adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

RUHUN RAHATDI, MƏMMƏD MÜƏLLİM - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
60927 | 2020-12-21 17:57

Dünyanın dizibərk kişilərindən biri...

Həm oxuduqlarımdan, həm eşitdiklərimdən bilirəm ki, dünya gəlimli-gedimlidi. Bu gəlimli-gedimli dünyanın ilk cizgilərini də Dədəm Qorqud çəkib. Onun diliylə desək, bu dünya kimsəyə qalmayıb. Və Məmməd Arazın da diliylə desək, dünya heç kimindi. Elə bu səbəbdəndir ki, bəzən mərasimlərdə bir deyim tez-tez təkrarlanır: "Süleymana qalmayan dünya".

Hə, mən də dünyanın Süleymana qalmadığını və heç kimin də bu dünyaya sonsuza qədər sahib olmayacağını dərk edirəm. Ona görə də ayağımı yorğanıma görə uzadıb əllərimi də başımın altında  çarpazlayanda bircə şeyi düşünürəm:

- Kimlər qaldı bu dünyada?..

Deyə bilərsiniz ki, Aşıq Alı bu sözü, bu misranı tamam fərqli deyib. Amma mən aşığın sözünə heç bir pəl vurmadan kimlərin qaldığı barəsində düşünürəm. Və belə bir məqamda gözümün önünə gəlir Məmməd müəllim. Onu həyat yolunu xatırlayıram və...

Azərbaycanda onu çoxları tanıyırdı. Təkcə elm adamları, ziyalılar deyil, xüsusilə sovet dövrünün ən üzdə olan institutlarından sayılan Xalq Təsərrüfatında təhsil alan bütün tələbələrin hamısı Məmməd müəllimi hətta kənardan belə görəndə özünü yığışdırırdı. Bu ona olan sayğının birinci göstəricisi idi. İkincisi, Məmməd müəllimin şəxsi nüfuzu və onun "Kişi sözü" seçilən bir kriteriya idi. Tələbələr bilirdilər ki, Məmməd Məmmədov sözünün ağasıdı. Bax, elə mən də bir həmyerli, bir qarabağlı kimi o addan tanınmamışdan öncə də qürur duymuşdum, fəxr etmişdim. Həmin o duyğular məni addım-addım, zaman-zaman yaxınlaşdırdı Məmməd müəllimə. Qəzetçiliyim imkan verdi ki, onunla həmsöhbət olum. Hətta üzbəüz oturub çay da içim... Elə bu çay mərasimlərində də mən professor Məmməd Məmmədovun özəl həyatına, iç dünyasına da bələd oldum.

Təbii ki, öncədən onun tərcümeyi-halıyla maraqlanmışdım. Bilirdim ki, 1937-ci ilin may ayının 9-da Füzuli rayonunun Qarakollu kəndində doğulub. Burada bir haşiyə çıxım ki, sovet-alman müharibəsinin 1945-ci ilin 9 may qələbəsindən sonra dostlar, doğmalar Məmməd müəllimin doğum günüylə qələbə gününü birlikdə qeyd edir. Hətta zarafatla onu qələbənin nümayəndəsi kimi xüsusi statusu olan şəxs sayırdılar. Amma gerçəkdə Allah özü Məmməd müəllimə alim, ziyalı statusu vermiş və seçib dəyərləndirmişdi.

Bütün yaşıdları və kənd uşaqları kimi Məmməd müəllim də torpağın ətrindən, dadından dağın, daşın, bulağın hikmətlərindən xəbərdar idi. O da ot biçmiş, o da odun doğramış, o da mal-qoyun dalınca örüşə gedib gəlmişdi. Oxumaq, ali təhsil almaq özünü kənddən çəkib qoparmaq deyildi onun üçün. Həm də kəndini tanıtmaq, kəndini şərəfləndirmək və kəndinin timsalında Azərbaycana layiq olmaq idi ali təhsil Məmməd müəllim üçün.

Ona görə də o, 1955-ci ildə Böyük Pirəhmədli kəndindəki orta məktəbi "əla" qiymətlərlə bitirib elə həmin il də o vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə qəbul olundu. Fərqlənmə diplomu ilə təhsilini başa vuran Məmməd müəllim Elmi Şuranın qərarı ilə Aspiranturaya tövsiyə olundu. 1960-63-cü illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alan Məmməd Məmmədov artıq 1964-cü ildə fizika-riyaziyyat elmləri namizədi idi. Beləcə, başladı onun elm yolundakı yuxusuz gecələrinin şirin bəhrəsinin yolu. Yəni elmlər namizədi, sonra texnika elmlər doktoru, sonra professor, da sonra isə əməkdar elm xadimi adına layiq görüldü. Onun elm sahəsindəki uğurlarına diqqət yetirəndə məlum olur ki, iki monoqrafiyanın, 3 kitabın, 65 elmi məqalənin, dərsliklərin və dərs vəsaitlərinin müəllifi olubdu. Onun məqalələri, çıxışları, ümümxalq və beynəlxalq elmi konfrans və simpoziumların iştiraçkılarının diqqətinə çatdırılıb. Bu, Məmməd müəllimin Azərbaycan elminin təmsilçisi kimi qazandığı uğurların çox kiçik bir göstəricisidi. Əslində isə Məmməd Məmmədov həm ziyalı, həm alim, həm də bir vətəndaş olaraq öz mövqeyini, öz dəsti-xəttini sevdirməyi bacaran İNSAN və ALİM idi.

3 övladı, 6 nəvəsi və 2 nəticəsi olan Məmməd müəllim 1995-ci il seçkilərində doğulduğu el-obadan olan seçicilərin dəstəyi ilə Milli Məclisə deputat seçilmiş və İqtisadi Siyasət Komissiyasının sədri olmuşdu. O, bir millət vəkili kimi də ölkəmizi respublikamızın hüdudlarından kənarda da yüksək səviyyədə təqdim etməyi bacarmışdı. Ona görə də onunla təmasda olan, onunla birlikdə Milli Məclisdə təmsil edilənlər Məmməd müəllim haqqında ürək dolusu xoş sözlər söyləməkdə tərəddüd etmirlər. Hər kəs onu ağsaqqal kimi, dizibərk kişi kimi tanıyır və belə də yaddaşında yaşadır.

Məmməd Məmmədovla bağlı fikirlərimi qələmə alarkən onu yaxından tanıyan, onunla dostluq, eloğlu münasibətləri olan bir neçə-nəfərə üz tutdum. İstədim ki, onların da yaddaşındakı Məmməd Məmmədovdan xəbədar olum.

İlk həmsöhbətim yazıçı Seyran Səxavət oldu. Seyran müəllim vurğuladı ki, Mamed müəllim özünəməxsus koloriti olan kişi idi. Onun öz dadı, öz duzu var idi. Söhbət eləmək, yol-yoldaşı olmaq, məclisdə üzbəüz oturmaq... bütün bunlar ayrı bir aləm idi. Bu kişi təpədən-dırnağa Qarabağlı idi, Qarakollu idi. Söhbəti hara hərləyib fırlasam da, görürdüm ki, onun səmimiyyətindən, onun dilindəki baldan doymaq olmur. Ayrı bir kişi idi Mamed müəllim. Təəssüf ki, indi onun haqqında xatirə danışıram. Amma o, yadımızda, dünyamızda qalan Kişi olub və belə də olacaqdı.

Akademik Akif Musayevin telefonuna zəng çaldım. Salamlaşıb Məmməd müəllimlə bağlı fikirlərini soruşdum. Kövrək bir səslə dedi:

- Heyif Məmməd müəllimdən, onu çox istəyirdim. Həm alim  kimi, həm eloğlu kimi, həm ziyalı kimi onunla həmsöhbət olmaq, birlikdə işləmək mənim üçün çox yaddaqalan məqamlardı. Xatırlayıram ki, Məmməd müəllim Milli Məclisdə komissiya sədri olanda onunla daha tez-tez görüşürdüm. O vaxtlar mən Vergilər Nazirliyində işləyirdim və İqtisadiyyat Komssiyasındakı məsələlərin müzakirələrində daha çox mən iştirak edirdim. O, ən xırda məsələyə qədər, ən kiçik detala qədər hər şeyin araşdırılmasına, dəqiqləşdirilməsinə çalışırdı. Bütün gücüylə istəyirdi ki, qəbul edilən qərarlar xalqın istəyini ifadə etsin. Bizim ikilikdə etdiyimiz söhbətlər zamanı ondakı doğmalıq, üzügülərlik məni çox məmnun edirdi. Təəssüf ki, pandemiya mənə onun dəfnində iştirak etməyə imkan vermədi. Amma Məmməd müəllimin haqq dünyasına qovuşmasından həqiqətən çox üzüldüm. Allah ona rəhmət eləsin! Məkanı Cənnət olsun!

Akademik Hətəm Quliyev:

- Məmməd müəllim həqiqətən ağsaqqal idi. 30 il dostluq etmişdim  onunla. O həm də yaxşı pedaqoq, yaxşı alim idi. Elimizdə, təhsilimizdə onun xidmətləri danılmazdı. Bir də mənim üçün Məmməd Məmmədov çox gözəl qarabağlı, çox gözəl azərbaycanlı idi. Bu kişi ilə bir eldən, obadan olmaq mənim üçün həqiqətən qürurverici sayılırdı. Məkanı Cənnət olsun!

Aslan Mehdiyev:

- Mən Məmməd müəllimi Füzulinin, doğulduğum bölgənin ən dəyərli ziyalılarından biri kimi həmişə yüksək qiymətləndirmişəm, onunla görüşlərdən zövq almışam. Ona görə ki, Məmməd müəllim həyatın nəbzini tutmağı bacarırdı. Üstəlik, gedişata, proseslərə elə dəqiqliklə münasibət bildirirdi ki, razılaşmalı olurdum. Görürdüm ki, bu kişi təkcə içində olduğun günün deyil, həm də sabahın proqnozunu mükəmməl şəkildə ifadə edir. Və həyat da onun proqnozlarını təsdiqləyirdi. Mən dəfələrlə onunla həmsöhbət olmuşam. Xüsusilə Mərdəkandakı bağ evində bizim görüşlərimiz çox olub. O görüşlərdə sən də iştirak etmisən. Onun necə həvəslə nərd oynadığını da görmüsən. Nə etmək olar? Həyatın qanunu belədir, hər kəs bir gün bu dünyaya vida edir. Allah Məmməd müəllimə rəhmət eləsin!

Nəbi Muxtarov:

- Məmməd müəllimi lap gənc yaşlarımdan tanıyırdım. Onun həm füzulili, həm qarakollu kimi bizim el-obaya böyük təəssüfkeşliyi var idi. Füzulilər onunla məsləhətləşməyə, ondan xeyir-dua almağa həmişə böyük maraq göstərirdilər. O kişi də böyük həvəslə hər kəsə yol göstərib. Həyat elə gətirdi ki, biz Məmməd müəllimlə həm bağ qonşusu olduq, həm də quda. Bu qohumluq mənə imkan verdi ki, Məmməd müəllimi də, onun ailəsini də daha yaxından tanıyım. Mən fikrimi konkret deyəcəm. Mamed müəllim dizibərk kişi idi. Sərt olduğu qədər də, mülayim adam idi. Yalanı, yaltaqlığı sevməzdi. Sözü birbaşa deyərdi. Ailəcanlı idi. Nəvələrini lap çox istəyirdi. Füzuli üçün, Qarabağ üçün ürəyi əsirdi. Ən böyük arzusu Füzuliyə, Qarakolluya getmək, uşaqlığı keçən yerləri ziyarət etmək idi. Bir ona sevinirəm ki, Füzulinin azad olunması xəbərini eşitdi. Amma təəssüf ki, o yerlərə gedə bilmədi. İndi ruhu dolaşır o yerlərdə. Allah rəhmət eləsin!

Şair Cavad Zeynal:

- Gənclik illərimdən tanıyıram Məmməd müəllimi. Bakıda o mənim dayaq nöqtəm olub. Xətrini çox istəmişəm. O da mənə həmişə eloğlu deyirdi. Telefonunu açan kimi zəngimə "alo" əvəzinə "can" deyirdi. Barmaqlarının beşi də bal idi, yapışmışdı bir-birinə. Dürüst adam idi. Tələbələrinin də, dostlarının da, ona sonsuz ehtiramının şahidlərindən biri də mənəm. Nərd oynayanda həmişə mənə tərəf durardı. İstəyərdi ki, mən qalib gəlim. Ona söz vermişdim ki, Qarakollu azad olunandan sonra gedib Qozluçayın, Armudlu dərənin o gözəl yerlərini birlikdə gəzəcəyik. Xəzəlin altından eşib armud tapıb verəcəm ona, bir parça da təndir çörəyi. Şirin armudla təndir çörəyi ləzzətli olur. Bunu kənd uşaqları yaxşı bilirlər. Hər söhbətimizdən yadımda çoxlu məqamlar qalıb. Birini demək istəyirəm. Məmməd müəllimin yetirməsi olan 13 nəfər tələbəsi Azərbaycanda nazir postuna sahib olub. Yəni bu müəllimin 13 tələbəsi nazir olsa da, onların heç birinə Mamed müəllim əziyyət verməyib. Əksinə, həmin nazirlər özləri Məmməd müəllimi axtarıblar. Təəssüf ki, mən onu Qarakolluya apara bilmədim.

Süleyman Qaradağlı:

Ağlım kəsəndən onun haqqında çox eşitmişdim. Tanışlığımız isə ötən əsrin 90-cı ilində oldu. Həmin il Məmməd Məmmədov ilk dəfə Ali Sovetə deputatlığa namizəd, mən isə rayon Xalq Deputatları Sovetinə seçkilər üzrə  komissiyasının sədr müavini idim. İlk görüşdən, necə deyərlər,  suyum suyunu çəkdi. Məlum oldu ki, səhərlər Günəşin təpələrin arxasından boy verib çıxmağını, axşamlar Ərgünəş dağının arxasına çəkilməyini  ikimiz də eyni bir çayın sahilindən seyr etmişik.

İkimizin də sinəsini Ərgünəşin sərin mehi yelpikləyib, ürəyimizi  Qozluçay dərəsinin buz kimi soyuq bulaqları sərinlədib. Çox aydın və səlis nitqi, cəlbedici danışığı vardı. Çox da  zəngin və dolu adam idi.  O qədər də şirin danışırdı ki, nitqinin sehrinə düşməyə bilmirdin.

İçi işıqla, xeyirxahlıqla dolu bu böyük ziyalının camaat, el-oba  üçün alışıb yanan ürəyini elə o vaxt hiss etmişdim. Doğrudur, həmin vaxt Məmməd müəllimə deputat seçilmək nəsib olmadı, amma ondan sonrakı çağırışlarda iki dəfə millət vəkili seçildi. Məmməd müəllim  həqiqətən el-oba adamı idi. Ona üz tutan, pənah gətirən, köməyinə ehtiyac duyan heç kəsi naümid qaytarmazdı. Heç yadımdan çıxmaz, onun yanına bir neçə dəfə xahişə getmişəm: atam xəstələnəndə, dayım oğlu ali məktəbdən xaric ediləndə, yaxın bir qohumumuz həbs təhlükəsi ilə üzləşəndə...

Elə o dəqiqə də əlini telefona uzadaraq müxtəlif ünvanlara zəng edib və onun zənglərindən sonra  atam sağalaraq həyata qayıdıb, dayım oğlu ali məktəbə bərpa edilib,  qohumumuz həbs təhlükəsindən azad olub.

Məmməd müəllim işlədiyi İqtisad Universitetində də belə olub. İmtahandan kəsiri olan, müəllimlərin sərt üzünə tuş gələn tələbələr, təhsil ocağında işi dolaşığa düşən hər kəs onu özünə ümid yeri bilib. Elə bil o, bu dünyaya insanlara kömək etmək, yardım əli uzatmaq, qəlbindəki işığı paylamaq üşün gəlmişdi. O işıq onun üzündə də vardı və indi elə bilirəm ki, həmin işığı da özü ilə aparıb.

... Bəli, mən Məmməd müəllim haqqında  fikirlərimi burda yekunlaşdırmaq istəyirəm. Lakin içimdən gəlib keçir ki, bir məqamı da dilə gətirim. Yəni Mərdəkanda bağ evinin həyətində nərd oynayan ağsaqqallara, o cümlədən Məmməd müəllimə qaynayan samovardan çay süzüb qarşısına qoydum. Üzümə baxıb dedi:

- Tuğlu balası, Allah qoysa gedək Tuğa, bu çayı orda süzərsən...

Təəssüf, Tuğa gedə bilmədik. Amma içimizdəki yurd nisgilini birlikdə bölüşüb o yurdu bizə qaytaran Qələbənin sevincini birlikdə paylaşdıq. Ona görə də içimdə bir arxayınlıq var. İnanıram ki, Məmməd müəllimin ruhu narahat deyil.

TƏQVİM / ARXİV