adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: XUDMANİ TOY

ƏBÜLFƏT MƏDƏTOĞLU
105808 | 2020-12-22 14:21

Yaşadığım həyatın danılmaz gerçəkliyi

 

... Az qala bir aydır ki, dincliyim, rahatlığım unudulub. 44 günlük Böyük Vətən Müharibəsinin sevincindən, Zəfər paradının yaratdığı ovqatdan nə qədər yararlansam da, nə boyda ümidin ağuşuna atılsam da, amma bir özəl istəyin caynaqları sıxır məni. Bu elə bir istəkdi ki, bunu bütün valideynlər canından, qanından keçirir və onu bütün valideynlər öz arzularına, öz istəklərinə, öz güclərinə, öz imkanlarına görə həm xəyalda, həm gerçəkdə reallaşdırırlar.

Bu barədə mən bir dəfə də yazmışdım. Təqribən 12-13 il bundan öncə “Xocalı toyu” adlı həmin yazımda Xocalıdan ayaqyalın, başıaçıq, valideynlərinin əlindən tutub canını güclə qurtaran xalam nəvəsinin toyundan idi bu yazı. O toyun sahibi oğlu üçün hələ Xocalıda elə arzular, elə xəyallar dilə gətirmişdi ki, sadə bir adamın bu cür istəklərinə daxilən gülmüşdüm. Hətta öz-özümə demişdim ki, “xalaoğludakı ürəyə bax, arzuya bax, gör oğlunun toyunda kimin oxumasını istəyir və bir də gör bu toyun üç gün, üç gecə çalınmasını necə cani-dildən arzu

edir”. Amma o toy nə üç gün, üç gecə çalındı, nə də Xocalıda oldu. Heç xalaoğlu toyda oxumasını arzuladığı xanəndəyə də üz tutmadı. Sözarası səbəbini soruşdum, acı bir təəssüflə dedi ki, “Mən nə hayda, sən nə hayda, hansı günümə yaraşır xalq artistini, o boyda məşhur insanı yataqxana həyətində qurduğum mağara dəvət edim. Bəlkə də dəvət etsəm gələr, amma mən bunu edə bilmərəm”.

Hə, bax, belə bir söhbət də olmuşdu xalamoğlu ilə aramızda. O toyla bağlı yazdığım yazıda yazmışdım ki, nə danışıb-gülənlərin, nə oynayanların heç birinin üz-gözündə, səsində 80-ci illərdə Xocalıda çalınan toyların iynə boyda da olsun cizgiləri yox idi, hiss olunmurdu ki, bu Xocalı toyudu. Nə isə...

Bəli, indi mənim ürəyimin yükünə çevrilən qayğı da, rahatlığımı əlimdən alan fikir də elə bir arzumla, bir istəyimlə bağlıdı. Bu arzu, bu istək 25 il içində böyüyüb. Onunla bərabər övladım da böyüyüb, o da bütün yaşıdları kimi bu 25 ilin sınaqlarından keçib, qayğılarını yaşayıb, şıltaqlıqlarını çevrəsi ilə bölüşüb. Və ən vacibi onun da gənclik arzusu - bir evin, bir ailənin sevincini bölüşmək, taleyinə hopdurmaq – axır ki, gəlib reallaşma anına yetişibdi. Təbii ki, ata da, ana da, qardaş-bacı da, bütövlükdə ailə də bu günü onunla bərabər yaşadığı kimi, bərabər də bölüşmək reallığının qapısına gəlib çatıb. Bax, elə mənim də içimdəki yükün, qayğının rahatsızlığımı əlimdəm alması həmin anla bağlıdı. Yəni...

Valideyn övladı böyüdür ki, onun sağlamlığını, təhsilini, gələcək həyatını, eləcə də toy-düyününü övladı ilə birlikdə böyüdür... hər gün oğul-qız toyuna doğru yol gəlir. Bu yol bəzən qısa və istəyə uyğun olur, bəzən isə...

İndi dünyanı cənginə alan pandemiya hamı kimi Azərbaycan adlı məmləkətin də ərazisində at oynadır. Ona görə ölkədə “Evdə qal – sağlam ol!” çağırışı sərt bir şəkildə hamımızın gündəminə daxil olub. Bu reallıq bizləri qorunmağa, özümüzü qoruduğumuz kimi ətrafımızı da qorumağa bizi birmənalı şəkildə məcbur edir. Deməli, bu da görüşlərin, tədbirləri, məclisləri öncə seyrəldir, təxirə salır və sonra da qadağan edir. Bax, mən də bir valideyn olaraq uzun müddətdir ki, götür-qoy edirdim. Düşünürdüm ki, bu pandemiyanın yolu qısa olar, gəlib ötüb gedər. Və onda mən də özümün, ailəmin arzusunu normal insanlar kimi gerçəkləşdirərəm. Amma mən saydığımı saymadı pandemiya. Onun sayğacı elə özünün istədiyi kimi fırlandı. Və...

Siz bu yazını oxuduğunuz anda yəqin ki, bir ata kimi, bir ailə başçısı kimi hansı hissləri keçirdiyimin şahidi olacaqsınız. Görəcəksiniz ki, qızının əlindən tutub nişanlı olduğu insana artıq köhnə kişilərin dediyi kimi “Allahın əmri, peyğəmbərin izniylə” kəbini də kəsilmiş bir Allah bəndəsinə “Xoşbəxt olun!” deməklə vermək necə də qayğılı və həm də qəhər dolu bir məqamdır. Çevrəndə bu qədər doğmalar, dostlar olduğu halda tək bir ailənin içərisində bu toyu etmək və o toyun da “Vağzalı”sını

ürəyində çalıb elə ürəyində də eşitmək, rəqs etməli olanların özləri kimi rəqslərini də xəyal etmək təkcə qızımın, ailəmin alın yazısı deyilmiş. Bu həm də hamımızın məhkum olduğu bir gerçəklik imiş...

Doğrudur, özümə təsəlli verirəm... ailəmə təsəlli verirəm... gerçək vəziyyətlə barışırıq hamımız... hətta Sovet dönəminin “Komsomol toyu”ndan söhbət salıram... Bütün bunları həm özüm üçün deyirəm, həm də gəlin köçən qızın anası üçün, bacısı üçün, qardaşı üçün... Mənimlə bərabər onlar da dediklərimi reallıqda qəbul edirlər. Amma üz-gözlərinə baxanda görürəm ki, onlar da bacı toyunda oynamaq, onu ata evindən “Vağzalı” ilə yola salmaq, arxasınca su atmaq, daha nələr, nələr keçirirlər ürəklərindən. Sadəcə, keçirirlər... Bu arzuları həqiqətə çevirmək isə pandemiyaya görə yasaqdı. Təkcə yasaq olduğuna görə yox, həm də ailəmizin sağlamlığını qorumaq üçün gərəkdi. Elə yeni ailənin də!..

Bəli, qızım yeni ünvana köçür... “Vağzalı”sız, musiqisiz, sadəcə ata-ana, qardaş-bacı xeyir-duası ilə. Elə yeni ünvanda da onu musiqisiz, “Vağzalı”sız ata-ana, qardaş-bacı qarşılayır. Hər iki tərəf reallıqla barışıb. Təsəlliləri, istəkləri budur ki, gənclər xoşbəxt olsun. Onların uzun çəkən ömürlərinin “nişanlı olma” fəsli ailə olma fəslinə çevrilsin. Bax, buna görə də hər iki ailə razılaşdı bu səssiz, haysız-küysüz, qonaq-qarasız, ən vacibi isə “Vağzalı”sız toya. Nə deyirəm, qismət deyilən, alın yazısı

budursa, Allah övladlarımızı və bütün subaylarımızı xoşbəxt etsin! Amin!

Bu yazını yazmaqla təkcə ürəyimi boşaltmadım. Həm də məndən toy dəvəti gözləyən dostlarıma, doğmalarıma demək istədim ki, biz ailəmizdə sadəcə olaraq, günün reallığına uyğun olan ailə süfrəsi açıb qızımızı özünün daimi ünvanına yola saldıq. Odur ki, heç kimi rahatsız etmədik, heç kimə problem yaratmaq istəyində olmadıq və heç kimdən də bu toyla bağlı incikliyimiz yoxdur. Çünki bu, xudmani toy idi.

P.S. Redaksiyamızda mənə ən əziz olan Gülər xanım sözarası dedi ki, qardaşım qızını da elə bu qaydada köçürdük. Həmişə mənimlə danışanda deyir ki, bibi, mənim “Xur-xudmani toy”um yadındı? – deyir özü də gülür, mən də. Bax, mən də həmin qızımızın dediyi özünəməxsus fikrə davam kimi əlavə edirəm: təki toylarımız səbəbkarların həyatını sevincə, xoşbəxtliyə bələsin. Onda məclisdəkilərin sayı, iştirakı heç bir önəm daşımayacaq. Çünki səbəbkarlar xoşbəxtdirlər!

TƏQVİM / ARXİV