəsdən ləkə vuran adamlar tərəfindən də yazılıbdır. Bunlar danılmaz həqiqətlərdir.

Siz bu yazıda əsrlərlə Azərbaycan torpaqlarına və azərbaycanlılara qənim kəsilmiş, faşist ideologiyası ilə silahlanmış ermənilərin heç bir əsası olmayan "yazılar"la dünya xalqlarını aldatmağa, özlərini Cənubi Qafqazın, hətta Qarabağın "qədim" sakinləri kimi tanıtmağa çalışdıqlarını, güclü dövlətlərin əllərində oyuncağa çevrildiklərini, 1828-1830-cu illərdə çar Rusiyasi tərəfindən işğal edilmiş Azərbaycanın İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağ xanlıqlarına məxsus olan ərazilərinə köçürülüb gətirildiklərini, həmçinin çar Rusiyasının işğalçılıq siyasətini uzun illər davam etdirən Sovet Rusiyasının Azərbaycan torpaqlarında yaratdığı Ermənistan adlı dövləti necə müdafiə etdiyini görəcəksiniz.

Siz bu yazıda Sov. İKP MK-nın baş katibi M.S.Qorbaçovun Azərbaycanın Dağlıq Qarbağda regionunda 1988-ci ildə yaratdığı bədnam Xüsusi Təşkilat Komitəsi tərəfindən insan qəddarlığının son pilləsində dayanan, faşist ideologiyası ilə silahlanan ermənilərə göstərdiyi köməklik nəticəsində 1988-1993-cü illərdə 1 milyondan çox azərbaycanlıların öz doğma torpaqlarından məcburi köçkün düşmələrinin, 20 faiz ərazilərin işğal olunmasının, 20.000 azərbaycanlının öldürüldüyünün, 5.000 azərbaycanlının əsir və itkin düşdüyünün, bir sözlə, Azərbaycan ərazilərinə və xalqına vurulan sağalmaz yaraların şahidi olacaqsınız. Siz bu yazıda 1988-1990-cı illərdə Ermənistan hökuməti tərəfindən Qərbi Azərbaycandan zorla qovulub-çıxarılmış, Azərbaycana pənah gətirmiş azərbaycanlıların (erməni təəssübkeşlərinin əlləri ilə) bir gecənin içərisində Dağlıq Qarabağdan, xüsusilə Şuşadan necə uzaqlaşdırdıqlarının, əsrlərlə azərbaycanlılara və türklərə düşmənçilik siyasətindən əl çəkməyən işğalçı erməniləri azərbaycanlılara "qardaş" və "dost" adlandıran manqurtların kimlər olduğunu tanıyacaqsınız.

Bu yazı faktlar əsasında yazılmışdır...

Mən Azərbaycanın Dağlıq Qarabağ regionunun mərkəzi Xankəndi şəhərini terror yuvasına çevirmiş işğalçı ermənilərin, Ermənistanın silahlı qüvvələrinin və keçmiş Sovet Rusiyasına məxsus (Xankəndi şəhərində saxlanılmış) 366-cı motoatıcı alayının əsgər və zabitlərinin birləşərək 1988-1993-cü illərdə Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda yaşayan azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi insan qırğınlarının, Dağlıq Qarabağı zorla Azərbaycandan qoparıb Ermənistana birləşdirmək məqsədilə keçirdikləri mitinqlərin, bir-birinin ardınca işğal etdilkləri kənd və şəhərlərin ürək göynədən mənzərələrinin, sökülüb-dağıdılmış məzarların, məscid və pirlərin, tarix və incəsənət abidələrinin, şəhidlərimizin təhqir olunmuş-tanınmaz hala salınmış cəsədlərinin canlı şahidiyəm. Mən bunların üstündən sükutla keçə bilməzdim...

 

Daha İrəvanın, Göyçə, Vedinin

Yolların çoxumuz tanıya bilmir.

O qədər el-oba itirmişik ki...

Adam düz-əməlli sanaya bilmir.

 

Bunlar nə əfsanədir, nə də nağıl, bunları real gerçəkliklərdir. Gəlin həqiqəti danışaq:

Niyə son 30 ildə Beynəlxalq Təşkilatlar, Qurumlar, ATƏT-in Minski Qrupunun həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının 1988-1993-cü illərdə işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə əlaqədar verdikləri 822, 853, 874 və 884 nömrəli Qətnamələr yerinə yetirilmir?

Çünki adların çəkdiyimiz təşkilatlar və qurumlar göstərilən Qətnamələrə bilərəkdən, ikili standartla yanaşır, hadisələri qəsdən uzadırlar. Onlar çox yaxşı bilirlər ki, işğalçı dövlət Ermənistan, işğala məruz qalan dövlət isə Azərbaycandır. Onlar yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Onlar yaxşı bilirlər ki, ermənilər Dağlıq Qarabağın sakinləri deyillər... Bu danılmaz həqiqətlər minlərlə sənədlərdə öz təsdiqini tapmışdır.

Bu danılmaz həqiqətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə dünyanın ən yüksək kürsülərindən "sülh"dən, "ədalət"dən və "demokratiya"dan dəm vuran ölkələrin başçılarına çatdırmışdır. Unutmamalıyıq ki, adlarını sadaladığımız Beynəlxalq Təşkilatları və Qurumları ermənilərlə onların arasındakı "təmas nöqtəsi"nin yaxınlığı, təəssübkeşlik və digər amillər birləşdirir. Burda XIII əsrin klassik şairi Sədi Şirazinin bir müdrik kəlamı yadıma düşdü: "Sərtlik lazım olan vaxt yumşaqlıq göstərmək yersizdir. Yumşaqlıq göstərməklə düşməni dost edə bilməzsən, ancaq onun iştahasını artırarsan".

Birmənalı şəkildə dərk etməliyik ki, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından nə vakxtsa öz xoşları ilə çıxıb gedəcəklərinə, onların azərbaycanlılarla mehriban "qonşuluq" və "dostluq" edəcəklərinə inanmaq sadəlöhvlükdür. Azərbaycan ərazilərinin son 30 ildə işğal altında saxlanılması fikrimizə sübutdur. Ən doğru həqiqət isə budur: əsgəri girdiyi ərazidən ancaq əsgər çıxara bilər. Odur ki, üzümü Azərbaycanın və qardaş Türkiyənin əsgərlərinə tutaraq deyirəm:

 

Ey ulu dünyanın, ulu tarixin,

Qəhrəman övladı, yurdun əsgəri:

- Sənin səngərinə düşmən atılmaz,

Səninlə döyüşə ordu tapılmaz!

- Dənizlər adlayıb yol keçməlisən,

Sən Vətən əsgəri, Türk əsgərisən!

 

Bir yanın Bakıdır, bir yanın Gəncə,

Bir yanın İstanbul, Təbriz, Əlincə...

Bir yanın Naxçıvan, sarıl qılınca

Əyninə poladdan paltar geymisən

Sən Vətən əsgəri, Türk əsgərisən!

 

- Sənin şeypuruyun sədalarından,

Diksinib oyanar yerindən cahan!

Qisas almalısan Ermənistandan!

Babam Xətainin şah türbəsisən,

Sən Vətən əsgəri, Türk əsgərisən!

 

Sən Ana Vətənin ər balasısan,

Sən Odlar Yurdunun ər qalasısan!

Şəhid qisasını sən almalısan!

Şuşada, Laçında, dağ Kəlbəcərdə,...

Qələbə bayrağın ucaltmalısan!

Sən Vətən əsgəri, Türk əsgərisən!

 

Necə əsir olar sənin övladın?

Bəs necə çağrılar de, onda adın?

Sənə layla çalan qəhrəman qadın,

Önündə diz çöküb, baş əyməlisən,

Sən Vətən əsgəri, Türk əagərisən!

Əyyub Şırlanlının şah əsərisən!

 

(Bax: Ə.Ş. "Əsgər marşı", "Qarabağ" qəzeti,

23.10.1997-ci il)

 

Biz Çar Rusiyasının əli ilə Azərbaycan torpaqlarına köçürülüb gətirilən işğalçı ermənilərin kimliyini yadımızdan çıxarmamalıyıq. Biz su kimi axıtdığımız qanımıza, dağlar kimi yığdığımız sümüklərimizə sahib çıxmağı bacarmalıyıq. Biz öz tarixi adını və məğrurluğunu qoruyub-saxlayan, doğma övladlarının - azərbaycanlıların yolunu gözləyə Qərbi Azərbaycanımızın, Dağlıq Qarabağımızın və onun ətrafındakı ərazilərimizin işğaldan azad olunmasını gələcək nəsillərə miras saxlamamalıyıq.

 

(ardı növbəti sayımızda)

 

Əyyub Şırlanlı, şair-publisist, əməkdar müəllim,

AYB-nin üzvü, müharibə və əmək veteranı

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.