adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Dekabr 2020 10:32
27667
SAĞLAMLIQ
A- A+

Doktor, sağalacağıma ümid yoxdursa... - Abid Tahirli yazır

Gecə yarısı Şamil doktor yenicə uzunsürən ağır beyin əməliyyatını qurtarmışdı ki, narahat və həyəcanla növbətçi həkim ona yaxınlaşdı:

- Doktor, bilirəm, çox yorğunsunuz, yuxusuzsunuz, amma indicə ağır yaralı gətirdilər. Başından qəlpə yarası alıb, vəziyyəti çox ağırdır.

O fikirləşmədən:

-Necə yəni yorğunsunuz, yuxusuzsunuz?! Dərhal əməliyyata hazırlayın.

Heç beş dəqiqə keçmədi ki, Şamil doktor əməliyyat otağında- üz-gözü al- qan içində olan yaralı əsgərin yanında idi. Taqətsiz əsgər Şamil doktora astadan bunları pıçıldaya bildi:

-Doktor, yaram ağırdır, çoxlu qan ititrmişəm. Sağalacağıma ümid yoxdursa, məni incitməyin, özünüzü də yormayın.

Şamil doktor inamla, şəfqətlə dilləndi:

-Qardaş, narahat olma, ciddi zədən yoxdur, qəlpələri çıxardacağıq, hər şey yaxşı olacaq, sən sağalacaqsan...

İynənin təsirindən yuxuya gedən yaralı əsgər Şamil doktorun zərgər dəqiqliyi ilə keçirdiyi əməliyyatdan xəbəri olmadı, amma iki saatdan sonra gözlərini açanda başının üstündə dim-dik dayanan doktorunun təbəssümlü simasını gördü, güclə dilləndi:

-Cəbhəyə qayıda biləcəyəm?

Bu sözlərdən təsirlənən Şamil doktor yaşarmış gözlərini gizlətməyə çalışdı, yumruğunu sıxıb şəhadət barmağını yuxarı qaldırdı...

Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Şamil Tahirov Vətən müharibəsinin ilk günü könüllü olaraq cəbhəyə yola düşdü. Füzuli müalicə diaqnostika xəstəxanasında gecə-gündüz demədən fəaliyyətə başladı. Ən ağır xəstələri, başından və onurgasindan odlu silah yaralanması travması alan əsgərləri yüksək peşəkarlıqla əməliyyat edir, onların bədənlərindən güllələri, qəlpələri çıxardır, əsgərlərin sağalması üçün əlindən gələni əsirgəmirdi. Şamil doktor bu minvalla bir aya yaxın hospitalda gərgin çalışdı . Yüzlərlə xırda əməliyyatlar, 25 ağır beyin əməliyyatı icra etdi, onlarla ağır xəstələrin həyatda qalmasına səbəb oldu. Evdə isə onu ailəsi, 2 yaşlı körpəsi Rəşad gözləyirdi. Neyrocərrah Şamil Tahirov deyir:

- Düzünü deyim ki, yenicə dil açan Rəşaddan, ailə üzvlərimizdən ayrılmaq çətin idi, amma başqa yolum da yox idi. Mən getməliydim, bilrdim ki, cəbhədə həkimlərə, o cümlədən neyrocərrahlara ehtiyac olacaq. Odur ki, fikirləşmədən

qərar verdim. Çox ağır şəraitdə, bəzən işıqları söndürüb, bəzən günlərlə yuxusuz qalıb bəzən isə ardıcıl 3-4 əməliyyat aparaq çalışmalı olurduq.Döyüşlərin ilk günlərindən top, artileriya səsləri iki addımlığımızda eşidilirdi. Həkim yoldaşlarım, tibb bacıları əsl fədakarlıq göstərir, gecə-gündüz demədən,qorxu bilmədən çalışırdılar. İndi hər şey arxadadır. Çox şadam, xoşbəxtəm ki, Vətən müharibəsindəki qələbəmizdə mənim də faydam olub. .