adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2020 09:59
27617
GÜNDƏM
A- A+

Torpağı VƏTƏN edən OĞUL

Torpaq, əgər uğrunda ölən varsa VƏTƏNDİR hayqıraraq vətən müharibəmizdə  canını, sağlamlığını Azərbaycan uğruna fəda edən oğullarımızın sayəsində Zəfər çaldıq. 44 gün davam edən bu mübarizəmizdən alnı açıq çıxdıq. Qarabağ düşmən əsarətindən azad edildi. Rəşadətli ordumuz Azərbaycan bayrağını 30-ilə yaxındır ki, düşmən tapdağı altında olan  ərazilərimizdə dalğalandırdı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.  

Bütün müharibələr kimi vətən müharibəmizdə itkisiz keçmədi. Övladlarımız Vətən torpağına öz adlarını yazdılar. Belə igidlərdən biri də paytaxtın Nizami rayonunun gənci Əsəd Əsədlidir.  Qarabağımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş və müqəddəs şəhidlik zirvəsinə ucalmış, ömrünün 𝟐𝟓 ci payızını cəng meydanında yaşamış   Əsəd Bakı şəhəri Nizami rayonu 𝟐𝟐𝟗 saylı orta məktəbi bitirmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuşdur. 𝟐𝟎𝟏𝟔-𝟐𝟎𝟏𝟖 -𝐜𝐢 illərdə Naxçıvanda ordu sıralarına qoşulmuş, hərbi kəşfiyyatçı qismində qulluq etmişdir.  Tovuzda baş verən iyul hadisələri zamanı Əsəd də vətənpərvər bir gənc kimi doğma Azərbaycanımızın keşiyində durmağı özünə vətən borcu hesab etmiş, ordu sıralarına qatılmaq üçün könüllü qismində müraciət ünvanlamışdır. Böyük vətən müharibəsi başladıqdan 𝟑 gün sonra ön cəbhəyə yollanmış, Füzuli, Qubadlı, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə misilsiz igidlik göstərmişdir. Bu döyüşlərdəki şücaətinə görə  Əsəd Əsədliyə təltif olunması üçün bir sıra təqdimatlar da verilib. Qəhrəman övladımızın son savaşı Xocavənd uğrunda gedən döyüşlər olub. Cəbhə yoldaşları onun şücaətindən danışarkən bildirirlər ki, döyüşdə Əsəd onlarla düşmən əsgərini və tankını məhv etmiş, mühasirəyə düşmüş əsgər yoldaşlarını ölümdən xilas etmişdir. Özü isə 𝟗 𝐧𝐨𝐲𝐚𝐛𝐫 𝟐𝟎𝟐𝟎-𝐜𝐢 il tarixində vətən uğrunda şəhid olmuş, uca əbədiyyətə qovuşmuşdur. 

Şəhidimizin anası Səidə Abbasova o günü belə xatırlayır: "Səhər sübh namazından sonra ani gözümə yuxu getdi. Gördüm evin qapısı açıldı. Oğlum o qədər gözəllikdə, uca boyda, nur üzlə gəlmişdi ki...  Deyirəm, Əsəd, anan qurban, gəlmisən? Deyir hə, amma atama demə. Gəlib otağımızın qapısını öpdü. Dedi  "Ana,  neçə vaxtdı o qədər əziyyət çəkirik ki, şəhid olub indi haqqın dərgahına çatdım və rahatlandım". 

S. Abbasova bildirir ki, sonuncu dəfə noyabrın 7-də oğluyla danışıb. Məlum yuxunu isə anası noyabrın 9-da səhər saatlarında görüb: "Heç düşünmədim ki oğlum şəhid olar. Dedim bu gün yəqin ondan zəng gələcək. Noyabrın 14-də mənim ad günüm idi. Həmin gün oğlumun  zəngini çox  gözlədim. Oğluma görə çox istəyirəm ki, yanına gedəm, ancaq digər övladıma görə də yaşamaq istəyirəm. İki yol ayrıcındayam,  bilmirəm hansını seçim. 

Əsəd çox xeyirxah, vətənpərvər bir uşaq idi. Övladım haqqında danışmaq çox ağırdır. Savadlı idi, orta məktəbi əlaçı kimi bitirib. Müəllimlərinin sevimlisi idi.  Onunla mənim məhəbbətim ana- övlad məhəbbəti deyildi, bir başqa sevgi idi. Ona görə Allah onu məndən çox tez aldı. Məni həmişə ucalardan uca yaşadacağını söyləyirdi. Mən onun evdən gedişini hiss elədim, dedim ki   bu gediş normal gediş deyil. İstəyərdim ki, bundan da gözəl sözləri oğlumun toy mərasimində deyəm". 

Şəhidin qardaşı Səməd Əsədli isə bildirir ki, Əsəd Naxçıvanda xidmət edib və xidmətdə iki dəfə tərifnamə alıb: "Qazi yoldaşları deyir ki, 17 gün döyüşdükdən sonar əsgərlər komandirdən bircə günlük icazə alıb istirahət etmək istəyiblər.  Ancaq təkcə Əsəd istirahətə getməyəcəyini söyləyib.  Nə qədər desələr irəli gedəcəyini söyləyib”. 

Mahir Əsədov isə şəhidimizn atasıdır. O, övladının adını nəvəsində yaşadacağını dilinə gətirir: "Onun ruhu bizim başımızın üstündədir. İstəyirəm ki, Əsədin 40 mərasimi çıxandan sonra balaca qardaşı Səmədi sevib seçdiyi xanımla evləndirim. Onların övladları dünyaya gəlsin,  adını Əsəd qoyaq. Biz qalib dövlətik, cəsur millətik. Əsəd həmişə istəyirdi ki, ailəmiz yaxşı yaşasın".

M. Əsədov oğlunun cəbhəyə yollanmasından da söhbət açıb :"Bilirsiniz ki, Tovuz hadisələrində ermənilər atəşkəsi pozdu, generalımız şəhid oldu. O zaman bizdən xəbərsiz könüllü olaraq gedib yazılıb. 29 sentyabrda da Səfərbərlik Xidmətindən zəng edib müharibəyə çağırdılar. Gəlib hamımızla sağollaşıb getdi. Açığı dilə tutmaq istədik ki, getməsin, anası onkoloji xəstədir. Ancaq bütün hər şeyə rəğmən qərarını vermişdi.  Şəmkirdə könüllülərdən ibarət dəstə yaratdılar. Təlimlər keçirdilər.

Noyabrın 2-də zəng edib ad günümü təbrik etdi.  O, hər şey üçün çox tələsirdi. Arzuları çox idi. Ailə qurmaq istəyi də var idi. Deyəsən istədiyi xanım da olub. Son döyüşü Xocavənd rayonu istiqamətində yüksəklikdə olub. Axıra qədər döyüşüb yaralanaraq şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib. Təsəllimiz o oldu ki, qələbə qazanmışıq. 21 yaralı əsgərin mühasirədən çıxarılmasında igidlik göstərib.  

Göstərdiyi qəhrəmanlığa görə dövlətimizdən ona ad verilməsini istəyirik". 

Əsədin müharibədə göstərdiyi qəhrəmanlıqları bir film kimidir. Qazi yoldaşları bu haqda danışarkən bildiriblər ki,  iki yoldaş snayperə tuş gəliblər. Əsəd əvvəl deyib ki o keçsin arxanca özü gəlsin.  Sonra deyib ki yox dayan,  keçərsən birdən səni vurarlar. Qoy arxanca gəlim, sən birinci keç. Sonra nə o, nə də yoldaşı keçəsi olublar. İkisi də qol-qola girib sağ sol yayına-yayına qaçıblar. Bu minvalla snayper gülləsi onlara dəyməyib. Bir döyüşdə isə silah- sursatları bitib. Əsəd keçib ermənilərin silah-sursatını götürüb və onların silahı ilə vuruşub.  Erməninin bir tankını partladıb.

Azərbaycan övladlarının bu cür igidliklərini eşitdikcə insanın içində bir qürur hissi oyanır.

Vaxt gələcək Əsədin qəhrəmanlıqlarından filmlər çəkiləcək, onun xatirəsinə şerlər yazılacaq, nəğmələr qoşulacaq. 
Bu gün Əsədin timsalında bütün qəhrəmanlarımızın qarşısında baş əyirik. Məhz onların qanı ilə bir daha bütün dünyaya bəyan oldu ki, Qarabağ Azərbaycandır!

Ruhunuz şad olsun.