adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Yanvar 2021 10:22
70800
ƏDƏBİYYAT
A- A+

“Prezidentin bu mükafatı mənə yox, Atamın 30 illik zəhmətinə verilən mükafatdır...”

Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

Bir neçə ay öncə Prezident cənab İlham Əliyevin sərəncamı ilə ən gənc tədqiqatçı alim kimi fəxri mükafata – prezident təqaüdünə layiq görüldüyümü oxuyanda sevinc göz yaşlarımı saxlaya bilmədim. Orta məktəb illərimdən bugünəcən bütün yaşadıqlarım, qazandıqlarım qeyri – ixtiyari gözümün önündə kino lenti kimi canlandı. Mən atamdan ayrılıb ali təhsil almaq üçün doğma evimi tərk edib uçağa minəndə qarşımda böyük bir yolu bundan sonra atamsız, təkbaşına yürüyəcəyim üçün həyəcandan ağlamışdım. 15 yaşım vardı... Körpə uşaq ürkəkliyi ilə “Atam yanımda olmadan öhdəsindən gələ biləcəyəmmi?” kimi qəribə bir məchulluq, nigarançılıq içimi bürümüşdü. Və o gündən indiyəcən atdığım bütün addımları xatırlayanda hər şeydən çox atamı sevindirmək üçün çalışdığımı anlayıram.

4 yaşım vardı... Bu dünyada hər yerə, hətta ölümə belə tələsən Anam mənə yazıb oxumağı öyrətməyə də tələsmişdi. Birinci sinfə gedirdim. Çantamı güclə götürürdüm. O illərə aid heç nəyi xatırlamasam da bizi, bu həyatı zamansız tərk edən gözəl Anamın Atama dediklərini – səsini bu an kimi xatırlayıram: Zərrab, bilirsən, məni yaşadan nədi?! Xəyalə çantasını assın kürəyinə, getsin məktəbə, biz də onun arxasınca baxaq, sevinək...

Anamın sevinməyə ömrü çatmamışdı... Heç birinci sinifə getməyimə, əlimə qələm almağıma da gözüdolusu sevinə bilməmişdi...

Amma mən özümü qanandan onun arzusunu gerçəkləşdirmək üçün yaşadım, gözümdə eynəyim, əlimdə qələmim bir an belə yorulmadan, gileylənmədən, bütün əngəllərə, çətinliklərə rəğmən usanmadan çalışdım ki, Atam arxamca baxsın və sevinsin... Çünki valideyni yaşadan səbəb balaların arxasınca baxıb onların necə yürüməyini və ucalmağını seyr etməkdi...

 

Universiteti, bakalavrı, magistraturanı, doktoranturanı bitirdim, yüksək elmi səviyyədə fəlsəfə doktorluğumu müdafiə etdim, üç nüfuzlu universitetdə çalışdım, müxtəlif qəzetlərdə, jurnallarda məqalələr, çap olunan kitablar, konfranslar, simpoziumlar, məruzələr... və bütün bunları bir yerə cəm edəndə yenə də Atamı sevindirmək üçün nələrinsə yetərli olmadığını düşünürdüm.

Bu mənada, Prezidentin sərəncamını eşidəndə bunun mənə yox, Atamın 30 illik zəhmətinə verilən bir mükafat kimi dəyərləndirib sevindim. Axı mən Atamın 30 illik zəhmətiyəm...

Tanrı bir valideyni övladından daha dəyərli nə ilə mükafatlandıra bilər ki?!

Bu günüm üçün Atama sonsuz minnətdaram. Məni bu cür iradəli böyütdüyü üçün Atama son nəfəsiməcən nə qədər təşəkkür etsəm də azdır. Kiməsə bəsit, adi görünə bilər: hamının atası əziyyət çəkir, burda qeyri-adi, fövqəladə nə var ki?! Əlbəttə, onu düşünən haqlıdır. Amma bir də bu var ki, hamının atası Atam kimi həm də Ana əvəzi yükü təkbaşına çəkmir... Mənə körpəliyimdən həm də Ana olduğu üçün Atama minnətdaram.

Saçının hər telini bizim yolumuzda ağardan fədakar Adam, cəfakeş Adam…

Mənə həyatda düzgün yaşamaqdan daha uca heç nə olmadığını öyrədən Halal Adam, Təmiz Adam…

Gəncliyində müdrikləşən, ömrünün hər dönəmində, həyatın – taleyin hər çətin sınağında içindəki ədalət tərəzisini əyilməyə qoymayan Adil Adam… Dürüst Adam…

Özü ən ləyaqətli örnək olmaqla mənəviyyatımı, daxili dünyamı, düşüncələrimi formalaşdıran, Ruhumun, mənəvi dünyamın Memarı – Uca Adam…

Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan, hamıya yanan Qayğıkeş Adam…

Bu gün Onun doğum günüdür. Əslində, valideynin oyandığı hər sabah övladın Tanrıya şükranlığıdır. Və bu an mənim keçirdiyim fəxarət hissi qədər möhtəşəm duyğu yoxdu... Və bu duyğunun adı yoxdu dilimizdə... Bu, izaholunmaz bir duyğudu... Nə yaxşı ki, Varsan, Ata. Nə yaxşı ki, məni məhz bu cür böyütmüsən... Nə yaxşı ki, bəxtinə düşən Tanrı payını – ömrünü məhz bu cür şərəflə, vicdanla, ləyaqətlə, alınaçıqlığı ilə yaşamısan. Bu gün insanların bir il, beş

il bir idarədə, təşkilatda sözsüz, söhbətsiz işləməyə təhəmmül edə bilmədiyi bir zamanda Sən düz 40 il eyni idarədə zəhmətkeşliyinlə, əmək fəaliyyətinlə hər kəsə örnək olacaq bir yol keçmisən. Bu həyatda təkcə təmiz adını yox, Əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Sənin şərəfli həyat yolun bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir.

Bu mənada cənab Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülməsi Atamın əməyinin dəyərləndirilməsi baxımından ən təqdirəlayiq addımdır.

Atam həqiqətən işini də övladları kimi sevən, üzərinə düşən bütün vəzifələri vicdanla haqqa gətirən, hesabında, kitabında, yazısında, pozusunda, münasibətlərində, verdiyi sözündə, tutduğu əməlində son dərəcə dəqiq, dürüst, diqqətcil, məsuliyyətlə və fədakarlıqla çalışan adamdı...

Uşaqlıq illərimə aid bir hadisəni indiki kimi xatırlayıram: taxıl biçini vaxtı Atam hər gün işdən sonra taxıl biçinində iştirak edən kombaynçılara baş çəkər, onların hər biri ilə görüşər, problemləri, çətinlikləri ilə maraqlanar, işin nə səviyyədə icra olunduğunu gedib gözüylə görməsə, ürəyi rahat olmazdı. Hərdən zəmidən bir-iki buğda üstünə sıçrayar, şalvarının balaq hissəsində həmin buğda dənəcikləri evimizə "qonaq” gələrdi. Mən həmin buğdaları atama göstərəndə "Bax, birdən bilmərsən, atarsan ha, olmaz,-deyirdi. Buğda bərəkətdir. Buğda nemətdir. Apar dibçəklərimizdə güllərin yanına torpağa basdır onu, qoy böyüsün”. Bu minvalla dibçəklərimizdə çiçəklərimizlə bərabər sünbüllərimiz də böyüyürdü... Atam "torpağa düşməsin havayı bir dən” amalı ilə bir buğda dəninin belə israf olmasına qıymayan, iş otağını evimiz qədər sevən, işinə övladı kimi bağlanan adamdı. Bakıdan dostlarımı, tələbə yoldaşlarımı Naxçıvana evimizə qonaq aparanda onlar həmişə maraqlı bir mənzərə ilə qarşılaşardılar. Atam bizi təkcə

Naxçıvanın dilbər guşələrini gəzdirməklə kifayətlənməz, mütləq gözoxşayan zəmilərə də aparardı. O, kombaynçılarla görüşdüyü müddətdə biz böyük maraqla taxıl biçininə baxar, taxılın necə biçilməsini, yeni texnikalarla buğdanın təmizlənməsini müşahidə edərdik. Daha sonra isə Atam yediyimiz çörəyin bax

beləcə min bir zəhmətlə hasilə gəldiyindən danışardı. Bu gün üstündən uzun müddət keçməsinə baxmayaraq rəfiqələrim Naxçıvan səfərlərimizi xatırlayanda istirahət yerlərindən daha çox zəmiləri xatırlayır, göz işlədikcə uzanan zəmilərdəki maraqlı fotolarımıza baxdıqca belə deyirlər: "Əslində bizi oralara aparan səbəb sevimli Zərrab əmimizin işinə hədsiz vurğunluğu idi. Sarı kəhrəba dənələrini Zərrab əmi incidən, mirvaridən daha qiymətli bilirdi. Bilirsən, Xəyalə, biz Zərrab müəllimdən peşəsinə sevgiylə bağlılığı, həm də qədirbilməyi öyrəndik... – çörək qədri bilməyi...” Dostlarla bu hissləri paylaşmaq möhtəşəm olduğu qədər də qürurverici duyğulardı.

Atamın anası – mənim mənəvi Anam - rəhmətlik Şayəstə nənəmin dilinin əzbəri bir deyim vardı:

Bu qala bizim qala,

Həmişə bizim qala...

Tikmədim özüm qalam

Tikdim ki, izim qala...

- nənəmin öz səsiylə bu misraları xatırlayanda elə bilirəm ki, sanki Sənin şəninə söyləyirdi bunu, Ata! Doğma Naxçıvanımızın, demək olar ki, bütün guşələrində zəhmətin, əllərinin izi var. Yaxşılıqlara körpü salan, xeyirxah əməllər üçün yorulmadan çalışan əllərin var olsun. Səni bağrıma basıram, əllərindən öpürəm.

Bu yazım bu gün ömür nərdivanının 65-ci pilləsində qərar tutan Atamın – Zərrab Nizaməddin oğlu Əfəndiyevin yaşadığı şərəfli ömür yolunu işıqlandıran kiçicik bir səhifə idi.

Doğum günün qutlu olsun, Ata!

Bəzən etalon kimi... kiməsə dünyalar qədər çox istədiklərini deyirlər adamlar... mən elə demirəm, Ata!

Sənə olan sevgimi ölçmək üçün Dünya ovuclarıma sığacaq qədər küçücük...

Sən mənim İşıq dolu, nur dolu, hikmət dolu dünyamsan...

Sən böyük bir dünyasan... Nə xoşbəxtəm ki, O dünyada payım var, yerim var... Nə xoşbəxtəm ki, Sən varsan... Həmişə var ol!...

Sənin varlığına tutunaq, yaşaya bilək! O pak ruhun maddiyyat əsiri - Yer adamlarından uzaq, göylərdə olsun həmişə!

Böyük sevgimin bir zərrəsini də etiraf edə bilmədim... Musa Yaqub demiş:

Mənim ürəyimdə bir nəğmə yatır...

Mən heç o nəğməni yazmayacağam...

Əslində, Onu yazmağa mənim heç vaxt cəsarətim, sözlərimin gücü çatmayacaq...