adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Yanvar 2021 13:07
50217
ƏDƏBİYYAT
A- A+

MUSA YAQUB: BUYNUZA QAR YAĞIR

Nəhəng ağ xəyaldır Babadağ baxır,
 Buynuza qar yağır
 Kef içindəyəm.
 Bağlı cığırlarda izim darıxır,
 Məxfi sənəd kimi seyf içindəyəm.
 
Ayazı, şaxtası heç sona yetmir,
 Buynuza qar yağır,
 Könlümə həm də –
 Soyuq tənhalıqla heç yola getmir,
 Gizli bir gizilti gəzir sinəmdə.
 
Buynuza qar yağır uyutsun məni,
 Yəni dost unudan bivəfalardan
 Yağır ki, biryolluq soyutsun məni
Göylərdən sirr dolu bir aləm yağır,
 Bu yağan ruhdumu, yoxsa qəm yağır?..
 Varmı göylərdə də ölən, doğulan,
 Eh, dünya sirrini harda saxlamır?..

Açılmaz düyünüm bir kələfdəyəm,
 Buynuza qar yağır,
 yaman kefdəyəm -
 Barmek tələsməsin,
 var, işığım var,
 Hələ işlətməyə qar işığım var.
 Buynuza qar yağır,
 hey aram-aram -
 Mən varam… varam… varam…

Xalq Şairi Musa Yaqub