adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Yanvar 2021 15:55
105972
MÜSAHİBƏ
A- A+

ADINI BAYRAĞA YAZDIRAN ZABİT - VİDEO

O, SƏİD NOFƏL OĞLU RƏŞİDZADƏDİR

Şəhidlər ölmür. Onlar daim qəlblərdə yaşayır, yada düşür xatırlanır. Səid Rəşidzadə kimi…”Ədalət” qəzetinin bu dəfəki buraxılışında Şəhid Səid Rəşidzadənin döyüş yoluna nəzər salacağıq. Əməkdaşımız Əbülfət Mədətoğlu ilə onun döyüş yoldaşlarının söhbətini təqdim edirik.

-Sizi redaksiyamızda salamlamaq xoşdur. Siz şanlı Ordmuzun təmsilçiləri olaraq bizə qələbə yaşatmışısınız. Və hər kəsə sübut etmisiniz ki, Azərbaycan Ordusu dünyanın ən güclü Orduları sırasında öndədir. Bunun üçün də sizə təşəkkür edirəm. İstərdim ki, özünüzü “Ədalət” qəzetinin izləyicilərinə təqdim edəsiniz...

Ehtiyatda olan Baş Leytenant Raqif Baxışov: “Cəlilabad rayon Hərbi Komissarlığından çağırılmışam. Hərbi xidmətim 1993-cü ildən başlayır. Həmin vaxt Orduda bir az quruculuq işləri aparılırdı. Tərtərdə “N” saylı Hərbi Hissədə xidmətə başlamışam. 2011-ci ildə təxris olunmuşam. İkinci Qarabağ müharibəsi başlamazdan öncə səfərbərliyə könüllü müraciət etmişdim. Oktyabrın 1-də məni çağırdılar və Ağcabədiyə apardılar. Allah rəhmət eləsin, Şəhid Səid Rəşidzadə ilə də həmin məktəbdə tanış olduq”.

Ehtiyatda olan Baş Leytenant Kazımov Elgün: “2011-ci ildə ali məktəbi bitirib hərbi xidmətə yollandım. O zaman Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kurs keçərək “Tağım komandiri” kimi “N” saylı Hərbi Hissəyə göndərildim. Və iki il, yəni 2011-2013-cü illər də zabit kimi xidmət etdim . Döyüşdən öncə Bakı Dövlət Peşə Təhsili Müəssisəsində təlim-tərbiyə üzrə direktor müavini işləyirdim. Ailəliyəm, 3 övladım var”.

-İkinizdə zabitsiniz. Bu müharibədəki əsgər-zabit münasibətindən söhbət açaq...

Ehtiyatda olan Baş Leytenant Kazımov Elgün: “Çox yüksək səviyyədə idi. Tabeçiliyimizdə olanlar kiçik qardaşlarımız sayırdıq. Hətta bizdən yaşca böyüklər də var idi. Münasibətlər çox yaxşı idi”.

-Bizim “Ədalət” qəzetinin şöbə müdiri Emin Piri də müharibədə zabit kimi iştirak edirdi. O belə bir cümlə işlətmişdi ki, biz öndə gedənlər üçün dəstək idik. Xüsusi Təyinatlılar öndə gedirdi. Lakin buna baxmayaraq hamı istəyirdi ki, öndə olsun. Yəni əsgər zabitdən qabağa, zabit əsgərdən qabağa keçməyə can atırdıs. Bunu necə xatırlayırsınız?

Ehtiyatda olan Baş Leytenant Raqif Baxışov: “Bu döyüşlərdə həqiqətən, şəxsən mən geri qaçan, qorxub çəkinən görmədim . Nə də eşitmədim. Biz olan ərazilərdə belə bir şey olmadı ki, kimsə döyüşməkdən boyun qaçırsın. Həddən çox yüksək əhval-ruhiyyə vardı. İstər əsgərlərdə olsun, istər zabitlərdə. Bir nümunə deyəcəm, bir əsgərimiz vardı, Masallıdan idi. Şuşa döyüşlərində yaralanmışdı. Amma mən onu Tibb Məntəqəsinə apara bilmirdim. Deyirdi ki, getmək istəmirəm, döyüşəcəm. Belə əsgərlər vardı. Çəkinmədən, qorxmadan döyüşüb irəli getmək istəyirdilər. Fikrimizdə, ağlımızda yalnız bir şey vardı ki, irəli gedək”.

-Döyüş gedən ərazilər dağlıq zonalardır. Sizə çətin deyildi ki, o dağlardan irəliləyib keçmək?

Ehtiyatda olan Baş Leytenant Raqif Baxışov: “Düzdür, fiziki cəhətdən çətin idi. Amma buna baxmayaraq döyüş anında , sanki Allahdan bizə bir güc, bir qüvvə gəlirdi”.

Ehtiyatda olan Baş Leytenant Kazımov Elgün: “Raqifdən fərqli olaraq mən dağda böyüşüməm. Xidmətimin 1-ci mərhələsində, 2011-2013-cü illərdə də məhz Murov istiqamətində xidmət eləmişəm. Mənim üçün dağlıq ərazidə hərəkət eləmək çətin deyildi. Eyni zamanda ,silah-sursat və digər təminatlarda heç bir problemimiz yolmadığından yalnız düşməni ərazilərimizdən qovmaq və Qələbə barədə düşünürdük”.

-Bir anlıq gözünüzün önünə gətirin ki,, gələcəkdə babasınız və nəvələriniz sizdən bu müharibə ilə bağlı sorğu-sual edir. Nələri danışarsınız nəvələrinizə?

Ehtiyatda olan Baş Leytenant Kazımov Elgün: “Bizim axırıncı tapşırığımız var idi. Şuşa istiqamətində 2 dəfə uğursuz həmləmiz olmuşdu, lakin 3-cü dəfə həmin ərazini götürdük. Orada hər tərəfimiz düşmən idi. Bir müddət mühasirə vəziyyətində qaldıq. O anları unuda bilmirəm. Orada Şəhid olan yoldaşlarım yadımdan çıxmır və çıxmayacaq... Onların hər biri bir nağıl qəhrəmanıdı”.

-Səidlə bağlı xatirələrinizdən söhbət açaq...

Ehtiyatda olan Baş Leytenant Raqif Baxışov: “Səid ehtiyatdan könüllü gəlsə də, o , necə deyərlər həqiqi , yüksək peşəkarlıq olan hazırlıqlı zabit idi. Elə zazbitlər az olur. Qısa bir müddət ərzində çox adam tərəfindən tanındı. İşinə aid oldu, ya olmadı, çalışırdı. Məsələn, Ağcabədidə silah-sursat paylanan zaman gedib sursat paylayanlara qoşulub köməkliklər edirdi. Qismətdən Elgün, Səid və mən bölünmə zamanı eyni tabora, eyni bölüyə düşdük. Hər tağımın komandiri birimiz olduq. Səid Vətənpərvər gənc idi. O həm də , Aprel döyüşlərində iştirak etmişdi, buna görə də bizdən fərqli olaraq nələri etmək olar, nələri yox, bunları çox gözəl bilirdi.İndi də çöhrəsi gözümün önündədir...

Günü yadımda deyil, Oktyabr ayında Şəhid oldu. Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Səidin Şəhidlik məqamına yüksəlməsi çox fərqli oldu. O özü ilə qoltuq cibində bir Bayraq gəzdirir di və hamıya da demişdi ki, onu azad etdiyi torpağa sancacaq. Hadrut istiqamətində ərazini alıb düşmənin bayrağını endirərkən erməni snayperi tərəfindən vuruldu”.

Ehtiyatda olan Baş Leytenant Kazımov Elgün: “Mənim də Səidlə tanışlığımız Ağcəbədidə oldu. Bu məqamlara Raqif toxundu. Səid ünsiyyətcil bir insan idi. Hamı ilə münasibət qurardı. Əslində kadr zabit olduğunu bilmirdim. Sonradan bildim ki, kadr zabitdir. Çox mehriban insan idi. Döyüş vaxtı deyirdi ki, Tarqovuda kafe götürmüşəm, oranı işlədirəm. İnşaAllah müharibə bitsin, orada hamınıza qonaqlıq verəcəm. Təəssüf edirəm ki, qismət olmadı. Nizamlı, intizamlı zabit idi. Yaşının gənc olmasına baxmayaraq seçilən kadrlardan idi”.

Ehtiyatda olan Baş Leytenant Raqif Baxışov: “Səidin nizam-intizamlı olması ilə bağlı bir şeyi deyim. Ağcabədidə olanda əsgərlərə demişdi ki, sabah hər kəs üzünü qırxsın. Çağırışçılar idi, eləsi vardı, üzü tüklü gəlmişdi, eləsi vardı, qırxmırdı. Lakin Səid demişdi ki, biz hərbçiyik, forma geyinmişik və üzümüzü də qırxmalıyıq. Dedi, sabah mənim üzümdə tük görməyəcəksiniz. Açığı məndə maraq yarandı ki, üzündə sızaqlar vardı, görəsən, üzünü qırxa biləcək özü?! Həqiqətən də, sabahı üzü tərtəmiz idi. Özünə qarşı da tələbkar idi. Onun kimi oğullar həmişə seçiliblər...Təssüf edirəm ki, zabit dostumuz sinəsində gəzdirdiyi bayrağı özü öz əli ilə həmin yüksəkliyə sanca bilmədi...Amma Səid özü bayrağı sanca bilməsə də , onun üstündə daşıdığı bayraq dostları tərəfindən aldığımız əraziyə sancıldı”.

Söhbətə telrfonla qoşulan mayor Rəhimov Hacı: “Allah Səidə rəhmət eləsin. Səid müharibənin 5-ci günündən bizimlə birlikdə oldu. Mənə deyəndə ki, könüllü gəlmişəm, Vətənimizin azadlığı uğrunda vuruşmaq istəyirəm, o andan bildim ki, Səid mərd, cəsur bir gəncdir.

Döyüş tapşırıqlarını yerinə yetirərkən demək olar ki, Səidlə bir yerdə olduq. Səid zabit kimi bizim Orduda xidmət edirdi. Səid, onun dostları döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən insanlardır. Tabor komandiri idim onların.

Səid heç nədən qorxmayan, çəkinməyən bir gənc idi. Neçə dəfə ona xəbərdarlıq etmişdim ki, ehtiyatlı ol. Həmişə mənə deyirdi ki, komandir, Vətən sağ olsun, borcumuzdur. Borcumuzu yerinə yetiririk. Allah ona qəni-qəni rəhmət eləsin. Hadrut istiqamətində yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik Səidlə. Orada düşmənin bir neçə postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim qoşunların hərəkətini görürdü. O yüksəkliklər təmizlənməsəydi Hadruta giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən böyük bir qarşıdurma oldu. Səid düşmənin bayrağını endirmək istəyəndə snayper gülləsinə tuş gəldi.

Biz Səidin qisasını aldıq. Orada dalğalanan üçrəngli bayrağımızın üzərinə Səidin adı yazılıb. Onun döyüş yoldaşları mənim rəhbərliyimlə Səidin adını yazdılar və aldığımız postdan asdılar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı bahasına biz torpaqlarımızı azad etdik”.

 

...Bəli, həmsöhbət olduğumuz zabitlərimiz Səhidlik zirvəsinə ucalmış Səid Nofəl oğlu Rəşidzadə barəsində ürəklə, həm də kövrəldiklərini gizlətməklə danışdılar...Biz Böyük VƏTƏN savaşının həm aprel , həm də son döyüşlərinin iştirakçısı olan igid zabitimizi bir az da yaxından tanıdıq...Və istədik ki, onu siz də tanıyasınız!..

Söhbəti qələmə aldı: Rövşən Tahir