adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Yanvar 2021 15:19
61253
GÜNDƏM
A- A+

“BU QƏLƏBƏ TARİXDƏ ƏBƏDİ QALACAQ”

30 illik həsrətə son qoyuldu

”2020-ci il tarixdə 30 il işğal altında qalan torpaqlarımızın şanlı ordumuz tərəfindən azad olunması, xalqımızın şanlı Qələbəsi ili kimi qalacaqdır. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.”

30 ilə yaxın müddət ərzində torpaqlarımızın dinc yolla işğaldan azad edilməsi üçün beynəlxalq səviyyədə danışıqlar aparılırdı. Lakin isər Ulu Öndərimiz Heydər Əliyevin, İstərsə də prezident İlham Əliyevin bütün cəhdlərinə baxmayaraq Qərbdəki havadarlarına arxayın olaraq, hətta Dağlıq Qarabağda ermənilərə Azərbaycan Respublikası tərkibində ən yüksək status verməsi təklifləri də Ermənistan rəhbərliyi tərəfindən qəbul edilmirdi.

Danışıqlar Minsk qrupu çərçivəsində aparılırdı. Faktiki olaraq, Ermənistan bu müddət ərzində danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq, status –kvonu saxlamaq istəyirdi. Bir sözlə danışıqların imitasiyası prosesi gedirdi. Hələ 2003-cü ildə prezident İlham Əliyev Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdi ki, “ mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir”. Tarixi ədalətin bizim tərəfimizdə olması, beynəlxalq hüququn norma və prinsipləri müəyyən ümidlər yaradırdı ki, ki, bu məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə, Ermənistanın tərəfinin fəaliyyəti , siyasəti , atdığı addımlar ümidləri azaldırdı. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni dinc yolla həll etmək istəyində deyil.

Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak etməklə göründü yaratmağa, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq niyyətində idi. Möhtərəm prezident dəfələrlə həm danışıqlar prosesində, həm də bütün beynəlxalq tədbirlərdəki çıxışlarında məsələnin həllinin Azərbaycan üçün prioritet məsələ olduğunu və xalqımızın heç vaxt işğalla barışmayacağını bildirirdi: “Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir”.

Dəyişən dünyada güc amilinin ön plana çıxarılması, müstəqil siyasət aparan dövlət kimi, Azərbaycanı da güc toplamaq məcburiyyətində qoymuşdu. Bunun üçün isə düzgün siyasət aparılmalı, iqtisadiyyatı gücləndirmək lazım idi. Son 17 il ərzində ölkə başçımız, ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə kimi qarşısına qoydu. Bu illər ərzində heç bir təzyiq, heç bir təhdid onu güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək yolindan döndərə bilmədi. “ ... təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!”

“Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi” – deyə Prezident İlham Əliyev xalqa müraciətində bildirdi.

Son 17 il ərzində demək olar ki, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar, qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər.

“Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir”.

Ermənistan havadarlarının dəstəyi ilə artıq özünü işğal altında qalan torpaqlarımızın sahibi kimi aparırdı. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini də bu ərazilərə buraxmırdı. ” Hər il mən bunlara deyirdim ki, niyə getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər ki, Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın. Ona görə, bax, bütün bu işləri görərkən biz Qələbə günümüzü yaxınlaşdırırdıq. Əgər mənim əvvəlki çoxsaylı çıxışlarıma nəzər yetirsəniz, görərsiniz, demişdim ki, hər gün hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırdıq, bu müqəddəs Qələbə anı gəldi”.

Münaqişənin həlli ilə məşğul olan müxtəlif ekspertlər artıq müharibənin qaçılmaz olmasını başa düşürdülər. Eyni zamanda, bütün bu illər ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyərlər, bir tezis üstünlük təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta həmsədirlər belə hər dəfə danışıqlar ərəfəsində və uğursuz danışıqlardan sonra da bu fikiri səsləndirirdilər..

“Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə doğru inamla addımlayırdıq”.

Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar.

Aprel döyüşləri Ermənistana dərs olmadı. Bir neçə gün davam edən Aprel döyüşləri kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. “Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək, həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün Ermənistan ordusu yoxdur”.

44 gün ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək, qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu.

“Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq”.

Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. Heç kimi bizi dayandıra bilmədi. “Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq”.

Tarixi ədalət bərpa olundu. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazilərinə girmədi. Dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi. Bütün dünyaya sübut etdik ki, “QARABAĞ AZƏRBAYCANDIR!”

 

Hazırladı: Rüstəm HACIYEV