adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2021 15:30
30940
ANALİZ
A- A+

Naxçıvanda 165 min 228 uşaq yaşayır

Muxtar respublikada 165 min 228 uşaq yaşayır, bu da əhalinin 36%-ni təşkil edib. Muxtar respublikada yaşayan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsinə xüsusi önəm verilir.

Adalet.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankında 2020-ci ildə görülən işlər” mövzusunda keçirilən tədbirdə Komitə sədri Ramilə Seyidova deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib ki, bu da uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması məqsədilə imzalanmış mühüm sənəddir. Uşaq hüquqlarının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq muxtar respublikada elektron məlumat bankı yaradılıb.

2016-cı ildən elektron məlumat bankının proqram təminatı yekunlaşaraq istifadəyə verilib. 2019-cu ildə isə elektron məlumat bankının proqram təminatı yenidən təkmilləşdirilərək 18 təşkilatın istifadəsinə verilib. Ötən müddət ərzində qanunvericilikdə təkmilləşdirmələr aparılıb, müvafiq Qaydalara əlavə və dəyişikliklər edilib. Elektron məlumat bankının administratoru kimi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar haqqında daxil edilən fərdi məlumatlara mütəmadi olaraq nəzarət olunur və onlar üzərində təhlillər aparılır. İstifadəçilər tərəfindən elektron məlumat bankına daxil edilmiş uşaqların məlumatları adlı siyahı əsasında növbəti ayın ilk on günü ərzində Komitəyə təqdim edilir.

2020-ci il ərzində istifadəçilər tərəfindən Komitəyə göndərilən adlı siyahıların təhlili zamanı 40127 uşaq haqqında fərdi məlumatlar daxil edildiyi məlum olub. Eyni zamanda ötən il ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tərəfindən sözügedən banka 8403 uşağın anketinə müvafiq məlumatlar daxil edilib. Ümumilikdə, 2020-ci il 30 dekabr tarixə olan statistik göstəriciyə əsasən banka 32766 uşaq işlənib. Bunlardan da 30 min 7-si aktiv anketdir. Müvafiq dövlət orqanları tərəfindən ümumilikdə 40 min 127 anketdə uşaqlar haqqında müvafiq fərdi məlumatlar banka daxil edilib.

Ramilə Seyidova məlumat bankına daxilolmalarla bağlı yol verilən nöqsanları da diqqətə çatdırıb, bununla bağlı görülən işlərdən danışıb.Sonda komitənin əməkdaşı Müşərrəf Bağırovanın məruzə ətrafında çıxışı dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 

Digər Xəbərlər