adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Dekabr 2020 16:44
45834
MÜSAHİBƏ
A- A+

Qədir Rüstəmovun əsgər nəvəsi: “Ağdamda “Sona bülbüllər”i atam oxuyacaq”

Qaynarinfo II Qarabağ savaşının iştirakçısı, könüllü döyüşçü Səda Azər oğlu Rüstəmovla müsahibəni təqdim edir.

 

Səda Azər oğlu Rüstəmov 1998-ci ildə Bakı şəhərində anadan olub. Əslən Ağdamdan olan Səda orta təhsilini E.Əliyev adına 162 nömrəli tam orta məktəbdə başa vurduqdan sonra hərbi xidmətə yollanır. İkinci Qarabağ savaşı başlayan kimi isə könüllü olaraq döyüşlərə qatılır. Döyüş zamanı bir dəfə yaralansa da, yenidən döyüş yoldaşlarını tək buraxmayaraq geri qayıdır. Səda həm də mərhum Qədir Rüstəmovun nəvəsi Azər Rüstəmovun oğludur.

 

- Səda, hazırda Şuşadasan. Necədi oralar? Qalib əsgər kimi əzəli və əbədi torpaqlara illər sonra gəlmək, həm də, bir halda ki bu problem sənin də yaşından böyükdür, necə bir hissdir? Yaxşıdırmı oralarda vəziyyət, özün necəsən?

 

- Bəli, Orxan. Şuşadayam, qürurluyam. Buralar digər rayon və şəhərlərdən çox fərqlidir. Qəribə bir gözəlliyi var. Yazmaqla, danışmaqla tam izah etmək olmur. Problem yaşımdan böyük olsa da, elə məhz bu problemi həmyaşıdlarım, hətta məndən, bizdən balacalar həll etdi. Şükür bu günə. Hazırda 10 milyonun xəyalı olan torpaqlardayam. Bundan artıq nə olsun? Nə istəyim? Buralarda da vəziyyət yaxşıdır, daha da yaxşı olacaq. Özüm də yaxşıyam, qürurluyam, sevincliyəm ki, bu işdə mənim də köməyim, qatqım  oldu.

 

- Sən könüllü qatılmışdın döyüşlərə, hə?

 

- Bəli, könüllüyəm.

 

- Səda, özün də qarabağlısan, ağdamlı. Bir qarabağlı olaraq yəqin ki, içindəki hiss bir az da başqa idi. Ağdamda ola bildinmi?

 

- Bəli. Elədi. Amma hələ ki, Ağdamda ola bilməmişəm. İnşallah ora da, öz dədə-baba torpağıma da gedib çıxacam. Dediyim kimi, bu hissləri heç cür ifadə edə bilmirəm. Çox qəribədi. Mən indi də özümü bir filmin içində hiss edirəm. Sanki döyüşçü yox, aktyoram.

 

- Haralarda oldun, haralarda  döyüşdün?

 

- Füzulidə, Cəbrayılda, Şuşada. İndi də Şuşadayam.

 

- Səda, dədə-baba torpağı dedin Ağdama. Sənin doğma baban, xalqın sevimli sənətkarı, elə məhz Ağdam deyəndə ilk yada düşən mərhum Qədir Rüstəmovdur...

 

- Bəli. Elədir. Qədir Rüstəmovun nəvəsiyəm. Azər Rüstəmovun oğlu.

 

- Baban yadına düşərdi yəqin ki orda. Özü də Ağdam tərəfə getmək istəyəndə...

 

- Bu məsələlər başlayanda elə ilk aglıma o gəldi. Ağdama gedə bilmək, babam... Təəssüf ki, Qədir Rüstəmov "Sona bülbüllər"ini Ağdamda oxuya bilmədi. Ömür vəfa eləsəydi, gələrdi Ağdama, səsini orada da eşidərdik. Burda da o barədə çox düşündüm. Bura gələn gündən. Ruhu şad olsun.

 

- Hə... Babanın da arzusu idi bu günü görmək və indi nəvə olaraq sən yerinə yetirirsən. Necə düşünürsən, babanın ruhunu şad edə bildinmi? Axı, bu, həm də bir öhdəçilikdir. "Sona bülbüllər"inin sədası Ağdamdan gəlməlidir... Sən Səda həmin sədanı gətirə biləcəksən?

 

- Bilirsən, Qədir Rüstəmov mənim babam olmasaydı da, bu mənim boynumun borcu idi. İndi bir halda ki belədir, lap gözəl və qiymətli. Əgər babamın ruhu bu günləri görürsə, Ağdamı görən kimi onsuz da şad olacaq. Nəvə kimi də az da olsa əməyimin olması, məni ancaq qürurlandıra bilər. 

 

- Səda, oxuyursanmı orda heç? 

 

- Yox. Oxumuram. Yəni, məni oxuya bilmirəm. Səsin olmağı oxumaq demək deyil ki. Durub özümü Qədir Rüstəmov hiss edəsi deyiləm hər halda (gülür). Amma ümumi kiçik zümzümələr olur da özümçün.

 

- Qədir Rüstəmovun nəvəsi olduğunu bilir də hamı orda?

 

- Hə, bilirlər. Amma bu, heç nəyi dəyişmir də. Hamı necə, mən də elə. Hətta daha artığını etməyə çalışıram.

 

- "Sona bülbüllər”i oxuya bilirsən?

 

- (Gülür) Yox e, onu babamdan başqa kim oxuya bilər ki, elə? Atam oxşadır amma. İnşallah, Ağdamda konsertdə atam özü "Sona bülbüllər"i oxuyacaq.

 

- Səda, qayıdaq döyüşlərə. Deyəsən, yaralanmışdın da. Amma hazırda ordasan.

 

- Hə. Hadrut istiqamətində yaralandım bir dəfə.

 

- Necə oldu, döyüş gedirdi?

 

- Yox. Döyüş dayanmışdı onda. Hadrut bizdə idi artıq. Ora gedəndə talonumuzu vurdular. Qəlpə yarası almışdım ayağımdan.

 

- Necə oldu bəs? Ümid edirəm ki, çox da ağır yara deyildi. Çünki hazırda da döyüşdəsən.

 

- Hə. Elədir. İndi daha yaxşıdır vəziyyət. Elə-belə, axsama var. Hospitala aparıldım yaralanandan sonra.

 

- Sonra təzədən qayıtdın?

 

- Əlbəttə. Sıxıldım orda. Həm də çox. Döyüş yoldaşlarım orda, mən burda. Bir az sağalan kimi qayıtdım. 12 gün qaldım orda, ürəyim partlayırdı, vallah.

 

Siyahı var. Kim könüllü təzədən getmək istəyir, yoxsa qalmaq istəyir burda müalicə üçün, bildirir. Mən adımı yazdırıb, könüllü getdim təzədən. Cəbrayıla gəldim onda da. Sonra təzədən gəldim buralara.

 

- Artıq döyüşlər dayanıb. Təltif olundunmu?

 

- Bəli, oldum. İki medalım var. Yəqin ki, üçüncü də olacaq.

 

- Təbrik edirəm. Hansı medallardır?

 

- Biri "Cəsur döyüşcü" medalıdır, biri də Füzulinin alındığına görə medalı. Şuşanın azad olunmasına görə də alsam, gözəl olar. Onu gözləyirəm. (gülür. )

 

- Ümumən döyüşlər sənə necə təsir elədi, Səda? Yəqin ki, bu, həyatının bir dönüş nöqtəsi olar sənin üçün.

 

- Döyüşdür də. Adiləşdi sonra. Çətin idi təbii ki. Nə olsun indiyə qədər görməmişdik. Mənim üçün hər şey yaxşı oldu. Bütün hallarda sevinirəm ki, Ali Baş Komandanın əmri ilə torpaqları işğaldan azad elədik. Burda komandirlərim var, onlar da sağ olsun. Hansı ki, o komandirlərin hamısı bizdən qabaqda gedirdi. Əmr verib arxada durmurdular. Şəhidlərimiz oldu... Allah onlara rəhmət eləsin. Onların qanı hesabına aldıq buranı, yoxsa necə olardı? Qazilərimizə şəfa diləyirəm. Nə yaxşı ki, artıq bu torpaqlarda qanımız və canımız bahasına bizlər varıq. Bir söz var, torpaq qan ilə qarışanda vətən olur. Biz vətəndəyik, bu vətən bizimdir. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan.

 

- Çox sağ ol, Səda. Təbrik edirik, uğurlar arzu edirik. Sağ və salamat qal.

 

- Siz sağ olun, təşəkkür edirəm.

 

Orxan Saffari