adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Məcburi köçkünün səmimi cavabı - Nicat Novrzuoğıu yazır

NİCAT NOVRUZOĞLU
57918 | 2021-01-11 15:10

Ötən həftə  Azərbaycan Prezidentinin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə ölkə rəhbərliyi məcburi köçkünlər arasında işğaldan azad olunmuş torpaqlara qayıtmaqları ilə bağlı sorğu keçiriləcəyini diqqətə çatdıraraq  onları cavablarında səmimi olmağa çağırdı: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir”. 

Doğrusu mən də inanıram ki, məcburi köçkünlərin əksəriyyəti öz doğma yurd-yuvalarına qayıtmaq istəyində olacaqlar. Bu torpaqlara qayıtmaq bizim borcumuzdur. Bu torpaqlara yenidən nəfəs, can verməliyik. Oraları əkib-biçib, tikib-yaratmalıyıq. O torpaqlar uğrunda canını fəda vermiş qardaş və bacılarımızın ruhu o zaman şad olar.

  Mən Ağdam  rayonunun məcburi köçkünüyəm.  İstədim ki, səmimi bir yazı yazam.

Ağdamda evimiz Mirzə Fətəli Axundov küçəsində yerləşirdi. Qapımızın üzərinə 46 yazılmışdı. Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəbində təhsil almışam. 10-cu sinifdə oxuyanda məktəbimiz məlum səbəblərdən bağlandı. 11-i Ağdamın Evoğlu kənd orta məktəbində bitirmişəm. Paytaxtda məskunlaşmışıq. 93-cü ilin oktyabr ayının 12-dən Bakıdayam. Ailəmiz 93-cü ildə iki nəfərdən ibarət idi. İndi isə 5 nəfər məcburi köçkünük.

Torpaqlarımız işğalda altında olanda da, işğaldan azad olunandan sonra da həmişə mənə sual veriblər - Ağdama qayıdacaqsanmı? Cavabım həmişə konkret olub-qayıdacam. Bəzən insanlar səmimiyyətimə inanmasalar da, bu cavabı nəyəsə xatir dilə gətirdiyimi fikirləşsələr də, cavabıma şübhəli yanaşsalar da, mən sözümün sahibiyəm.  Ən maraqlısı isə budur ki, bu sualı verənlər bakılılar olmayıb. Paytaxtda yaşayan digər rayonların sakinləri olub. Hər nəysə.

Bu gün sosial şəbəkləri izləyəndə də görürsən ki, ən çox müzakirə edilən də məhz bu məsələdi. Bir tərəfdən baxanda bu şübhələrin yaranmasına əsaslar var. Çünki bu 28 il müddətində məcburi köçkünlər artıq məskunlaşdığı yerlərdə özlərinə iş-güc qurublar, ev-eşik yaradıblar. Necə deyərlər artıq oturuşublar. Amma bu o demək deyil ki, biz öz ata-baba yurdumuzu sahibsiz qoymalıyıq.  Buna bizim haqqımız yoxdur. O torpaqların işğal olunmaması üçün 1-ci Qarabağ müharibəsində minlərlə insan canını qurban verib. O torpaqların işğaldan azad olunması üçün yenə minlərlə insan Vətən Müharibəsində canını fəda verib. Biz nə deyib o torpaqlara dönməyəcəyik? Ölkənin müxtəlif bölgələrində məskunlaşsaq da bu illər ərzində xeyir-şər məclislərimizdə hər zaman bir yerə toplaşmışıq. Bir birimizə dəstək olmuşuq. İndi niyə torpaqlarımıza getməyək ki? Düzdür, ola bilsin ki, müəyyən insanlar hansısa səbələrdən bu torpaqlara qayıdıb yaşaya bilməsinlər. Mənim fikrimcə bu, ən çox halda 5-10 faiz təşkil edər. Bu da gözləniləndir. Amma bir məsələ də var. Ağdam işğal olunanda əhalisinin sayı təxminən 150-160 min idi. İndi isə təxminən 200-210 mindir. Deməli, əgər 10, lap 15 faiz qayıtmasa da bu o deməkdir ki, yenə qayıdanların sayı o vaxtkı saydan artıq olacaq. Bu birmənalıdır.

Sözsüz ki, bu qayıdışda dövlət öz vətəndaşına köməklik etməlidir, müvafiq güzəştlər və yardımlar etməlidir. Və bunu da ölkə rəhbərliyi öz çıxışında xüsusi vurğulayır. Mən bu qayıdış üçün ehtiyacım duyduğum dəstək barədə fikirlərimi bölüşmək istəyirəm.

İlk növbədə məhv olmuş evlərimizi tikmək üçün bizə yardım edilməlidi. Bu yardım maddi də ola bilər və yaxud da tikinti materialları kimi də ola bilər. Bununla yanaşı kommunal xərclər də müəyyən bir vaxt üçün hazırda tətbiq edilən güzəştlər davam etdirilməlidir. Faizsiz pul kreditləri verilməlidir. Və bütün bunların biz tərəfdən qarşılanması üçün sözsüz ki, iş yerləri açılmalıdır ki, aldığımız məvaciblə və dövlətimizin bizə etdiyi güzəşt və yardımlarla bu torpaqlarda tikək, quraq və yaradaq. Zavodlar, fabriklər yaradılıb istifadəyə verilməlidir.

Ölkə rəhbərliyi hər zaman məmurlar tərəfindən yaradılan süni bürokratik əngəlləri xüsusi vurğulayıb və bunlara qarşı mübarizədə insanları bir olmağa, ictimai nəzarəti gücləndirməyə çağırıb. Qarabağ regionunda da bürokratik əngəllərə qarşı dövlətin, ictimaiyyətin nəzarəti olmalıdır. Belə əngəllər olarsa bu, insanların qayıdışına əngəl ola bilər. Hansısa bir arayış və ya icazə üçün problemlər yaratmaq, süründürməçiliklərə yol vermək olmaz. Bütün bunlarla yanaşı Qarabağ regionunun inkişafı üçün dövlət tərəfindən ayrılacaq vəsaitlərin xərclənməsinə də diqqət yetirilməlidir. Belə bir məqamda israfçılıq yolverilməzdir.

Məlum səbəbdən bu regionda torpaq islahatı aparılmamışdır. Sözsüz ki, dövlətimiz bu məsələyə də diqqət ayıracaq. Burada da ədalət prinsipinə əməl edilməlidir.   

Yaradılacaq yeni infrastrukurun insanlar üçün əlverişli və çatanaqlı olmağına xüsusi önəm verilməlidir. Məsələn, əksər rayonlarda görürsən ki, Olimpiya Kompleksləri şəhər mərkəzindən uzaq bir məsafədə tikilib. Bu səbəbdən insanlar bu komplekslərin xidmətlərindən faydalana bilmirlər.

Və ən əsası bütün bunlarla yanaşı dövlət strukturları ilə xalq arasında sıx birlik və qarşılıqlı əməkdaşlıq olmalıdır. Düşünürəm ki, başı bəlalar çəkmiş Qarabağ regionunun inkişafı hər birimizin marağında olduğundan bu birlik vacibdir. Necə deyərlər, “birlik dirilikdir”.

Nicat Novruzoğlu

 

TƏQVİM / ARXİV