adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Dekabr 2020 12:27
17983
MƏMLƏKƏT
A- A+

Nur içində uyuyun, igidlər... - Vüsalə Məmmədova yazır

Hələ Vətən müharibəsindən neçə il əvvəl yazmışdım ki, kaş bütün şəhidlərimiz haqqında məlumat ala biləcəyimiz bir resursumuz olardı...

Sözdə deyirik ki, 20 mindən çox şəhid... Ancaq hekayələrini tapa bilmirik... Bu illər ərzində bir nəfər haqqında min nəfər yazıbsa, min nəfər haqqında bir nəfər də yazmayıb... Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytındakı siyahı isə özündə heç nəyi əks etdirmir... Sadəcə statistika!

İllər öncə bütün şəhidlərimizin haqqında geniş məlumatın yer alacağı vahid bazanı yaratmaq üçün bir az araşdırma etdim. İşin miqyasını görəndə başa düşdüm ki, bu iş məni aşar. Bu əsir hekayəsi deyil könüllü bayram və bazar günlərindən imtina edib, işləyəsən. Bu daha böyük komanda və sistemli iş istəyir...

Bu gündən şəhidlərimizlə bağlı atılacaq addımlar bir-bir açıqlanır. Mən çox ümid edirəm ki, şəhidlərimizlə bağlı yaradılacaq məlumat bazasında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan heç kim unudulmayacaq. Necə ki, bu savaşın tarixini 44 gün deyil, 32 il hesablayırıq, qurbanlarını da elə hesablamalıyıq...

Yalan deməyim, qorxum böyükdür!

Mən tədbirlərdə öndə əyləşən, titul daşıyan jurnalistlər görmüşəm ki, rəhbərlik etdiyi media orqanında bir şəhiddən material getməsi üçün o şəhidin valideyninin təqaüd almasını gözləyib... Mən “cavan qızsan, ətrafında həyat qaynayır, niyə Qarabağdan yazırsan” deyən ziyalılarımızı görmüşəm... Mən qarşılarında mühazirə dediyim məktəblilərdən “Hansı Milli Qəhrəmanlarımızı tanıyırsınız” sualına xorla “Mübariz İbrahimov” cavabını almışam. “Başqa” sualımın qarşısında məktəblilər xeyli düşünüb...

İndi isə zəfərlə qürur duyub “mən rayonların işğal tarixlərini yadımda saxlamırdım, ancaq azad edildiyi tarixləri əzbərləyirəm” deyənləri görürəm... Qorxuram! İşğal tarixini yaddaşından silməklə tarixdən siləcəyini zənn edənlər, bu 32 illik savaşı görməzdən gəlib zəfərlə qürur duyanlar sabah tərəddüd etmədən Qarabağ qazisinə sual verərlər: Sən niyə yaralanmısan ki? Nə olmuşdu ki?

Ümid edirəm, bütün bunlar müharibə travmamın fəsadlarıdır, elə qorxu olaraq da qalacaq. Və inanıram ki, tezliklə qazilərimizlə bağlı rəqəmlər də açıqlanacaq. Gün gələcək ki, Şuşaya gedə bildiyimiz kimi bir sayta daxil olmaqla da 32 illik savaşın bütün şəhid və qaziləri haqda ətraflı məlumat ala biləcəyik!

Şəhidlərimizə tanrıdan rəhmət diləyirəm... Səmimi deyirəm, içimdə iki duyğu bir-birinə qarışıb: Kaş ki, bu rəqəm daha az olardı və nə yaxşı ki, bu rəqəm daha çox deyil...

Öz adıma deyim ki, koronavirus adlı bir bəlayla savaşdığım bir vaxtda sizin yaşınızdan utanıram xəstəlikdən gileylənməyə... Qazilərin yaralarından utanıram... Amma sağalacağam və ömrüm çatan qədər haqqınızda yazacağam... Qələmim sizə layiq olmasa da bütün gücümlə çalışacağam... Sizə layiq olmaq üçün çalışacağam!

Nur içində uyuyun, igidlər...

Bütün Qazilərimizə şəfa diləyirəm...