adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: AĞDAMSKİ ADLI ÜNVAN

ƏBÜLFƏT MƏDƏTOĞLU
78752 | 2021-01-06 14:44

Bir soykökün nağılı

 

Müdrik bir deyim var, onu yəqin ki, hər kəs bilir. Bilməyənlərə isə xatırlatmaq istəyirəm. Müdriklər deyib ki, "ot kökü üstə bitər". Bu mənada sizə təqdim edəcəyim ilk nəslin həyat yoluna qısa nəzər salanda müdrikcəsinə dedikləri o həqiqətin şahidinə çevrilirəm. Görürəm ki, bu dünyada köklü, qollu-budaqlı ağacların cücərməyə başladığı andan onların taleləri də buğum-buğum böyüməyə, yüksəlməyə başlayır. Yəni həyat sərt döngələrin, ağır sınaqların imtahanları ilə özünün nə qədər amansız olduğunu sübut etsə də, həm yaşamaq eşqi, həm də özünütəsdiq qətiyyəti Allahın yaratdığına imkan verir ki, boy göstərsin. Təkcə olduğu yerdə yox, həm də yaxın-uzaq çevrədən görünsün...

Bəri başdan etiraf edim ki, mən Ağdamskilər ailəsini çox az  tanımışdım. Dəyərli ziyalımız, istedadlı yazıçı-tədqiqatçı, Qarabağın tarixini yorulmadan öyrənib təbliğ edən "Şuşa" qəzetinin redaktoru Vasif Quliyevin təşəbbüsü ilə mənə Telman müəllimə tanış olmaq qismət oldu. Həmin o tanışlıqdan sonra bizim söhbətlərimizin, fikir mübadilələrimizin əhatəsi böyüdü. Və mən öyrəndim ki, Telman müəllim Azərbaycan mədəniyyətinə çox böyük xidmət etmiş, bizim teatr, opera sənətimizə adını böyük hərflərlə yazmış Əhməd Ağdamskinin oğludur.  Yəqin ki, az-çox mədəniyyətimizlə, teatr sənətimizlə maraqlananlar Əhməd Ağdamskinin kimliyindən xəbərdardılar. Tarixə ekskursiya edərək demək istəyirəm ki, 1884-cü ilin yanvar ayının ilk ongünlüyündə, yəni yanvarın 5-də Ağdamda dünyaya gəlibdi Əhməd Bədəlbəyli-Ağdamski. Doğulduğu zaman kəsiyi bizdən nə qədər uzaq olsa da, amma barəsində yazılanlar, haqqında söylənilən fikirlər, xüsusilə onun səhnəmizə verdiyi töhfələr qələmə alındıqca o, bir şəxsiyyət olaraq, bir sənətkar olaraq yaddaşlardan bu günümüzə keçib gələ bilib. Yeri gəlmişkən, bir dəfə dəyərli yazıçı-publisistimiz, çox hörmətli Mustafa Çəmənlinin mənə bağışladığı kitablarını gözdən keçirirdim. Onun "Ürəyimdən kimlər keçdi" silsiləsindən olan yazıları mənə sözün bütün mənalarında çox şirin gəldi, çəkdi məni özünə. Və həmin silsilədə mən Mustafa müəllimin də yazdığı kimi, unudulmaz Əhməd Ağdamski haqqında oxuduqlarımı az qala su kimi içdim. Və gördüm ki, istedad həqiqətən iynə ucu boyda şərait tapan kimi özünü büruzə verir. Belə ki, Əhməd Ağdamskinin gənclik illəri bir tarixi şərait olaraq ziyalılıq baxımından, cəmiyyətin səviyyəsi baxımından çox ziddiyyətli və qaranlıq zamana təsadüf edir. Ona görə də böyük Üzeyir bəyin "Leyli və Məcnun" operasını səhnələşdirməsi və Azərbaycan opera sənətinin bünövrəsini qoyması o zamana düşən gur işıq idi. Həmin işığı isə operanı tamaşaçıya çatdıranlar öz ifaları ilə daha da gurlandırırdılar. Təbii ki, həmin zamanlarda Azərbaycan qadınının səhnəyə çıxması, hansısa bir obrazı canlandırması həm mümkünsüz idi, həm də müəyyən qədər həyat, yəni "olum-ölüm" məsələsi idi. Bu mənada operanın tamaşaçıya çatdırılmasında  böyük gərginliklər yaranmışdı. Və bu da Leyli obrazını ifa edəcək bir Allah bəndəsinin tapılıb ortaya çıxarılmasını günün sualına çevirmişdi. Doğrudur, böyük aydınalrımız Üzeyir bəyin və Əbdürrəhim bəyin, eləcə də Məcnun obrazının yaradıcısı Hüseynqulu Sarabskinin gərgin əməyi sayəsində Leyli rolunun ilk ifaçısı Əbdürrəhim Fərəcov bu işin qulpundan yapışdı. Amma dövrün yaşantıları, həmlələri, təyziqləri, ironiyası Əbdürrəhim Fərəcova güc gəldi. Və o, 1908-ci il yanvar ayının 12-nə təyin olunmuş tamaşada Leyli rolunda çıxışdan imtina etdi. Onun yerini səhnədə Üzeyir Hacıbəyovun realnıy məktəbdə oxuyan xalası oğlu Əhməd bəy tutdu. Beləcə, gələcəyin Əhməd Ağdamskisi teatr-opera tariximizdə ilk addımını atdı. Doğrudur, Telman müəllimin söylədiyi və Mustafa Çəmənlinin də yazdığı kimi, o, zamanı nəzərə alaraq xahiş etdi ki,  "Razıyam, amma bir şərtlə? Afişada adımı Miri yazsınlar". Təbii ki, tamaşanın alınması naminə  Əhmədin şərti qəbul olundu. Onun səhnəmizdəki ifası bütün dinləyicilərin ruhunu  oxşadı. Bu səs, bu ifa həm bəstəkara, həm rejissora, həm digər iştirakçılara qol-qanad verdi. Alqışlar Əhməd Ağdamskinin yolunda yandırılan yaşıl işıq idi.

Burada onu da xatırladım ki, Zülfüqar, Üzeyir və Ceyhun Hacıbəyovların xalası oğlu olan Əhməd Ağdamski Şuşanın, Ağdamın havasının, suyunun aid olduğu nəslin genetik kodlarının və bir də gərgin əməyin sayəsində  qısa bir zaman ərzində təkcə Leylinin yox, həmçinin "Rüstəm və Söhrab"da Təhminəni, "Ər və arvad"da Minnət xanımı, "O olmasın, bu olsun" da Gülnazı, "Şah Abbas və Xurşidbanuda" Xurşidbanunu, "Əsli və Kərəm"də Əslini, "Arşın mal alan"da Gülçöhrəni, "Aşıq Qərib"də Şahsənəmi elə yaratdı ki, bu əsərlər tamaşaçıların, dinləyicilərin sevimli obrazlarına çevrildilər. Ümumiyyətlə, Əhməd Ağdamskinin aktyorluğu ilə yanaşı, səsindəki məlahət, yəni ifa ustalığı dövrün bütün aydınlarının diqqətini özünə çəkmişdi. Onların demək olar ki, böyük əksəriyyəti gənc istedad olan Əhməd bəyi həmişə dəstəkləmiş, onun ifasını dəyərləndirmişdilər. Onun ifasını dinləyən tamaşaçıların böyük əksəriyyəti səhnədə gördükləri bu aktyorun yaratdığı qadın obrazlarında necə məharət göstərə bildiyini heç cür izah edə bilmirdilər. Hətta bir çoxu onu ifaçı olaraq qadın təsəvvür edirdi.

Həyatının ikinci mərhələsini Ağdaşda köçüb yaşayan Əhməd Ağdamski burada da özünə, sənətinə sadiq qalıb. O, Ağdaşda musiqi məktəbində tar müəllimi işləməklə yanaşı, buranı həm də mədəniyyət mərkəzinə çevirə bilib. Demək olar ki, onun sağlığında Ağdaş Azərbaycan mədəniyyətinin işıqlı bir ünvanı kimi önə çıxmışdı. Onun artıq bir sənət adamı kimi tanınması, Ağdaşda istedadlı mədəniyyət adamlarını öz ətrafında birləşdirməsi hər kəsə məlum idi. Bakıdan Ağdaşa üz tutan mədəniyyət təmsilçiləri ilk növbədə onu axtarır, onunla fikir bölüşür, ondan öyrənirdilər.  Ona görə də mədəniyyətimizin bu cəfakeşi artıq sağlığında klassik olmaq haqqını qazanmışdı. Özü də təkcə ifaları ilə yox, həm də Ağdaşda ilk musiqi məktəbini açmasıyla da.

Atası ilə bağlı xatirələrini dilə gətirən Telman müəllim vurğulayır ki, həyatında bircə dəfə onun oxumağının şahidi olmuşam. Bu da 1951-ci ilə təsadüf edir. Həmin il böyük bacım Cəmilənin o vaxtkı Tibb  İnstitutunu bitirməsi ilə əlaqədar evimizdə ziyafət təşkil olunmuşdu. Ziyafətdə Ağdaş ziyalıları da iştirak edirdi. Qonaqların israrlı arzusunu yerə salmayan atam tarı sinəsinə sıxıb gözlərini yumaraq muğamlarımızdan birini ifa etdi. Mən qonaqlara baxırdım. Onlar bu muğama "qərq" olmuşdular. Hətta bəziləri göz yaşlarını da saxlaya bilmədi. Ağır xəstəlikdən sonra, 1954-cü ilin aprel ayının 1-də atam dünyasını dəyişdi...

Bu qəmli xatirəni dilə gətirən Telman Əhməd oğlu Ağdamski bir anlıq fikrə dalır. Və mən də onun öz xəyal dünyasına çəkilməsindən istifadə edib yazı masamın üstündəki vərəqləri gözdən keçirirəm. Əslində bu vərəqlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, kimya elmləri doktoru Telman Əhməd oğlu Ağdamskinin özü barəsində yazdığı tərcümeyi-hal da yer alıbdı. O ömürlükdən məlum olur ki, Telman müəllim 1936-cı ilin avqust ayının 6-da Ağdaşda doğulub. Burada orta məktəbi bitirib. Sonra o vaxtkı Azərbaycan, indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub. Və 1958-ci ildə kimyaçı ixtisası almaqla yanaşı, o həm də AMEA-nın tələbə-laborantı kimi də işləyibdi. Ümumiyyətlə, həyat idealı dünya şöhrətli alimimiz Yusif Məmmədəliyev olan professor Telman Ağdamski dünyanın bir çox ölkələrində, şəhərlərində, paytaxtlarında məruzələrlə çıxış etmiş, simpozium və elmi konfransların iştirakçısı olmuşdu. Bu gün də onlayn vasitəsilə tələbələrin sevimlisi olan Telman müəllim biliyini, həyat təcrübəsini öz yetirmələrinə öyrətməkdən zövq alır. Və onun ən böyük arzusu, istəyi çin olduğu üçün atasının ruhunun şad olduğuna da inanır. Bu ruhu şad edən də Şuşanın, ağdamın, bü tövlükdə işğal olunmuş torpaqlarAzərbaycan bayrağının dalğalanmasıdı.

Özü haqqında danışmağı xoşlamayan Telman müəllim elmimizə, təhsilimizə verdiyi töhfələrə görə, müxtəlif mükafatlar, fəxri fərmanlar alıb. Amam yaşının bu vaxtında  onun Prezident təqaüdünə layiq görülməsi bu qocaman alimə ən böyük maddi və mənəvi dəstək olardı. Zənnimcə, əlaqədar təşkilatlar bu barədə düşünsə, bir alimi, bir elm fədaisini sevindirmiş olar.

Mən Ağdamskilər ailəsinin üzvlərini məhz Telman müəllimin sayəsində tanıdım. Öyrəndim ki, onlar iki qardaş, iki bacı olublar. Bu ailənin oğul övladlarından biri də Azərbaycanın Əməkdar arzeoloqu, tanınmış neft fədaisi mərhum Məmməd Ağdamski olub. Bütün həyatını Balaxanı neft sahəsində yeni yataqların tapılmasına, uğurlu neft kəşfiyyat işlərinin aparılmasına həsr edən Məmməd Ağdamski təkcə Azərbaycanda deyil, öz ixtisası ilə daha böyük coğrafiyada tanınırdı. Təəssüf ki, o, bütün istək və arzularını çin etməyə macal tapmadı. Telman müəllimin bacıları Cəmilə və Kamilə xanım da ali təhsilli mütəxəssislərdi. Cəmilə xanım həkim, Kamilə xanım isə iqtisadçıdır. Maraqlıdır ki, Cəmilə xanımın oğlu da öz dayısının yolu ilə gedərək elmlə məşğul olub. Bu gün tenika elmləri namizədi kimi tanınan Məhəmməd Abdullayev də qarşısına Azərbaycan elminə böyük töhfələr verməyi məqsəd qoyubdu.

O ki, qaldı Telman müəllimin ailəsinə, o, iki qız atasıdı, dörd nəvəsi var. Qızları - Lalə həkim, Ülviyyə isə iqtisadçıdı. Ümumiyyətlə, bu ziyalı ailəsində milli-mənəvi dəyərlər və bir də elmi mühit hakimdir. Necə deyərlər, öz kökü üstündə böyüyən, pöhrə verən bu ailənin uğurları məhz bunlardan, aid olduğu ocaqdan, səcərədən qidalanır.

Bəli, bu gün Telman Ağdamski təkcə özünün yox, həm də Azərbaycan teatr sənətinə adını həkk etdirmiş Əhməd Ağdamskinin bütün nəslinin, soykökünün və davamçılarının barəsində bizə söhbət açanda onunla bərabər mən də bir qürur hissi keçirdim. Çünki ziyalılıq millətə, dövlətə xidmət ən böyük kriteriyadı. Bu kriteriya da Ağdamskilərə Allahın hədiyyəsi və özlərinin alın tərlərinin mükafatıdır.

 

 

 

TƏQVİM / ARXİV