adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2021 12:10
37313
MÜSAHİBƏ
A- A+

"20 ildir deyirdimmi ki, Putin hakimiyyətdə olduğu dönəmdə Rusiya neytral qalacaq..?"

"Putinlə axırıncı görüşümüz sentyabrda olub, mənə dedi ki, dostlar soruşur, professoru yubileyində necə təbrik edəcəksən..."

Ölkənin ən məlumatlı adamlarından olan hüquq elmləri doktoru, professor İ.Rəhimovla Azərbaycanda, regionda, dünyada baş verən proseslər haqda danışdıq.  İlham Rəhimovla müsahibənin 1-ci hissəsini təqdim edirik.

 

- Professor, bugünlərdə Sizin ad gününüz oldu. Öncə sizi yubileyiniz və “Şöhrət” ordeni almağınız münasibətilə təbrik edir, şəxsiniz, millətimiz və dövlətimiz adına bütün arzularınızın həyata keçməsini arzulayırıq. Siz həm siyasəti, həm elmi, həm də biznesi bir ömürə sığdıra bilən insanlardansınız. Çox istərdik, yaşadığınız 70 ili oxucular üçün də dəyərləndirəsiniz. 

 

- Təbrik üçün çox sağ olun. İnsanın öz keçmişinə baxması, ona qiymət verməsi asan məsələ deyil. Heç bilmədim bu 70 il necə keçdi. Hindistan səfərində olanda Teymurləngə deyirlər ki, burada bir brahman var, gələcəyi aydın görə bilir, bir adamla söhbət edəndən sonra onun dəqiq ölüm tarixini söyləyir. Əmir Teymur çox maraqlanır, əmr edir ki, onu tapıb gətirsinlər. Brahmanı gətirirlər. Amma Teymurləng ondan birbaşa öz ölümü haqqında soruşmaqdan çəkinir. Bir tərəfdən də istəyir bilə ki, həqiqətən bu adamın belə bir qabiliyyəti var, ya yox. Ona sual verir ki, sən özün nə vaxt və necə öləcəyini bilirsənmi? Brahman deyir: “Böyük Əmir, göz hər şeyi görür..., özündən başqa”. Bu, böyük hikmətdir. Onu demək istəyirəm ki, insan nə qədər yaşasa da yaşadıqlarının çoxunu özü görə bilmir. Başqalarına qiymət verə bilirsən, kim yaxşıdır, kim pisdir, dərk edirsən, ancaq özünü sonadək tanıya bilmirsən. Bax bu 70 ildə gəldiyim qənaət odur ki, özüm özümü hələ tam tanıya bilməmişəm. Xasiyyətimdə nə müsbətdir, nə mənfidir hamısını bilirəm, ancaq bu, insanın öz-özünü tanıması üçün yetərlidirmi? Məncə, yox. İnsan yalnız özü nəsə yaratsa, ona dəqiq qiymət verə bilər. Düşünün ki, bir texnika yaratmısız. Onda hər hansı problem yaransa, ən mürəkkəb texnika olsa belə səbəbini axtarıb tapa biləcəksiniz. Çünki bunu siz yaratmısız, beyninizin məhsuludur. İnsan da belədir. Yaradanı onu daha yaxşı tanıyır. Yəni necə yaşamışam, nələrə çatmışam, düzünü Allah bilir. Bu yaşa qədər niyyətim, məqsədim nə olub, mənə elə gəlir, yaşadığım həyata baxanda onu çevrəmdəkilər, tanıyanlar aydın görə bilir. Həyatda hər şey nisbidir. Arzular bitmir. Bir mərhələyə çatırsan, elə o andan yeni bir mərhələ haqqında düşünməyə, xəyal qurmağa başlayırsan. İlk gəncliyimdən dərk eləmişəm ki, Allah hər bir insanı yaradanda ona bir qabiliyyət verir, sanki onu kodlaşdırır, o kodun açarını da verir insana. Əgər insan o koddan istifadə edə bilmirsə, bu yalnız onun zəif xarakterindən, tənbəlliyindən irəli gəlir. Görünür, Allah yaradılışdan mənə də hansısa qabiliyyəti verib, çalışqanlığım sayəsində bir yerlərə gəlib çıxmışam. Şükür bu günə.

 

- Professor, sizin elm və iş dünyasında fəaliyyətiniz daha qabarıqdır. Siyasəti sanki hər zaman arxa planda tutursunuz. Baxmayaraq ki, siyasətin ön sıralarında olmaq üçün ciddi potensialınız, imkanlarınız var. Səbəb nədir?

 

- Əslində mən iş dünyasından öncə siyasətdə idim. Bizneslə mən 2000-ci ildən məşğul olmağa başlamışam. Burada gizlin bir məqam yoxdur - iş dünyasına mən qismən Moskvada yaşamağa başlayandan sonra keçdim. Az sonra dərk elədim ki, gərək ikisindən birini seçəsən - ikisi eyni anda mümkün deyil. Mən iş dünyasını seçdim.

 

- Elm isə bir qədər fərqlidir...

 

- Bəli. Hər zaman deyirəm, elm mənim üçün istirahətdir, düşüncəmi hər zaman, belə demək mümkünsə, “formada” saxlanmaq vasitəsidir. Hüquq elmin elə bir sahəsidir ki, bu çağdan sonra bəşəriyyət üçün nəsə kəşf etmək mümkün deyil. Bu sahə indən sonra hər dövlətin, millətin özəlliklərinə, tələblərinə görə, sadəcə, təkmilləşə bilər. Məsələn, dəqiq elmlərdə belə deyil. Bu gün bütün dünyanın gözü COVİD üçün daha effektli vaksin hazırlamağa çalışan laboratoriyalarda, orada çalışan alimlərdədir. Humanitar elmlər isə başqadır. Elə ona görə də dünya elminin ən nüfuzlu mükafatı olan Nobel hüquq sahəsi ilə məşğul olanlara verilmir. Hüquq elmindən ən böyük mərhələ akademik səviyyəsinə çatmaqdır. Bir məsələ də var - dəqiq elmlərdən fərqli olaraq, hüquq elmindəki yeniliklərin nəticəsini insanlıq bəlkə 100 il sonra görür. 18-ci əsrin ortalarında Avropa alimi Çezari Bekkari yazdığı “Cinayətlər və cəzalar haqqında” əsərində ölüm cəzasına qarşı çıxmışdı. Təsəvvür edin, inkvizisiya dövründə... Dünya 250 ildən çox keçəndən sonra onun dediyinə gəldi. Hüquq belə bir sahədir... Bu elmin təməlində ədalət və humanizm yatır. Mən də elmi əsərlərimdə bu düşüncəni inkişaf etdirməyə çalışıram.

 

- Professor, siz hüquqsuzluğun hökm sürdüyü orta əsrlərdə Qərbdəki mütərəqqi düşüncələrdən söz açdınız. Ancaq 3 əsr sonra - bu gün həmin Qərb dünyanın ona çox da uzaq olmayan coğrafiyasında, Azərbaycanda dinc insanların raket atəşinə tutulmasının qarşısında susdu... Təəccübləndinizmi?

 

-Təəccüblənmədim. Avropanın ikili standartları hər zaman olub. Gələcəkdə də olacaq. Xüsusən postsovet ölkələrinə, eləcə də Türkiyəyə qarşı. Çağdaş dünyada ön sırada olan dövlətin maraqlarıdır. Bütün dəyərlər bu marağa tabe etdirilir. Bütünlükdə götürəndə Qərbin və bizim insan hüquq və azadlıqlarına baxışımız kökündən fərqlidir. Avropa son illər Rusiyaya azlıqlar məsələsində çox ciddi basqı göstərməyə çalışır. Amma müsəlman ölkələrinə o qədər də təsir edə bilmirlər. Rusiya tərəfdən qatıldığım bir çox elmi konfransda bunun şahidi olmuşam. Açıq-aşkar deyirlər ki, sizdə cinsi azlıqların nikaha girməsinə icazə verilmədiyi üçün demokratiyanı inkişaf etmiş saymaq olmaz. Rusiyalı alimlər nə qədər mental dəyərlərdən, özəlliklə dini dəyərlərdən danışırlarsa, avropalılar geri çəkilmirlər, bildirirlər ki, misal gətirdiyiniz din insan beyninin məhsulu deyil, bizim dediyimiz isə insanın özünün praktika ilə yaratdığıdır, ona görə də daha üstündür. Yəni cəmiyyətlərin mənəvi təməllərini dağıtmaq üçün bu məsələni əsas götürən Qərbdən başqa nə gözləmək olar? Ancaq bu o demək deyil ki, Azərbaycan Gəncədə, Bərdədə, Tərtərdə baş verənləri, eləcə də Qarabağda şəhərlərimizin, qəsəbə və kəndlərimizin yerlə bir edilməsini, tarixi mirasımızın dağıdılmasını hüququn tələbləri üzrə faktlaşdırıb beynəlxalq məhkəmələrdə haqqını tələb etməməlidir. Biz öz haqqımızı mütləq hüquqi müstəvidə tələb etməliyik. Bu həm də bizim demokratiya prinsiplərinə, hüquqa sadiqliyimizin göstəricisi olar. Demokratiyanın təməl prinsipləri insanlıq üçün böyük dəyərdir. Bu gün adi hüquq normasına çevrilən məsələlərə insanlıq yüzillərlə yol gəlib. Kimin bizə necə münasibət bəsləməsindən asılı olmayaraq düşünürəm ki, biz dövlətimizi və cəmiyyətimizi demokratik prinsiplər əsasında qurmalıyıq. Sözsüz ki, bir sıra prinsipial məsələləri öz milli əxlaqımıza, dəyərlərimizə uyğunlaşdırmaq şərti ilə.

 

- 70 illik yubileyiniz ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə mükafatlandırıldınız. Xəbəri necə aldız, yubileyiniz necə keçdi?

 

- Saxarovun xatirələrində var ki, bir gün dostu onlara gələndə görür qapısı açıqdır. Soruşur ki, qapını niyə açıq qoymusan? Saxarov da cavab verir ki, o qədər gedib-gələn var, yoruluram axı, hər dəfə qapını aç, bağla... Elə birdəfəlik açıq qalsa yaxşıdır. Düzünü desəm, mən də qapını açıb-bağlamaqdan yorulmamaq üçün yubileyə bir neçə gün qalmış Bakıdan getdim. Bilirdim ki, pandemiya dönəmi olmasına baxmayaraq çox adam təbrikə gəlmək istəyəcək. Kimi qapıdan qaytaracaqdım? Ona görə ən yaxşı variant kimi, yaxın bir neçə dostla Avropaya getdik. Uzaqda olsam da, özüm də, yaxınlarım da telefonla çoxsaylı təbriklər aldıq. Kiminlə danışa bilməmişəm, hər birinə buradan təşəkkürlərimi çatdırıram. Orden xəbərini də Avropada aldım. Küçədə gəzirdik, mətbuat katibim Xanoğlan Əhmədov zəng elədi ki, Prezident İlham Əliyev belə bir sərəncam verib. Tamamilə gözlənilməz idi.

 

- Niyə gözlənilməz oldu?

 

- Azərbaycanda dövlət işində çalışanların, ya da elm, mədəniyyət sahəsində çalışanların yubileyləri münasibətilə ali dövlət mükafatları ilə təltif olunması ənənəsi var. Azərbaycan reallıqlarını hər kəs bilir... Elə şəxslər var, yubileyi yaxınlaşandan 1 il qabaq orden almaq üçün yollar axtarır, Prezidentlə görüşmək üçün qəbullara düşməyə çalışır, onun yaxın ətrafından özünə simsarlar tapır. Çoxdu belələri... Tanıyanlar bilir ki, mənim belə məsələlərlə işim olmaz. Dediyim odur ki, “Şöhrət” ordeni məsələsi sırf Prezident İlham Əliyevin təşəbbüsüdür. Elə buradan mən ona öz təşəkkürümü bildirirəm. Ordenlərin, təltiflərin həvəskarı deyiləm. Ancaq belə böyük mükafatlar belə gözlənilmədən, altında imzası olan şəxsin təşəbbüsü ilə təqdim olunanda, təbii, insan üçün xoş olur.

 

- Artıq mükafat sizə təqdim olunubmu?

 

- Hələ yox.

 

- Bəs Prezident sizi telefonla təbrik etdimi?

 

- Nə ad günündən qabaq, nə də sonra dövlət başçısı ilə danışığımız 

olmayıb. Sonuncu dəfə təxminən 4 ay öncə danışmışdıq. Amma bu məsələnin, təbii, mənim yubileyimə heç bir aidiyyəti yox idi. Əlavə də şərh verməyim...

 

- Bəs yaxın dostunuz Rusiya prezidenti Putin sizi necə təbrik elədi? Əminəm ki, telefonla danışmısınız...

 

- O öz yerində... Axırıncı görüşümüz sentyabrda olub. Mənə dedi ki, dostlar - yəni bizim yaxın 2-3 nəfərlik tələbə dostları qrupumuz - soruşur, professoru yubileyində necə təbrik edəcəksən, Rusiya prezidentisən, bir təntənəli təbrik gözləyirik səndən. Bunu Putin mənə danışır... Mən də dedim ki, bu heç yaxşı fikir deyil. Gülə-gülə soruşdu ki, niyə? Dedim, biz gənclik dostuyuq, deyəcəklər ki, prezident öz səlahiyyətindən istifadə edib dostuna mükafat verir. Bunun sözü, söhbəti... ehtiyac yoxdur... Dedi, dost olmağına, dostuq, amma sən Rusiyada illərdir elmlə məşğul olursan, nə qədər əsərlər yazmısan, dostlar istəyir, mən sənə əməkdar elm xadimi adı verim, nə var ki burada? Dedim, yox, mən tələbə dostumun imzası ilə dövlətin mükafatını qəbul eləmirəm. Putin dedi, hmm, sən, deyəsən, o biri dostlarımızdan müdrik adamsan. Onda gözlə, yeni prezident kim olacaqsa, mükafatı da onun imzası ilə alarsan.

 

- Professor, siz uzun illərdir Rusiya dövlət başçısı ilə dostsunuz. Dəfələrlə müsahibələrinizdə sizdən onunla Qarabağ məsələsini müzakirə edib-etmədiyinizi soruşmuşuq. Tovuz hadisələrindən cəmi bir neçə ay sonra savaş başlayacağını ehtimal edirdinizmi?

 

- Bəli. Savaşdan öncə sizə dəfələrlə müsahibələr vermişəm. Çox olub ki, bildiklərim haqda məcburən susmuşam. Çünki onları söyləməyin zamanı gəlməmişdi. Amma 20 ildir deyirdim ki, Qarabağ məsələsinin ədalətli çözümü Rusiya ilə Türkiyə arasında münasibətdən asılıdır. Deyirdimmi?

 

- Dəfələrlə...

 

- Oldumu? Oldu... 20 ildir deyirdimmi ki, Vladimir Putin hakimiyyətdə olduğu dönəmdə Rusiya aktiv hərbi əməliyyatlara qoşulmayacaq, neytral qalacaq? Deyirdim... oldu. Deyirdimmi ki, nə qədər Putin iqtidardadır, bu problemi həll eləməliyik, sonraya qalsa, çox çətin olacaq? Deyirdim... Çünki Rusiya siyasi elitasını çox yaxşı tanıyıram. Eyni zamanda Putinin fikrini də çox yaxşı bilirəm. 20 il dediklərimi indi də təsdiq edirəm - nə qədər Putin hakimiyyətdədir, indi bizim Qarabağda olan ən böyük problemimiz olan sülhməramlılar məsələsini həll eləməliyik. Rusiyada hakimiyyət dəyişsə, bu, çox çətin olacaq. Nələrisə bilirəm ki, belə deyirəm. Narahatlıq doğuran bir məqam da var. Bu gün Azərbaycanda Rusiyaya qarşı güclü təbliğat gedir. O sıradan Putinə qarşı... Bu, aydın məsələdir. Bu, siyasətdir. Demokratiyada tənqidlərə yer olmalıdır. Burada heç bir problem yoxdur. Rusiyanın məmurlarını da tənqid etmək olar. Elə yeri gələndə edilməlidirlər də... Putini də tənqid etmək olar. Bu da öz yerində... Amma bir məsələdə çox ehtiyatlı olmalıyıq - bütöv rus xalqını təhqir etmək olmaz. Bu, çox səhv addımdır. Bəzən bu, siyasətçilərin də dilindən səslənir. Unutmaq olmaz ki, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Bilirsiniz, məmurları tənqid etməklə xalqı təhqir etmək arasında çox böyük fərq var. Bu, çox təhlükəli tendensiyadır. Gəlin fikirləşək görək, bu bizə nə verə bilər? Bu gün üçün ən böyük problemimiz  Dağlıq Qarabağın sülhməramlıların nəzarətində olan əraziləridir. 

 

- Açar yenə kimin əlindədir?

 

-  Rusiyanın... İndi onları söyməkmi yaxşıdır, yoxsa diplomatiya ilə prosesi öz xeyrimizə çevirməkmi? Nə edək? Azərbaycanın taleyi belədir. Ölkəmizi götürüb başqa yerə köçürəsi deyilik ki?... Rus xalqını söyməklə nəyəsə nail olacağımızı düşünənlər, bir anlatsınlar görək, bununla biz nəyə nail ola bilərik? Bu qonşudur. Biz bu qonşu ilə münasibət saxlayıb, yavaş-yavaş güclənib onu da öz maraqlarımıza uyğun qonşuluq münasibətinə çəkməliyik. 44 gün savaşdıq, böyük qələbə qazandıq. Bu çox gözəl. Gerçəkdən çox böyük qələbədir. Mən çox fəxr edirəm. Xüsusən Şuşa alınanda çox fərəhləndim. Çox olmuşam Şuşada. Orta məktəbi Bərdədə oxumuşam deyə, Şuşaya tez-tez gedirdik. Əsas da yay aylarında. İdmanla məşğul idim, yayda Cıdır düzündə yarışlara gedirdim. Şuşanı çox yaxşı tanıyıram, çox xatirələrim var o şəhərdə. 44 günü hamımız ordumuzdan gələn xəbərlərlə yaşayırdıq, təbii. Ordumuz hara çatdı, neçə kənd alındı, hansı şəhər azad olundu... Gecə-gündüz gözümüz, qulağımız bu xəbərlərdə idi. Hər birinə sevindik sözsüz ki... Amma Şuşa xəbəri bir başqa xəbər idi. Mən çox çətin ağlayan adamam. Çox nadir hallarda gözümdən yaş gələr. Amma Şuşanın azad olunması xəbəri gələndə ağladım. Sevincdən, fərəhdən, qürurdan...

 

- Sözsüz ki, siz çox informasiyalı şəxssiniz. Belə çıxır, Azərbaycan Ordusunun Şuşaya gedib çıxacağını heç siz də bilməmisiz... Dediklərinizi belə qəbul edə bilərikmi?

 

“Yeni Müsavat”