adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2021 12:24
45741
MƏDƏNİYYƏT
A- A+

Geri alınan heykəllər, Vətənə qayıdış, intibahımızın rəmzi...

“Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik”

                                                                                                                              Prezident İlham Əliyev

Müharibədən 2 ay keçməsinə baxmayaraq qısa bir zaman ərzində Prezident İlham Əliyevin də dediyi kimi, Şuşa şəhəri artıq dirçəlir. Respublika Prezidenti tərəfindən Şuşa şəhəri “mədəniyyətimizin paytaxtı” elan edildi və “mədəniyyətimizin paytaxtı” elan edilən Şuşa özünün milli-mənəvi dəyərlərinə qovuşdu. O dəyərlərinə ki, erməni vandalları tərəfindən güllələnmişdi, o dəyərlərinə ki, sonradan onları pulla geri almışdıq. Bizim olanı PULLA geri almışdıq. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün heykəlləri... “Güllələnmiş heykəllər”i... Onlar erməni vandalizminin şahidləridir.

1992-ci ilin may ayında Şuşanın işğalı zamanı bu heykəllər güllələnmiş, işğaldan sonra İrəvana, oradan isə Gürcüstana aparılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Bakıya gətirilmiş və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdir. O zaman Azərbaycana gətirilməsinə baxmayaraq bu heykəllər milli-mənəvi rahatlıq tapa bilməmişdi. Amma bu gün...

Bu gün onların sahiblərinin ruhu şaddır. Prezident İlham Əliyevin yanvar ayının 14-də Şuşaya səfəri zamanı söylədiyi kimi, dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbə rəmzimizdir. Onlar Vətənə qayıdıblar.

Bəli, Natəvan da, Üzeyir də, Bülbül də həmin gün Vətənə qayıtdı. Bu qayıdış mənə 1982-ci il Hüseyn Cavidin Vətənə dönüşünü xatırlatdı. Məhz həmin il Ümummilli Lider Heydər Əliyev Cavid ruhuna hörmət əlaməti olaraq onun nəşini qarlı Sibir torpaqlarından doğma Naxçıvanına geri gətizdirmişdi. Bu il isə Natəvan, Üzeyir və Bülbülün heykəlləri Şuşaya qaytarıldı. Ümumilli Liderin tarix yazan oğlu İlham Əliyev tərəfindən.

Xarakterindən və məkanından asılı olmayaraq hər iki qayıdışın bir mənası var - “Mədəniyyətə hörmət”. Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən də, Üzeyir bəyin büstünün, Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli-mədəni intihabımızın rəmzidir. O rəmzi ki, Qafqazın Konservatoriyası sayılan Şuşa Üzeyir Hacıbəyovu yenidən öz ağuşuna alıb...

Rövşən Tahir