adalet.az header logo
  • Bakı 21°C
25 Yanvar 2021 13:27
55715
MƏDƏNİYYƏT
A- A+

“Vətənsiz olmağı heçnə unutdura bilməz” - MÜSAHİBƏ

“Kifayət qədər gözəl qarmon ifaçıları var. Onları sevə-sevə dinləyirəm. Zakir Mirzəyev, Aftandil İsrafilov, Ənvər Sadıqov, Xanlar Cəfərov və bir çox gözəl ifaçılarımız. Çoxsaylı ifaçılar var ki, hamısının adını qeyd edə bilmirəm. Bu insanlar Azərbaycan musiqisinə rəng qatmış, töhvə vermiş ustad sənətkarlardır”. “Ədalət” qəzetinin qonağı qarmon ifaçısı Fuad Göyüşovdur.

-İlk olaraq istərdim ki, özünüz haqqında bir qədər geniş məlumat verəsiniz...

-1987-ci ildə Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşam. Məlum Qarabağ hadisələrindən sonra Beyləqan rayonunda məskunlaşdıq. İlk musiqi təhsilimi burada almışam. 2005-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuşam. Orada mənə Respublikamızın Əmakdar artisti Zakir Mirzəyev dərs deyib, muğamlarımızın sirrlərini öyrədib. Zakir müəllim mənim üçün böyük bir məktəb olub. Hazırda Azərbaycan Milli Konservatoriyasında 1-ci kursda oxuyuram. Müəllimim Respublikamızın Xalq Artisti Ənvər Sadıqovdur. Ənvər müəllimdən dərs almaq mənimçün əvəzedilməzdir. Uşaqlıqdan sevə-sevə dinlədiyim bir dahidir Ənvər müəllim! Onun ifası, səhnə mədəniyyəti, sadəliyi məni sənətə daha çox bağlayır. Nə bilim, sözlərlə ifadə edə bilmirəm fikirlərimi.

“Musiqi yaşam tərzimdir”

-Musiqi sizin üçün nədir?

-Musiqi mənimçün həyatdır, yaşam tərzidir. Musiqisiz yaşamaq çətin olar mənə. Musiqini 3-4 yaşımdan hiss etməyə başlamışam. Kəndimizdə olarkən “konserva” qutularından ritm aləti kimi istifadə edib oxuyurdum. Elə uşaq yaşlarımdan hiss olunurdu ki, musiqiyə marağım daha çoxdur. Atam bunu duyub və məni musiqiyə yönləndirib.

-Ailənizdə sizdən başqa bu sənətlə məşğul olan varmı?

-Xeyr, bir tək musiqi ilə mən məşğul oluram.

-Qarmon sizə hansısa ağrını-acını unutdurub?

-Qarmon mənə bir çox ağrı-acını biraz da olsa, unutdurmağa səbəb olub. Amma tam şəkildə yox. Buraya Vətən həsrəti, Vətən yanğısı daxildir. Vətəndə Vətənsiz olmağı heçnə unutdura bilməz insana.

-Kifayət qədər qarmon ifaçısı var. Sizi onlardan fərqləndirən nədir?

-Bəli, Azərbaycanda kifayət qədər gözəl qarmon ifaçıları var. Onları sevə-sevə dinləyirəm. Zakir Mirzəyev, Aftandil İsrafilov, Ənvər Sadıqov, Xanlar Cəfərov və bir çox gözəl ifaçılarımız. Çoxsaylı ifaçılar var ki, hamısının adını qeyd edə bilmirəm. Bu insanlar Azərbaycan musiqisinə rəng qatmış, töhvə vermiş ustad sənətkarlardır. Bir çox gənc ifaçılar da var ki, həqiqətən çox istedadlıdırlar. Mənim bir fərqim onda ola bilər ki, qarmonda ifa elədiyim mahnıların sözlərini əzbər bilirəm. Və ifa zamanı onu oxuduğumu hiss edirəm.

“Qarmonda bir çox musiqi janrlarına müraciət etmək olur”

-Gündə neçə saat məşq edirsiniz?

-Demək olar ki, hər gün qarmon ifa edirəm. 4 saat, 5 saat məşq edirəm. Amma son dövrlər məlum hadisələrə görə qarmona az vaxt ayıra bildim.

-Qarmonda caz və digər üslubda ifaları təcrübə etmisinizmi?

-Qarmon aləti çox imkanlı alətdir. Onda bir çox musiqi janrlarına müraciət etmək olur. Klassik, caz, pop musiqi janrına aid olan bəzi musiqiləri ifa etmişəm.

-Qarmondan başqa hansı alətdə ifa etməyi bacarırsınız?

-Qarmondan başqa zərb alətlərində müəyyən qədər ifa etməyi bacarıram. Nağara, qoşa nağara, “udarnik”, “darbuka” kimi alətlər bu qəbildəndir.

“29 ildən sonra evimizi tapdım”

-İfa elədiyiniz musiqilərdən hansısa sizi kövrəldib?

-Həmişə “Segah” muğamı ifa edərkən özumdən asılı olmayaraq kövrəlirəm. Çəkdiyimiz zülümlər keçir gözümün qarşısından. Artıq ifa etdiyim musiqilərdə nikbinlik, qalibiyyət hiss olunur.

-Həyatınızdan razısınızmı?

-Şükür Allaha ki, hər şey qaydasındadır. Həyatımdan razıyam. Allaha min şükürlər olsun.

-Doğulduğunuz Xocavənddən də söhbət açaq...

-Doğulduğum Tuğ kəndi Azərbaycanın ən gözəl yerlərindəndir. Azərbaycanımıza çox sayda ziyalılar bəxş edib bu kənd. 4 yaşımda köçkün düşdüyüm kəndimizə 33 yaşımda qayıtdım. Bu mənim həyatımda əvəzolunmaz bir hadisə idi. Gedib evimizi tapdım təkbaşına. Mənə bu hissi yaşatdıqlarına görə Ali Baş Komandanımıza, Ordumuza sonsuz təşəkkürlərimi bildirirəm.Allah Şəhidlərimizə rəhmət eləsin. Əvvəllər içimdə olan boşluğu əsgərlərimiz doldurdu. Onlar bizim olanı bizə qaytardılar. Artıq başqa ölkələrdə olarkən ürək açıqlığı ilə "Mən azərbaycanlıyam" deyə biləciyik. Bütün Şəhidlərimizin qarşısında baş əyirəm.

-Yaradıcılığınızda yeniliklər varmı?

-Artıq müəyyən musiqilər üzərində işləməyə başlamışam.Yaxın zamanlarda təqdim edəcəm.

-Dəvətimi qəbul edib müsahibə verdiyiniz üçün təşəkkürlər.

-Mən sizə minnətdaram.

Rövşən Tahir