adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Yanvar 2021 14:58
121658
MARAQLI
A- A+

Dünyanın ən güclü orduları və onların xərcləri

Dövlətlərarası güc balansı itməyə başlayan zaman qorxu meydana gəlir və etibar itir. Kim güclüdürsə, istədiyini edər, kim zəifdirsə, başına gələn bəlalara dözər və ağıllıdırsa, güclənməyə doğru yola çıxar. Əvvəllər kimin güclü olmağını onun ordusu ilə ölçürdülərsə, müasir dövrdə güc məsələsi biraz mübahisəlidir. Hər şeyin dəyişdiyi bir zamanda güc anlayışı da dəyişikliyə məruz qalıb. Dünya müharibələri bitib. Amma ölkələr hələ də ordusuna külli miqdarda pul sərf etməyə davam edir. Çünki dəyişilməyən bir həqiqət var – ordun nə qədər güclüdürsə, diplomatiyada bir o qədər sözün keçir, diqtə edirsən. Bəs, dünyanın diqtə etməyə qadir olan ölkələri hansılardır? Hansı ölkələrin ordusu daha güclüdür? Səthi olaraq hamınız ən güclü orduya sahib olan ölkələri tanıyırsınız, bu yazı sizi onların ordusu ilə daha yaxından tanış edəcək.

Amerika

Amerika qlobal maraqları olan bir supergücdür. Büdcəsinin xeyli hissəsini ordusuna xərcləyir. 2021-ci il ordu üçün 740 milyard dollar ayırıb. Amerikanın ordusunu digər ölkələrlə qarşı-qarşıya qoyduqda ortada rəqabət-filan qalmır. Dünyanın ən güclü 4 ölkəsini bir yerə yığsan, bir Amerika etmir. Aktiv əsgər sayı 1,400,000-dir. Əsgər sayı Çinlə Hindistandan azdır, amma super təlim görüblər. Dünyanın ən güclü texnikasına malik 2000-dən artıq hərbi təyyarəyə, 39,253 zirehli maşına sahibdir.

Amerikanı ən güclülər sırasında birinci edən əsas amil isə təyyarə daşıyan gəmilərdir (türklər daha yaxşı ifadə edir – uçak gəmisi). Bu təyyarə daşıyan gəmilər okeanda həm də hava limanı rolunu oynayır. Günümüzdə bir ölkənin bu üstünlüyə malik olması, o ölkənin böyüklüyünü, prestijini və hərbi qüdrətini ortaya qoyur. Amerikanın 11 ədəd aktiv təyyarə daşıyan gəmisi var. Hər gün təxminən 80 hərbi təyyarəni daşıya bilir. Bu gəmilərin istehsalı, saxlanması olduqca çox xərc tələb edir.

Amerika özü yeriyən, uzaqdan idarə olunan, pilotsuz quru robotları ilə də birincliyə sahibdir. Bu robotlar təkmilləşdirilmiş sensorlarla təchiz olunmuş hər şəraitə uğrun davranan robotlardır.

Dünyadakı bütün silah ixracatının 36 faizi Amerikanın payına düşür. İllərdir bu bazara hakimdirlər.

Amerikanın 150-yə yaxın ölkədə 800 civarında hərbi bazası var. Dünyanın dörd bir yanında baş verən hərbi münaqişələrə müdaxilə edir.

Rusiya

Rusiya günümüzdə hələ də Sovet hərbi sisteminin meyvələrini yeməyə davam edir. Məsələn, hava hücumlarından müdafiə sistemi olan S300 ilk dəfə 1978-ci ildə SSRİ zamanı istehsal olunub. Amma dinc oturmadılar. Hərbi sahədə modernləşdirmələr, reformlar, sərmayələr sayəsində gücləndilər. Putin 2000-ci ildə prezident seçiləndə ordu o qədər zəif və təchizatı o qədər köhnəlmişdi ki, işlək vəziyyətdə deyildi. Putin iqtidara qədəm qoyduğu ilk gündən bəri dünyanın SSRİ-dən sonra ikinci dəfə yenə ondan qorxması uğrunda çalışdı. Rusiyanın hərbi gücü Putinin sayəsində modernləşməy və güclənməyə başladı. S300-lərin daha təkmilləşdirilmiş versiyası olan S400-lər Amerikanın sanksiyasılarına rəğmən bir çox ölkənin marağını cəlb etdi.

Rusiya dünyaya ən çox silah satan ikinci ölkədir. Son 5 ilə baxsaq, görərik ki, ümumi ixracatın 21 faizi Rusiyanın payına düşür. Amerikanın təzyiqini qırmaq üçün daha çox çalışmaq məcburiyyətindədirlər. Rusiya 2020-ci ildə orduya 48 milyar dollar xərcləmişdi. Aktiv əsgər sayı 1 milyon 13628-dir. Rusiyanın liderlik etdiyi sahə isə tank arsenalıdır. 12950 tank ilə dünyanın ən böyük tank donanmasına sahibdir.

Rusiya Amerikadan sonra ikinci ən böyük hərbi təyyarə bazasına sahibdir. Hava müdafiəsinə çoxlu pullar xərclənildi. V nəsil SU57 texniki olaraq ən inkişaf etmiş Rusiya hərbi təyyarəsidir. Amerikanın F35-i ilə rəqabət apara bilir.

Nüvə gücünə baxsaq, 6850 nüvə başlığı ilə birinci yerdədir. Dünyanın ən böyük sualtı nüvəsi də Rusiyadadır. 185 m uzunluğunda Belqrad adlı bu sualtı texnika bir təyyarə daşıyan gəmini rahatlıqla məhv edə bilər. Dünyada səsdən sürətli, yəni hipersonik silaha sahib olan yeganə ölkədir. Rusiya bəzi sahələrdə birinci olsa da, onu Qərbdən geridə qoyan sahələr də çoxdur. Məsələn, pilotsuz, yəni insansız hava aparatları sahəsində Rusiya hətta İrandan da geridədir. Gec də olsa, İHA proyektlərinə start verdilər. Rusiya Müdafiə naziri hər nə qədər bu proyektin tez tamamlanmasını istəsə də, bu ən azı 2-3 il vaxt alacaq.

Putinin Rusiyası addım-addım irəlilədi. Orta Şərqdə baş tutan müharibələri fürsətə çevirdi. Xarici ölkələrdəki hərbi bazalarını artırdı. Bir çox ölkələrlə imzaladığı ikili razılaşmalarla gücünə güc qatdı. İndi Sudanda, Qırmızı dənizdə hərbi baza qurmağa hazırlaşırlar. Bir sözlə, Putin Rusiyanı böyük güc kimi yenidən dünyaya qazandırdı.

Çin

Çinin hədəfi 2035-ci ilə qədər Amerika ilə bərabər bir orduya sahib olmaqdır. Bunun üçün uzun bir yola çıxıblar. Başda Amerika olmaqla, digər ölkələr də Çinin supergüc olmağını həzm edə bilmirlər və bundan ehtiyat edirlər. Əsgər sayı etibarilə 2 milyondan çox əsgəri olan Çin ordusu dünyanın ən güclü ordusudur. Amma buna praktiki cəhətdən yanaşsaq, Çin uzun illərdir gerçək bir müharibə təcrübədə iştirak etmədiyi üçün ordusu da praktiki cəhətdən təlimsizdir. Yəni Çin ordusu nə qədər böyüsə də, gerçək bir müharibəyə girənə qədər onun gücünə həmişə şübhə ilə yanaşılacaq.

Çinin ən böyük hədələrindən biri dünyanın ən böyük dəniz gücü olmaqdır. Dəniz gücü qlobal gücün qaynağıdır. Hal-hazırda 350 hərbi gəmi ilə Çin dünyanın ən böyük dəniz donanmasına sahibdir. 2030-cu ilə kimi donanmasındakı gəmi sayını 425-ə çatdırmağı planlaşdırır.

Çinin kosmosla bağlı planları da son illərin ən uğurlu işlərindəndir. Amerikanın GPS sistemindən yaxa qurtarmaq üçün öz naviqasiya sistemi olan BEİDOU-nu fəzaya buraxdı. Beləcə, Çin Amerikanın GPS-i bağlamaq əndişəsindən canını quratararaq istədiyi hədəfə doğru rahat hərəkət edə biləcək. GPS-ə qarşı BDS.

Dünyada müdafiə sisteminə ən çox pul xərcləyən ikinci ölkə Çindir. Rəsmi Pekin bu məbləğin 178 milyard olduğunu açıqlasa da, bu rəqəmlərə inanılmır və məbləğin daha çox, 237 milyard olduğu düşünülür. Amerika nə qədər qarşı çıxsa da, Çin 5G kralına çevrildi. Və üstəgəl, 6G-ni hərbi sahəyə tətbiq etmək niyyətindədir. Süni intellet cihazları üzrə Çin öndə gedən ölkələrdəndir.

Hindistan

Orduya ayrıdığı 61 milyard büdcə ilə dünyanın ən güclü dördüncü ölkəsidir. 1 miylon 444 min aktiv əsgər sayına sahibdir. Çindən sonra ən böyük orduya sahibdir. Üstəgəl, ordunun əsas hissəsini könüllülər təşkil edir. Hindistan dünyanın ən böyük könüllü ordusuna sahibdir. Bu ölkə dünya səviyyəsindən 5753 m hündürlükdə yerləşən dünyanın ən yüksək döyüş meydanını idarə edir. III Qütb olaraq tanınan Şiaçen illərdir Hindistanla Pakistanın savaşdığı ən hündür bölgədir.

Bu ölkənin ən böyük təhdid aldığı ölkələr Çinlə Pakistandır. Buna görə də müdafiəsini daha yaxşı qurmalıdırlar. Hindistan güclənməsə, şimaldan Pakistanla üz-üzə qalar.

Hindistan dünyanın ən böyük ikinci silah idxalçısıdır. Əsas tədarükçüsü isə Rusiyadır. Olduqca önəmli silah razılaşmalarına imza atdılar. Məsələn, rusiyadan MİQ29 və SU30, Fransadan isə Rafall qırıcılarını aldı. Hindistan bu il yerli silah istehsalını artırmaq məqsədilə müəyyən işlər görməyə başlayıb. Ballistik raket sistemlərini təkmilləşdirdilər. 2123döyüş təyyarəsi var.

Yaponiya

II Dünya müharibəsinin sonunda böyük bir məğlubiyyət zərbəsi alan, iqtisadiyyatı çökən, Amerika tərəfindən hazırlanan yeni konstitusiya ilə hərbi gücə sahib olma və müharibə elan etmək haqqından məhrum olan Yaponiyanın hərbi meydanda bu gün gəldiyi nöqtə olduqca diqqət çəkəndir. Yaponlar II Dünya müharibəsində ağır məğlubiyyətə uğrasalar da, tez ayağa qalxıb dünyanın öndə gedən iqtisadi güclərindən birinə çevrildilər. Bu, dünyada “yapon möcüzəsi” adlanır.

Yaponiyanın ən böyük qorxusu ona ən yaxın olan Şimali Koreya və Çindir. Şimali Koreyanın nüvəsi, Çinin getgedə daha iddialı olması Yaponiyanın öz təhlükəsizliyini daha da təkmilləşdirməyə məcbur edir. Müdafiə Qüvvələrində əsgər sayı 247 min 160 nəfərdir. Ordu yox ha, Müdafiə Qüvvələri. Çünki Amerikanın 1947-ci ildə Yaponiyaya tətbiq etdiyi konstitusiyanın 9-cü maddəsinə görə bu ölkənin ordu qurması və müharibə elan etməsi qadağandır. Bu, heç bir ölkənin konstitusiyasında olmayan bir şeydir.

Bu il orduya 51 milyard dollar ayıracaqlar. Yerli hərbi təyyarə istehsalına isə 40 milyard dollar ayırıldı. 2006-cı ildə Yaponiya Amerikadan F22 qırıcısını almaq istəsə də, Amerika satmayacağını deyir və elə ondan sonra Yaponiya özü bu qırıcını istehsal etmək iddiasına düşür. 220 yapon şirkəti bir yerə yığılır, Mitsubişi X8 qırıcısını istehsal edirlər. Hal-hazırda Yaponiya Amerikadan hərbi asılılığını yox etmək uğrunda çalışır.

2 yerli təyyarə daşıyan gəmisi İzumo və Kava ilə Amerikadan sonra ikinci yerdədir. Üçüncü də yoldadır.

Dünyanın beş supergücü ilə detallı tanış olduq. Bircə sual cavabsız qalır: Orduya qoyulan bu qədər xərclər dünyada barışı, sülhü qorumaq üçündür, yoxsa dünyanı dünyanı yerlə yeksan etmək üçün?!

Hazırladı: Eminquey